30 aprel 2017 - 16:21
Tәcridxanada ölәn siyasi mәhbus gizlincə dəfn edilib FOTO

Dəfn məxfi şəraitdə təşkil edilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu barədə məlumat ala bilib və bir neçə ictimai fəalla birlikdə axtarışlardan sonra M.Qələndərovun qəbrini tapıb.

Əhlibeyt (ə) Xəbər Agentliyi - Aprelin 28-də Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasında müəmmalı şəkildə dünyasını dəyişən (intihar etdiyi deyilir) siyasi məhbus Mehman Qələndərov artıq dəfn edilib. Onu aprelin 30-u səhər saatlarında Zabrat qəsəbəsinə aid qəbristanlıqda, ata-anasının məzarı yanında torpağa tapşırıblar (qəbristanlıq Kürdəxanı təcridxanasının yaxınlığında yerləşir). Dəfn məxfi şəraitdə təşkil edilib. Hüquq müdafiəçisi Oqtay Gülalıyev bu barədə məlumat ala bilib və bir neçə ictimai fəalla birlikdə axtarışlardan sonra M.Qələndərovun qəbrini tapıb.

M.Qələndərovun öz ailəsi yoxdur. Qohumlarına isə ölüm faktının üzərində təftişçilik etməmək üçün təzyiq göstərildiyi deyilir.

Bu arada Baş Prokurorluq M.Qələndərovun ölümü ilə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilməklə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hüquq müdafiəçisi Oqtay Gülalıyev Mehman Qələndərovla bağlı yeni məlumat paylaşıb:

“Onun intiharı barədə məlumatı ictimailəşdirdikdən sonra mənə çoxsaylı müraciətlər və zənglər, eyni zamanda təzyiqlər edilir. Önəmlisi odur ki, aldığım məlumatlara görə Penitensiar Xidmətin Mehmanın hazırda öz kamerasında sağ- salamat olması ilə bağlı yaydığı biabırçı yalan məlumatdan sonra onun nəşinin yaxınlarına verilməsindən imtina olunub (!?). Hökümət Mehman Qələndərovu gizlicə dəfn etmək istəyir (!?). Mehmanın atası, anası və öz ailəsi yoxdur. Qohumlarına ciddi təzyiqlər var və onlar nəzarət altındadır. Hətta əldə etdiyim məlumata görə ona yas vermək də qadağan olunub. Bütün bunlar isə Mehmanla bağlı bu gün sosial şəbəkələrdə onun müəmmalı intihar xəbərinin yayılması və Penitensiar Xidmətin biabırçı təkzibidir. Hökümət təkzibinin girovuna çevrilib. İstəyir ki, Mehman haqqında heç kim heç nə yazmasın və soruşmasın. Bu olayı gizlicə yola versin. Əslində baş verənlər- ölümün təkzibi, nəşin verilməməsi, gizlincə dəfn istəyi, qohumlara və bizlərə təzyiq Mehmanın intihar olayının arxasında daha ciddi məqamların dayandığını deməyə əsas verir”.

Diqqət! Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır!

Tags