31 oktyabr 2011 - 20:30

Gəlin görək sözügedən qanun layihəsi Azərbaycan Respublikasının əsas hüquqi meyarına – konstitusiyaya uyğundurmu? Parlamentdə bu məsələyə millət vəkilləri, heyif ki, az diqqət yetirirlər, halbuki onların hazırladıqları qanunlar konstitusiyaya zidd ola bilməz.

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Milli Məclisin dinə aid çıxarmaq istədiyi qərar, daha dəqiqi, İnzibati Xətalar və Cinayət məcəllələrinə dini fəaliyyəti məhdudlaşdıran düzəlişlər etmək üçün hazırlanan və parlamentin komitələrində bəyənilib plenar iclasa tövsiyə olunan qanun layihəsi qızğın diskussiyalara səbəb oldu.

Şübhəsiz ki, qanun təşəbbüskarları əslində dini-milli təəssübkeşlik mövqeyindən bu addımı atıb. Lakin necə deyərlər, “qaş düzəltdikləri yerdə göz çıxarırlar”. Bu təəccüblü deyil, çünki əksəriyyət dinin ilk növbədə teologiya elmi olmasını anlamır, dinin yalnız ayin və mərasimlər məcmusu olduğunu düşünür.

Qanun layihəsi ətrafında gedən polemikada bir ümumi problem diqqəti cəlb edir. Tərəflərdən heç biri fundamental məsələni (arqumenti) ortaya qoymur! Gəlin görək sözügedən qanun layihəsi Azərbaycan Respublikasının əsas hüquqi meyarına – konstitusiyaya uyğundurmu? Parlamentdə bu məsələyə millət vəkilləri, heyif ki, az diqqət yetirirlər, halbuki onların hazırladıqları qanunlar konstitusiyaya zidd ola bilməz.

Bizim konstitusiyamız ümumxalq referendumu yolu ilə qəbul olunub. Onun II bölməsinin 48-ci maddəsində yazılıb:

Maddə 48. Vicdan azadlığı

I. Hər kəsin vicdan azadlığı vardır.

II. Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır.

III. Dini mərasimlərin yerinə yetirilməsi, ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd deyildirsə, sərbəstdir.

IV. Dini etiqad və əqidə hüquq pozuntusuna bəraət qazandırmır.

V. Heç kəs öz dini etiqadını və əqidəsini ifadə etməyə (nümayiş etdirməyə), dini mərasimləri yerinə yetirməyə və ya dini mərasimlərdə iştirak etməyə məcbur edilə bilməz.

Zənnimcə, deputatların bu sənədi diqqətlə oxumaları kifayətdir ki, təqdim edilən yeni qanun layihəsinin konstitusiyanın bütün maddələrini kobud surətdə pozduğunu görsünlər. Bu əsnada Konstitusiya Məhkəməsi də işə qarışmağa və öz mövqeyini ortaya qoymağa borcludur.

İsmayıl VƏLİYEV

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır