23 noyabr 2012 - 20:30

Taleh Bağırov: “Ölkə qanunvericiliyinə görə, dini bayramlar Qurban və Ramazan qeyri-iş günü kimi qeyd olunur. Dini matəm – Aşura da təqvimə qeyri-iş günü kimi salınmalıdır”

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İlahiyyatçı Taleh Bağırov Aşuranın Azərbaycanda qeyri-iş günü kimi qeyd olunmasını təklif edir: “Ölkə qanunvericiliyinə görə, dini bayramlar Qurban və Ramazan qeyri-iş günü kimi qeyd olunur. Dini matəm – Aşura da təqvimə qeyri-iş günü kimi salınmalıdır”.

Taleh Bağırov verdiyi açıqlamasında Aşura günü inanclıların, dindarların rahat şəkildə əzadarlıq etməsi üçün belə bir təklif qaldırdığını deyir: “Bu, Azərbaycanda əksər dindarların, inanclıların istəyidir. Aşura ümumilikdə zülmə etirazdır. Burada söhbət təkcə göz yaşından getmir. İmam Hüseyn insanların azad yaşaması, öz dinlərini qoruması üçün canını qurban verib. Ola bilər bu təklif ölkədə birmənalı qarşılanmasın. İmam Hüseyn Aşurası hicab qadağası tətbiq edənlərin, inanclı şəxsləri müxtəlif bəhanələrlə zindana atanların canına, əlbəttə, qorxu salacaq. İnsanlar açıq şəkildə etiraz səsini qaldırmasa belə, Aşuranın özü zalım hökuməti narahat edəcək. Çünki Məhərrəm ayında dini qorumağa, azadlığa, vicdanla yaşamağa çağırış şüarları səslənir”.

İlahiyyatçı vaxtilə sabiq baş nazir, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin belə bir təkliflə çıxış etdiyini xatırladıb: “Aşura həm də bütün azərbaycanlıların hüzn günüdür. Hökumət idarəçiliyi xalqın milli-mənəvi dəyərlərinə uyğun həyata keçirilirsə, Aşura qeyri-iş günü elan olunmalıdır. İnsanlar rahatlıqla məscidə gəlməli, peyğəmbərə məhəbbətini bildirməlidir”.

Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Media forum” saytına açıqlamasında deyib ki, bu təklifin reallaşması mümkün deyil: “Azərbaycan qanunvericiliyi buna imkan vermir. Biz dünyəvi dövlətdə yaşayırıq. Aşura dini mərasimdir, ona görə də bunu qeyri-iş günü kimi təqvimə salmaq olmaz”.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır