15 dekabr 2016 - 04:45
Netanyahunun Bakı səfərinin ardınca AİP-in "Vəhdət Həftəsi" tədbirinə icazə verilmədi

Akif Heydərli: Azərbaycana sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gəlişi ilə mütləq İslama və müsəlmanlara qarşı fitnə-fasadın törədiləcəyi gözlənilən idi...

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Əziz İslam Peyğəmbəri Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alih) mövlud günü ilə əlaqədar olaraq İran İslam İnqilabının lideri İmam Xomeyninin (r.ə) təyin etdiyi “Vəhdət Həftə”si artıq başlayıb. Bu mübarək həftədə dünya müsəlmanları vəhdət və həmrəylik nümayiş etdirmək üçün silsiləvari bayram və mövlud tədbirləri keçirirlər.

Azərbaycan İslam Partiyasının (AİP) “Vəhdət Həftə”si çərçivəsində planlaşdırdığı tədbirlər isə süni maneələr səbəbindən ləğv edilib.

Bu barədə AİP funksioneri Akif Heydərli məlumat verib.

Akif Heydərli bildirib ki, bu ayın 14-ü və 15-ü Bakı şəhərində yerləşən “Divan” otelinin konfrans zalında və “Gənclik” şadlıq sarayında böyük bayram tədbirlərinin keçirilməsi planlaşdırılmışdı. Lakin ilk tədbirin başlanmasına bir neçə saat qalmış OTEL rəhbərliyi zəng edərək texniki problemlərin yarandığını, bu səbəbdən də konfransın keçirilməsinin mümkün olmayacağını bildirib. Eyni ssenari “Gənclik” şadlıq sarayının rəhbərliyi tərəfindən də təkrarlanıb. Bu dəfə isə tədbirin ləğv edilməsinə bəhanə kimi şadlıq evinin kommunal borclarının olması və işığın kəsilməsi göstərilib.

Akif Heydərlinin sözlərinə görə, AİP əməkdaşları tədbirin keçiriləcəyi məkanlara baş çəkərək, gətirilən bəhanələrin doğru olmadığını öyrəniblər:

“Düşünürük ki, bu tədbirlərin keçirilməsinə mane olan qüvvələr var. Azərbaycana sionist İsrail rejiminin baş naziri Benyamin Netanyahunun gəlişi ilə mütləq İslama və müsəlmanlara qarşı fitnə-fasadın törədiləcəyi gözlənilən idi. Həttə Netanyahunun səfərinin məqsədinin son günlərədək İsrail kəşfiyyat orqanları tərəfindən gizli saxlanması, bu gəlişin məramında şübhələrin olduğunu göstərirdi. AİP, Azərbaycan xalqının iradəsini ifadə edərək, bu səfərə etirazını piket keçirməklə bildirdi. Lakin işğalçı rejimin baş nazirinin səfəri hər hansısa formada öz neqativ təsirini göstərməli idi. Bu gözlənti baş verdi və AİP-in tədbirləri süni maneələrlə qadağan edildi. Lakin Allah öz dinini qoruyur və İslamın yer üzündə yayılması davam edir”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags