23 yanvar 2012 - 20:30

2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşib, hökumət bütün etiraz aksiyalarını dağıdıb.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən “Human Rights Watch” beynəlxalq təşkilatı dünyada insan haqlarının vəziyyəti ilə bağlı hesabat yayıb. Hesabatda deyilir ki, 2011-ci ildə Azərbaycanda insan haqlarının vəziyyəti pisləşib, hakimiyyət bütün sərbəst toplaşmaq azadlığını kobud şəkildə pozub.

Bakıda müxalifətin mitinq keçirməsinə icazə verilmir, hakimiyyəti tənqid edənlərə qarşı siyasi motivli ittihamlar irəli sürülür.

Hesabatda Evlərdən Məcburi Köçürülmə və Qanunsuz Söküntülər haqqında deyilir ki, 2009-cu ildən Bakının «gözəlləşdirilməsi» adı altında yüzlərlə sakin evindən məcburi çıxarılıb. Onlara qarşı bəzən fiziki gücdən də istifadə olunub.

Məcburi köçürülməyə hüquq müdafiəçisi Leyla Yunus da məruz qalıb.

Hesabatın Din Azadlığı bölməsində bildirilir ki, 2010-cu ilin iyununda qanunvericiliyə dəyişiklik edilib. Bu dəyişikliklərə görə, icazəsiz dini fəaliyyətin qarşısını almaq üçün cərimələr qaldırılıb. Dini qruplardan toplantı keçirmək üçün hökumətdən icazə almaq tələb olunur.

2010-cu ilin dekabr ayından orta və ali məktəblərə hicabla getmək qadağan olunub. Hicab qadağasına etiraz edənlərdən 5 nəfəri polisə müqavimət göstərməkdə ittiham olunaraq 2 il yarım azadlıqdan məhrum edilib.

2011-ci ilin yanvarında qeydə alınmamış İslam Partiyasının sədri Mövsüm Səmədov həbs olunub. O, prezident İlham Əliyevi tənqid edəndən sonra həbs edilib. 12 il azadlıqdan məhrum edilib.

Hesabatın Hüquq Müdafiəçiləri bölməsində deyilir ki, yerli hüquq müdafiə təşkilatının rəhbəri Vidadi İsgəndərov həbs olunub. O, parlament seçkilərinə müdaxilədə ittiham olunaraq 3 il azadlıqdan məhrum edilib. Vidadi İsgəndərov apreldə icazəsiz aksiyada iştirak etdiyi üçün iki dəfə qısa müddətli həbs olunub. Vəkil Xalid Bağırov Vəkillilər Kollegiyasının üzvlüyündən çıxarılıb. Vəkil Elçin Namazov isə həm vəkillikdən çıxarılıb, həm də onun haqqında cinayət işi açılıb.

Mart Azərbaycan İnsan Hüquqları Evinin fəaliyyəti dayandırılıb. Həmin ay Ədliyyə Nazirliyi Milli Demokratiya İnstitunun fəaliyyətini dayandırıb.

Hesabatda o da bildirilir ki, Avropa Birliyi, ATƏT və ABŞ-ın Bakıdakı səfirliyi gənc fəalların həbsi, mülki hüquqların pozulması ilə bağlı narahatlıqlarını bildiriblər. Avropa Şurasının insan haqları üzrə komissarı Thomas Hammarberg ifadə, birləşmə və sərbəst toplaşma azadlıqlarını təmin etmədiyi üçün Azərbaycan hökumətini tənqid edib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır