Bəşər tarixində analoqu olmayan, təkrarsız hadisələr çoxdur. Şübhəsiz ki, bütün bunlarda Allah-Təalanın izni vardır. Bəşəriyyətin bu gün azadlıq simvolu kimi qəbul etdiyi İmam Hüseynin (ə) Kərbəla vaqeəsi məhz belə hadisələrin başında durur. Və özündən sonra yaratdığı məktəb 1372 ildir öyrənilir.” Bu sözlər Azərbaycan İslam Partiyasının bu gün ölkədəki Aşura qadağaları ilə bağlı verdiyi bəyanatdandır.

Bəyanatda daha sonra deyilir: “Şəhadəti ilə şər qüvvələri üzərində əbədi və silinməz qələbə çalan İmam Hüseyn (ə) müsibəti, zülmün və zalımın ifşa olunmasına, qəsbkarlığın çirkin mahiyyətinin və niyyətinin simvolizə edilməsinə geniş şərait yaradır.

İslam dünyasının bir parçası olan Azərbaycan, Allahsız Sovet rejimi dövründə belə, hər cür qadağaya baxmayaraq İmam Hüseynə (ə) eşqini, məhəbbətini, Kərbəla müsibətlərini törədənlərə nifrətini hər il əzadarlıqları və hayqırtıları ilə yaşadıblar. Dünyanın böyük siyasətçiləri və ağıllı insanları ayrı-ayrı xalqların haqq səsinin ucaldılmasında, azadlıqlarının təmin olunmasında İmam Hüseyn (ə) yolunu seçməyi, bu məktəbdən bəhrələnməyi təqdir etmiş, cəmiyyətlərini buna səsləmişlər. Azərbaycan üçün də bu yol qaçılmaz və həm də daha önəmlidir. Belə ki, vaxtilə mərhum prezident Heydər Əliyev Aşura günlərində çıxış edərək, Vətən torpağı uğrunda şəhid olanları İmam Hüseynin (ə) davamçıları adlandırmış və yolumuzun İmam Hüseyn (ə) yolu olmasını bəyan etmişdir. Göründüyü kimi, Kərbəla vaqeəsini, Aşuranı böyük məktəb adlandıran və xalqımızı bundan bəhrələnməyə çağıran H.Əliyev, torpağımızı işğal edənlərə bunu həm də bir mesaj kimi göndərmişdir.Təəssüflə qeyd etməliyik ki, bu gün Azərbaycanda baş verənlər, aparılan siyasət keçmişimizə, dünənimizə qeyri-səmimi münasibətdən xəbər verir. Dildə bir cür deyib, əməldə tam əksinə hərəkət edənlər heç zaman xalqın rəğbətini qazananlardan olmamışlar. Aşura mərasiminə qoyulan qadağalar, güman edirik ki, zalıma qarşı üsyan edən, azadlığını hər şeydən, canından belə üstün tutan İmam Hüseynə (ə) məhəbbətin kimlərəsə qarşı qəzəb və nifrət doğuracağından, özlərini bu qəzəb və nifrətin hədəfi kimi görmələrindən irəli gəlir.

Əslində, Kərbəla vaqeəsi yaxşı ilə pisi, şərlə xeyri ayırmaq meyarı, məktəbidir. Necə deyərlər, xain xoflu olar. Fikrimizcə Kərbəla müsibəti, həm də mənəviyyat inqilabı, mədəniyyət xəzinəsi, mərdlik, mətanət xarakteri, əbədi azadlıq heykəlidir. Bu heykəlin qarşısına müxtəlif rənglərə boyanmış pərdə çəkmək onun mahiyyətinə xələl gətirə bilməz. Xalqımızın iradəsi 100 minlərlə insanın, Azərbaycan vətəndaşının Aşura mərasimini evindən kənarda, ziyarət və ibadət ocaqlarında keçirməsi kimi ifadə olunur. Buna hər vəchlə mane olmağa çalışanlar, əməlləri ilə siyasətlərində xalqın iradəsinə söykənmək fikirlərini böyük şübhə altında qoyurlar. Amma reallıq göstərir ki, cəmiyyətin iradəsini əzmək hakim zümrəyə həmişə nəsib olmur.

Yola saldığımız Aşura mərasimi bunu bir daha sübut etdi. Ümidvarıq ki, bütün bunlardan nəticə çıxaranlar səhvlərini dərk edərək azadlıq üçün qurtuluş yolunun nədən ibarət olduğunu etiraf edəcək, lüzumsuz qadağalara son qoyacaqlar

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır