11 yanvar 2012 - 20:30

Tehran Universitetinin professoruna sui-qəsddə “Mossad” dəst-xətti var.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Qərb və sionist qüvvələrinin İran İslam Respublikasına qarşı ədavəti səngimir. Belə ki, daha bir iranlı nüvə alimin sui-qəsdlə amansızcasına terror edərək şəhadətə yetiriblər.

Dünən səhər saatlarında Tehran Universitetinin nüvə professoru, İran İslam Respublikasının ən böyük nüvə obyektini kurasiya edən Mustafa Əhməd Roşanın avtomobili partladılıb. Naməlum şəxs professorun Tehran Universitetinin qarşısındakı avtomobilinə maqnit bombası yerləşdirərək motosikletlə hadisə yerindən uzaqlaşıb.

Baş vermiş partlayış nəticəsində Mustafa Əhməd və onun bir həmkarı həlak olub, bir nəfər isə yaralanıb. İran İslam Respublikasının Dövlət Televiziyası dərhal elan edib ki, partlayışı İşğalçı İsrail rejiminin xüsusi xidmət orqanları təşkil edib. Belə ki, İsrail rejiminin xüsusi xidmət orqanları bundan əvvəl də İran İslam Respublikasının nüvə alimlərini bu cür partlayışlarla aradan götürüb.

Şahidlərin bildirdiyinə görə, professorun avtomobilinə hərəkətdə olarkən motosikletlə yaxınlaşan naməlum şəxs onun idarə etdiyi, İran İslam Respublikasının istehsalı olan “Pejo 405" markalı avtomobilin qapısına maqnitli bomba yapışdırıb və sürətlə uzaqlaşıb. Az sonra güclü partlayış baş verib və nüvə alimi həlak olub. Hadisə yerinə dərhal İran İslam Respublikasının təhlükəsizlik qüvvələri gəlib, ətraf küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Lakin şəhərdə aparılan axtarışlara baxmayaraq motosikletçini tapmaq mümkün olmayıb.

Qeyd edək ki, terror edilən professorun cəmi 32 yaşı olub. Buna baxmayaraq, o, nüvə sahəsində güclü araşdırmalar apararaq gənc yaşda professor adı alıb. Həmçinin İran İslam Respublikasının İsfahan vilayətindəki Natanz nüvə zavodunun işlərini kurasiya edib. Bildirilir ki, alim zavodun həm də kommersiya məsələləri üzrə direktor müavini olub. İran İslam Respublikasının xüsusi xidmət orqanlarındakı mənbələr bildirib ki, partlayışı “Mossad”ın təşkil etdiyinə şübhə yoxdur. Belə ki, bu hadisədəki dəst-xətt 2010-cu ildə İran İslam Respublikasının aparıcı nüvə alimlərindən professor Məsud Əli Məhəmmədinin öldürülməsini xatırladır. Həmin vaxt motosikletdə hərəkət edən sui-qəsdçi maqnitli bombanı nüvə aliminin avtomobilinə yapışdırmışdı və Məhəmmədi evdən çıxıb işə gedərkən avtomobilini işə salanda güclü partlayış baş vermişdi. Həmin ilin noyabrında digər nüvə alimi Məcid Şəhriani də eyni dəst-xətlə öldürülüb. Onun həmkarı, professor Feridun Divanabbasi isə yaralanıb. Sağalandan sonra onu İranın Atom Enerjisi Təşkilatının rəhbəri təyin ediblər.

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır