2 fevral 2012 - 20:30

"Navid" peykinin buraxılışı İİR prezidenti Mahmud Əhmədinejadın fərmanı ilə həyata keçirilib.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Respublikası kosmosa «Navid» («Xoş xəbər») peykini buraxıb.

İranın dövlət kanalı peykin buraxılışının ölkə prezidenti Mahmud Əhmədinejadın fərmanı ilə həyata keçirildiyini bildirib.

Raket–daşıyıcının tipi haqqında məlumat verilməyib.

Orbitdə 250 ilə 370 km arasında yerləşəcək aparat müxtəlif amallar, o cümlədən elmi məqsədlər – hava  haqqında məlumatlar,  təbii fəlakətlərdən xəbərdarlıq, Yerin üst təbəqəsinin fotogörüntülərini çəkmək, həmçinin peyk əlaqələri üçün istifadə ediləcək.

Tehran Texnoloji Universitetinin mütəxəssisləri peykin  50 kq olduğunu bildirib.

İran Kosmik Agentliyinin rəhbəri Həmid Fazeli uçuşun problemsiz həyata keçdiyini deyib.

Xatırladaq ki, ötən ilin iyun ayında İslam Respublikası  kosmosa «Rassad-1» («Müşahidə») peykini orbitə buraxılışı barədə elan etmişdi.

Ümumiyyətlə, İranın kosmik  proqramı 2008-ci ilin fevralından başlayıb. O zaman  «Kavoşgar-1» raketinin sınaq uçuşu həyata keçirilmişdi. Raket-daşıyıcının vəzifəsi İranın   birinci mili süni peyki «Omid»in (Ümid) orbitə çıxarılması və elmi tədqiqatların toplanılması idi.

Həmin ilin noyabr ayında Tehran, elmi aparatlı bloku olan ikinci raketi - «Kavoşgar-2»ni (Təhqiqatçı-2) orbitə buraxdı.

Buraxılışdan 40 dəqiqə sonra avadanlıq uğurla Yerə qayıdır. KİV-də yayılan məlumata görə, onun vasitəsilə atmosfer təzyiqini və müxtəlif hündürlükdə küləyin sürətini ölçmək mümkün olmuşdu.

2009-cu ilin fevralında  ikipilləli  «Safir-2» (Səfir-2) raket-daşıyıcısı İranın birinci mili peyki olan «Omid»i 250 km hündürlükdə Yerətrafı orbitə buraxır.

2010-cu ilin fevralında  Tehran  öz istehsalı olan «Kavoşgar-3» raket-daşıyıcısını içərisində canlı orqanizmlər olan kapsula ilə kosmosa göndərir. Kapsulda olan siçan, tısbağa və soxulcanların elmi tədqiqatlar üçün istiafadə olunacağı bildirilmişdi.

Buraxılış tədbirində İranın prezidenti və ölkənin hərbi rəhbərliyi iştirak etmişdi. Tehran bu lyaihə üzərində 2 ildən çox idi ki, işləyirdi.

 

Əli Hüseynli

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır