Əhlİ Beyt -ABNA- xəbər agentlİyİnİn verdİyİ xəbərə əsasən: Oktyabr ayından başlayaraq sosial tələblər irəli sürən “Vol Striti işğal et!” hərəkatı qlobal xarakteri alaraq artıq Avropaya da keçib. Belə ki, Avropanın bütün böyük şəhərlərində düşərgə şəhərcikləri qurulub. Hətta soyuqlara baxmayaraq kiçik sahibkarlar nümayişçilərə birləşərək generatorlar hədiyyə ediblər.
Qeyd edək ki, ABŞ zənginlərinin yaşam tərzinin göstəricisi sayılan “Vol strit” (hərfi mənası “Divar küçəsi”) küçəsi NyuYorkdadır. Birja qarşısında yerləşən Zukkoti bağında oturaq aksiyada 30 min insan iştirak edib.
Bu arada Nyu-Yorkda keçirilən nümayişdən sonra şəhər polisi Federal Təhqiqatlar Bürosunun əməkdaşları ilə birgə 200 nümayişçini həbs edib. Nümayişçilərin düşərgə şəhərciyi dağıdılıb. Aksiyanın 2 aylığını qeyd edən nümayişçilər Nyu-York fond birjasının işini iflic etməyə də nail olublar. Amerikalı nümayişçilərə dəstək vermək üçün İspaniyada, Belçikada, Danimarkada və Almaniyada ümumi hesabda 400 min nəfərin iştirak etdiyi nümayişlər keçirildi.
Maraqlıdır ki, “işğalçılar” hərəkatı ilə ABŞ-nın həmkarlar ittifaqları, bütün humanitar ictimai təşkilatlar həmrəy olduqlarını birgə bəyanatda bildiriblər, bu isə təqribən 3 milyon fəal üzv deməkdir. “İşğalçıların” əsas narazılıqları ondan ibarətdir ki, federal hökumət büdcə və vergi ödəyicilərinin vəsaitləri ilə banklara dəstək kimi maliyyə böhranından çıxmağa kömək edib. Nümayişçilərin əsas şüarı: “Bizi banklara satdınız”dır.
Nyu-York meri Maykl Blumberqin verdiyi sərəncama əsasən, “işğalçılara” şəhər ərazisində noyabrın 18-dən nümayiş keşirmək yasaq edildi. Eyni zamanda FTB hərəkatın “mənəvi lideri” sayılan Nkrumah Tinsleyi YouTube saytına “Bütün Nyu-Yorku yandıraq” bəyanatı ilə əlaqədar “terror aktına hazırlıq və iğtişaşlara çağırış” cinayət-prosesual maddəsi əsasında həbs edib.
Lakin nümayişçilər özlərini “çoxluq-99%” adlandıraraq, növbəti aksiyanın noyabrın 22-də Nyu-Yorkda keçirəcəkləri barədə bəyanat verdilər. Aksiyaya dəstək üçün Kanada, Avstraliya, Britaniya və Fransadan nümayişçilər gəlib. Ekspertlər ikinci London iğtişaşlarından ehtiyat edir. Baş nazir Devid Kameron nümayişçiləri dəyirmi masaya dəvət edib.
Dİqqət: Xəbərdən İstİfadə etdİkdə mənbəyə İstİnad lazımdır