28 dekabr 2011 - 20:30

İsa Qəmbər: “Hakimiyyət cəmiyyətin fəallığından, ziyalıların bir araya gəlməsindən və ortaya mövqe qoymasından qorxur. Ona görə biabırçı mənzərələr bir-birini əvəz edir..."

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Müsavat Partiyasının başqanı İsa Qəmbər Ziyalılar Forumunun tədbirinin qarşısının alınmasına münasibət bildirib.

“Yeni Müsavat”a açıqlamasında İsa Qəmbər deyib ki, bu tədbirin qarşısının alınması Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində hakimiyyətin xalqa, cəmiyyətə münasibətinin daha bir biabırçı mənzərəsidir: “Hakimiyyət cəmiyyətin fəallığından, ziyalıların bir araya gəlməsindən və ortaya mövqe qoymasından qorxur. Ona görə biabırçı mənzərələr bir-birini əvəz edir. Hesab edirəm ki, artıq Azərbaycanın gələcəyini düşünən hər bir kəs başa düşməlidir ki, bu hakimiyyətlə Azərbaycanın gələcəyi yoxdur”.

“Ziyalılar Forumu tədbirlərini Müsavat qərargahında keçirmək üçün müraciət etsələr onlara şərait yaradıla bilərmi” sualına İsa Qəmbər belə cavab verdi: “Ziyalıların müraciətinə ehtiyac yoxdur. Onlar özləri bilirlər ki, Müsavat qərargahı xalqın qərargahıdır, ziyalılarımızın öz evidir, istədikləri vaxt gəlib tədbirlərini keçirə bilərlər. Bu qərargah onların üzünə açıqdır”.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır