Əhli Beyt -ABNA- xəbər agentliyinin “bizimyol”a istinadən verdiyi xəbərə görə, Zərdab rayon icra hakimiyyətinin başçısı Lütfəli Babayevin oğlu Baba Babayev Mingəçevir şəhərində yol hərəkəti qaydalarının tələblərini kobud şəkildə pozaraq, ölümlə nəticələnən qəza törədib. Belə ki, Mingəçevir Şəhər 7 saylı orta məktəbin qarşısında müəyyən edilən sürət həddinin tələblərini pozan Baba Babayev piyadanı vurub. Avtomobilin sürət həddi yüksək olduğundan piyada yerindəcə keçinib.
Lütfəli Babayev oğlunun törətdiyi əməli yaxın qohumlarından birinin adına yazdırmaq istəyir. Belə ki, icra başçısının qohumlarından biri avtomobili özünün idarə etdiyini və hadisənin özü tərəfindən törədildiyini istintaqa bildirib.
Əlaqə saxladığımız Mingəçevir Şəhər Polis Şöbəsindən hadisəni təsdiqlədilər. Polis şöbəsindən piyadanı vuran avtomobilin Babayevlər ailəsinə məxsus olduğunu təsdiqləsələr də, avtomobili kimin idarə etdiyini açıqlamadılar.
Araşdırmalarımız zamanı onu da öyrəndik ki, vaxtilə Mingəçevirdə icra başçısı vəzifəsində işləyən Lütfəli Babayev oğlunun cinayət əməlini ört-basdır etmək üçün yerli hüquq-mühafizə orqanlarına da təsir etdirir. Həminin, yol qəzasında həyatını itirən yerli sakinin valideyinlərini də «ələ almağa» çalışsa da, onlar Baba Babayevin cəzalandırılmasında israr edirlər.
Daha bir xəbər aldıq ki, Baba Babayev üçün Mingəçevirdə yol hərəkəti qaydalarını pozmaq, ayrı-ayrı vətəndaşları döymək adi haldır. Oğlunun bu hərəkəti ilə bağlı Lütfəli Babayevə telefon açdıqda isə, icra başçısı bizə yaşına və statusuna uyğun olmayan formada cavab verdi. Qeyd edək ki, icra başçısının dedikləri cümlələr yazılması mümkün olmadığından, onu qələmə almadıq. Mövzuya qayıdacağıq.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır