27 iyun 2012 - 19:30

Mehdi Məmmədov: Bu gün biz İrana yox, Qurana söykənirik. Quran bizim həyat kitabımızdır. Biz yaşayışımızı Quranla təmin edirik. Bu gün xalqa zülm etməklə gücünüzə güvənməyin.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən bu gün 28 iyun tarixində “Milli-Mənəvi Dəyərlər” İctimai Birliyinin sədri Mehdi Məmmədovun qondarma məhkəməsi keçirilib.

Qondarma hakim iclası saat 12:00-a elan etsə də, məhkəmə saat 11:00-da gizli şəkildə keçirilib.

Qondarma məhkəmənin keçirilmə saatından heç vəkilin də məlumatı olmayıb. Qondarma məhkəmə iclasında heç kim iştirak edə bilməyib. Uydurma iclas bitdikdən sonra qondarma məhkəmə işçilərindən biri ora toplaşan dindarlara deyib ki, məhkəmə bitib və hakim Mehdi Məmmədova 2 il azadlıqdan məhrumetmə cəzası verib. Mehdi Məmmədov cəzasını ümumi cəzaçəkmə müəssisəsində çəkəcək.

Hacı Mehdi Məmmədov qondarma məhkəmə iclasında son söz olaraq çıxış edib.

Mehdi Məmmədovun çıxışında deyib: “Allahın salamı olsun Peyğəmbər və onun pak Əhli-beytinə. İlk öncə sözümü Qurani Kərimin ayəsi ilə başlamaq istəyirəm. Allah, Qurani-Kərimin Ənfal surəsinin 36-cı ayəsində buyurur ki, “Həqiqətən kafirlər öz mallarını insanları Allah yolundan saxlamaq üçün xərcləyərlər. Tezliklə hamısını xərcləyəcəklər, amma bu onlar üçün həsrət dağı olacaqdır və daha sonra məğlub olacaqlar”. Çox təəssüf hissi ilə deyirəm ki, Azərbaycan müsəlman məmləkəti ola-ola və əhalisinin 80 % şiə ola-ola ayədə buyurulduğu kimi insanları Allah yolundan saxlamaq istəyən kəslər mövcuddur və belələrinin içində dövlət məmurları başçılıq edir. Mən bu sözümü son 3-4 il ərzində müqəddəs İslam dininə və müsəlmanlara olan təzyiqə əsaslanıb deyirəm və buna misal olaraq İslam dinin müqəddəsatlarından olan azana qadağa, məscidlərin sökülməsi və iki ildir ki, orta məktəblərdə baş örtüsünə qoyulan qadağanı göstərə bilərəm. Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale, Hacı Fəramiz kimi alimlərimizin, sıravi dindarlarımızın həyasızcasına ləkələnərək zindanlara salınması buna dəlil və sübutdur. İslam hökmlərini danan, müqəddəs ayinləri gizlədərək məhv etmək istəyən adamlarla mübarizə aparılmalıdır. Bu Azərbaycandakı müsəlman vətəndaş cəmiyyətinin Allah qarşısında öhdəçiliyi və vəzifəsidir. Üzümü yuxarıda oturanlara tutub deyirəm ki, əgər bu gün bizləri zindanlara atıb susdurmaq və yaxudda Allahın dininin müdafiəsindən saxlamaq istəyirsinizsə, çox yanlış və azğın fikirdəsiniz. Çünki Ənfal surəsinin 22-ci ayəsində Allah təala buyurub ki, “Həqiqətən Allah yanında tərpənən canlıların ən pisi düşünməyən, haqqı eşitdikdə kar və haqqı deməkdə lal olan insanlardır. Polis bölməsində mənə əməliyyatçı deyir ki, “İrana işləyirsən. İrandan 130 min manat pul gətirmisən.”  Bu gün dindarları gözdən salmaq, ləkələmək üçün İran damğası vururlar. Unutmayın ki, 70 il kommunist dövründə bizim dinimizi qoruyub saxlayan kişilərimiz olub. Biz o kişilərin ardıcıllarıyıq. Bu gün biz İrana yox, Qurana söykənirik. Quran bizim həyat kitabımızdır. Biz yaşayışımızı Quranla təmin edirik. Bu gün xalqa zülm etməklə gücünüzə güvənməyin. Peyğəmbərimiz buyurur ki, ən güclü insan xalqa qalib gələn yox, nəfsinə qalib gələndir. Üzümü bir daha yuxarıda oturanlara tutub deyirəm ki, biz nəinki azadlığımızından, hətta canımızdan da keçərik, dinimizi, müqəddəsatımızı öz qanımızla müdafiə edərik. Bu işdə də bizə yardımçı aləmlərin rəbbi olan Allahımızdır. Qurani-Kərimdə buna Allahın vədəsi var. Rum surəsi 47-ci ayədə deyilir: “Möminlərə daim kömək etmək Bizim öhdəmizdə olan bir haqqdır və vacibdir. Qələbə yalnız möminlərindir.”

Qondarma hakim təşkilat sədrinə 2 il azadlıqdan məhrumetmə cəzası verib.

Xatırladaq ki, Yalançı dövlət ittihamçısı Hacı Mehdi Məmmədova 2 il 6 ay həbs cəzası istəmişdi.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır