11 noyabr 2011 - 20:30

Hələ də əliyev bu 150 min müsəlmana cavab verməyi düşünmür.

Hörmətli həmkarımız Sevinc Telmanqızı bu günlərdə yadplanetlilər haqda maraqlı araşdırma yazmışdı. Yəqin hamınız haçansa bu haqda oxumusunuz, ya da televizorda görmüsünüz: belə mif var ki, guya 20-ci əsrin ortalarında amerikalılar yadplanetlilərin kosmik gəmisini raketlə vurublar, sonra onların meyitlərini ələ keçiriblər. ABŞ ordusu yadplanetlilərin texnologiyasından yararlanıb, o üzdən hadisə gizli saxlanılıb və sairə. Ancaq indi prezident Obama rəsmi şəkildə xalqa bildirib ki, belə hadisə uydurmadır.

Düzü, UNO-lar (Uçan Naməlum Obyektlər) haqda söhbətləri həmişə maraqlı nağıllar hesab eləmişəm, o üzdən daha belə şeylər diqqətimi çəkmir. Həmin yazıda isə marağımı başqa məsələ oyatdı. Sən demə ABŞ hakimiyyəti bu ilin sentyabrında xalqla ünsiyyəti daha yaxın eləmək üçün bir sayt yaradıbdır. Camaat orda prezidentin cavab verməyini arzuladığı sualları yazır, əgər 1 ay ərzində 5000 adam həmin sualı imzalasa prezident buna cavab verir.

Dövlətə baxın... Bir-iki ay qabaq bizdə məktəblilərin hicab örtməsi qadağasına etiraz edən 150 min nəfərin imzası ilə İlham Əliyevə müraciət göndərildi. Hələ də prezident bu 150 min müsəlmana cavab verməyi düşünmür. Obama isə 5 min adamın istənilən sualına cavab verir.

Sevinc xanımın yazısında yadplanetlilərin adamları oğurlayıb başqa planetlərə aparması, üzərində cərrahiyyə əməliyyatları aparması haqda əfsanələrdən də bəhs edilmişdi. Bunu da ölkəmizlə müqayisə eləyəndə görürsən maraqlı bir yenilik yoxdur. Bizdə polislər adam oğurlayır, o cümlədən orqan köçürmələri ilə məşğul beynəlxalq cinayətkar şəbəkənin Bakı klinikalarında apardığı əməliyyatlar dəfələrlə yazılıb. Heç nə dəyişməyib. İndi biz nə haqla marsiançiklərə iddia edə bilərik ki, siz bizim camaatı nöşün oğurlayıb qarnını yarırsınız? Marsiançik basıb adamın gözünü çıxardar, buna haqqı da çatar.

İki gün qabaq yenə bizim qəzetdə şimal rayonlarımızdan birində itkin düşən qadın haqda elan verilmişdi. Elanın təxmini məzmunu belə idi: “Əynində qara sviter, onun altından qara köynək geyinib, şalvarı qara rəngdə olub. Ayaqqabıları da qara imiş”. Başdan ayağa qara geyinmiş bu qarabəxt insan itməsin neyləsin? Qara ölkədə qara geyinmiş adamı necə tapasan? İstəsən burda lap qədim Çin fəlsəfəsindən xırdalamaq da olar: “Qaranlıq otaqda qara pişiyi tapmaq çətindir, xüsusən də pişik orda yoxdursa”.

UNO-lar haqda yazıda başqa “təkzibedilməz fakt” da yazılmışdı. Guya 1915-ci ildə Türkiyə limanlarından birində Britaniya ordusunun 70-80 nəfərlik bölüyünü yadplanetlilər oğurlayıblar. Buluda oxşar gəmi gəlib, bölüyü götürüb yox olub. Ancaq biz niyə belə uzağa gedirik? İlin əvvəlindən Azərbaycan ordusunun bundan da çox - 90 əsgəri naməlum şəraitlərdə həlak olub. Generallar isə bu məsuliyyətsizliyin cəzasını çəkmək yerinə belə faktları işıqlandıran qəzetləri məhkəməyə verirlər. İndi biz neyləyək, Səfər Əbiyevi də göydən gəlmiş UNO buludu hesab edəkmi?

Ümumiyyətlə, bizdə ictimai leksikon elə UNO-larla sıx bağlıdır. Başqa əməkdaşımız Fərahim İlqaroğlu Bakı küçələrinin qazıq-quzuq edilməsindən fotoreportaj hazırlayıb, orda bir sürücü deyir: “Bir ay bundan öncə yolu bağladılar ki, kanalizasiya boruları dəyişdirilir. Ekskavatorlar yolu üç metrlik qazandan sonra yoxa çıxdılar. İndi də küçənin hər iki istiqamətində gediş-gəlişi qadağan edən yol nişanları qoyublar. Ziya Məmmədov və Hacıbala Abutalıbov bizə cavab versin görək biz evimizə uça-uça gedək?”

Bacarırsınızsa - uçun. Belə hakimiyyəti olan camaat uçmağı da öyrənməlidir. O zaman analoqu olmayan xalq kimi, Uçan Məlum Obyektlər adı ilə tarixə düşərik. Hələ qəbahətdir ki, 18 ildir yapokratiya bu xalqa “burdan uçarsınız” deyir, ancaq xalq hələ uçmağı öyrənməyibdir.

Zamin HACI

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır