Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Məsud Pezeşkian ötən gün, çərşənbə günü, 23 sentyabr 2026-cı ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək bildirib: Dünən ABŞ prezidenti İranın terrorçu olduğunu elan etdi. Halbuki biz terrorun qurbanıyıq. Mən liderimizi heç bir qanuni əsas və dəlil olmadan terror etdikləri İrandan gəlirəm. Mən bir məktəbi bombaladıqları İrandan gəlirəm. Minabdakı uşaqlara baxın. Bombalanaraq öldürülən uşaqlara baxın. İsrail və ABŞ öz silahları ilə uşaqlarımızı şəhid etdilər. Uşaqlarımızın heç bir günahı yox idi.
O əlavə edib: Lamird İranın kiçik şəhərlərindən biridir. Uşaqlarımız idman zalında idmanla məşğul olurdular. ABŞ bu idman zalını bir neçə min hissəyə parçalanan kaset bombaları ilə bombaladı. Onlar alimlərimizi, xalqımızı, qadınlarımızı və uşaqlarımızı şəhid etdilər. Terrorçular və terrorizm yetişdirənlər bizə terrorçu damğası vururlar. Biz sadəcə özümüzü müdafiə etdik, terrorçu deyilik.
Pezeşkianın çıxışının davamı:
Biz müdafiə sistemimizi ona görə qurmuşuq ki, heç kim İran şəhərlərinin bombalanmasının cavabsız qalacağını düşünməsin. İranın hərbi gücü müdafiə məqsədi daşıyır. Lakin açıq şəkildə bildiririk ki, ölkəmizi müdafiə etmək üçün heç kimdən icazə almayacağıq.
Biz enerjini inkişaf üçün istəyirik. İllərdir İranın dinc nüvə proqramı haqqında sentrifuq, zənginləşdirmə, sanksiyalar və bomba dili ilə danışırlar. Halbuki nüvə texnologiyası xalqımız üçün inkişaf hüququnun bir hissəsidir.
Nüvə enerjisi xəstələrimiz üçün müalicə, kənd təsərrüfatı üçün ərzaq təhlükəsizliyi, sənaye üçün texnologiya, gələcəyimiz üçün isə dayanıqlı elektrik enerjisidir. İran nüvə biliklərinin bir neçə ölkənin inhisarında olmasını qəbul etmir. İran nüvə silahını təhlükəsizlik amili hesab etmir, lakin elm, sənaye və dinc enerji sahəsində öz hüququndan da imtina etməyəcək.
Açıq şəkildə bildiririk: nə nüvə silahı, nə də nüvə biliklərindən məhrum edilmək. İranın nüvə məsələsi döyüş meydanında həll olunmayacaq. Həll yolu İranın proqramının dinc xarakter daşıdığına dünya üçün etibarlı təminat verən və eyni zamanda İran xalqına öz hüquqlarının qorunacağına zəmanət verən razılaşmadır.
Üçüncü prinsipimiz təhlükəsizlik naminə əməkdaşlıqdır. Biz müharibənin sərhəd tanımadığı və bir ölkədəki böhranın qonşulara yayıldığı bir regionda yaşayırıq. Buna görə də İran qonşularını öz təhlükəsizliyinə rəqib kimi görmür və biz qonşularımızın güclü olmasını istəyirik. Hörmüz boğazının su yolunda hamının ondan istifadə etməsi, eyni zamanda bu su yolunun tarixi keşikçisinin ədalətsiz sanksiyalar bəhanəsi ilə hətta öz sularında istifadə və gəmiçilik azadlığından məhrum edilməsi mümkün deyil.
Bizim yolumuzu bağlayırlar. Halbuki ölkələri məhv etmək üçün silahlar, partlayıcı maddələr, raketlər və enerji daşıyıcıları məhz həmin su yolundan daşınır. Bu, qəbuledilməzdir və belə bir hadisənin təkrarlanmasına imkan verməyəcəyik.
Pezeşkian çıxışının davamında deyib:
Cavabımız gücdür. Çünki özünü müdafiə edə bilməyən xalq bu dünyada əziləcək.
Bu dünyada güclülər xalqı, insanlığı, ədaləti və demokratiyanı düşünmək əvəzinə dağıntı və məhvetmənin səbəbkarına çevrilir, istədikləri hər bir şəxsi terrorçu adı ilə gözdən salırlar.
İran son 200 ildə heç bir ölkəyə hücum etməyib və hər zaman özünü müdafiə edib. Lakin bu gün regionda təhlükəsizliyin pozulmasına səbəb olmaqda ittiham olunur.
Düşmənlərin İrana qarşı bu yanaşması bizi təcavüz üçün deyil, müdafiə üçün daha da güclənməyə vadar edib.
Biz nüvə enerjisini bomba hazırlamaq, insan cəmiyyətlərini məhv etmək və təhdid etmək üçün deyil, inkişaf üçün istəyirik.
İran xalqı son yeddi ay ərzində ölkəni müdafiə etmək üçün hər gecə xiyabanlarda olub ki, ABŞ və İsrailin müxalif qüvvələri silahlandıraraq onlara silah verməsi ölkədə təhlükəsizliyin pozulmasına səbəb olmasın. Biz məhz xalqımızın bu gücü ilə müqavimət göstərmişik.
Prezident BMT Baş Assambleyasının iclasında:
Bu sessiyanın mövzusu etimadın bərpasıdır. Etimad sözlərlə yaranmır, bunun üçün ikili standartlardan çəkinmək lazımdır. Bu regiondakı atom bombası və digər kütləvi qırğın silahları İsrail rejiminin əlindədir, lakin İrandan yoxlamalara razılıq verməsi tələb olunur.
İsrail rejimi Qəzzada on minlərlə insanı şəhid edib və İranı danışıqlar masası arxasında bombalayıb. İsrail nüvə silahına malikdir, NPT-yə üzv deyil və bütün bu rüsvayçı tarixi boyunca öz ərazisinə bircə müfəttiş belə buraxmayıb. Lakin milyardlarla dollar dəyərində pulsuz silahlarla mükafatlandırılır və istədiyi paytaxtı bombalamaq üçün toxunulmazlığa malikdir.
Təkrar edirəm: bomba İsraildədir, amma MAGATE- (BMT-nin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) müfəttişlər İrandadır. İsrail öldürür, İran isə sanksiyalara məruz qalır. Bu, faciədir; o öldürür, biz isə sanksiyalara məruz qalırıq. Sanksiyalar yoxsulları, xəstələri və günahsız insanları hədəfə alır. ABŞ-nin ölkələrə, xüsusilə də İrana qarşı etmək istədiyi də məhz budur: insanları öz bədxah və çirkin məqsədlərinin qurbanına çevirmək.
Fələstin hələ də dünya ictimaiyyətinin vicdanını yaralayan bir yaradır, Qəzza isə mülki əhalinin əzabının qarşısını almaqda beynəlxalq mexanizmlərin uğursuzluğunun simvolu olaraq qalır.
Onilliklərdir qətnamələr qəbul edilir, lakin işğal və zorakılıq davam edir.
Fələstinə qarşı laqeyd qalsaq, Sülhdən danışa bilmərik.
Qərbi Asiyada Fələstin üçün ədalət təmin edilmədən davamlı sülh mümkün olmayacaq.
Dünyada işğal, təcavüz və ədalətsizlik olduğu müddətdə müqavimət davam edəcək.
Qəzza fasiləsiz qətllərə və genişmiqyaslı dağıntılara baxmayaraq, insanların inamını ortaya qoydu ki, müqaviməti bombalar və mühasirə yolu ilə təslim olmağa məcbur etmək mümkün deyil.
ABŞ prezidentinin dünənki çıxışı dünya ictimaiyyəti, ziyalılar, siyasətçilər və hüquqşünaslar tərəfindən zorakılıq, güc tətbiqi məntiqinin açıq göstəricisi və BMT Nizamnaməsinə açıq-aşkar zidd mövqe kimi qiymətləndirilir. O bilməlidir ki, təhdidlər xalqımızı daha da həmrəy və güclü edəcək, iranlıların müqavimətini daha da artıracaq. Onlar bilməlidirlər ki, İran xalqı güc qarşısında baş əyməyəcək və təcavüzkarları peşman edəcək.
Biz dialoqa hazırıq, lakin bilməlidirlər ki, güc dilini qəbul etməyəcəyik.
Sizin rəyiniz