Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Sentyabrın 28-də dövlət ittihamçısı Vüqar Quliyev Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Ruhani Fəramiz Abbasov və Quran elmlər üzrə mütəxəssis ilahiyyatçı alim Zülfüqar Mikayılzadənin işi üzrə təklifini verəcək. Cinayət Məcəlləsinə diqqət edilsə, təqsirləndirilənlər 10 ildən 15 ilədək, hətta ömürlük azadlıqdan məhrumetmə cəzası ala bilər.
İslamçıların mühakiməsi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilir. Sentyabrın 26-da məhkəmə istintaqı bitib və sonuncu məhkəmə araşdırmasında şahidlər ifadə verib.
Dövlət məmurları tərəfindən şərlənən təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 214.2.1 (Qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq); 214.2.3 (Odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq); 228.3 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə); 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə şərlənərək ittiham olunur.
Rufulla Axundzadə Cinayət Məcəlləsinin 283.1-ci (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də əlavə şərlənərək ittiham olunur.
Qeyd:
Cinayət Məcəlləsinin 214-cü maddəsi (Terrorçuluq) və onun ayrı-ayrı bəndləri ilə təqsirləndirilən şəxslərə əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası tətbiq edilə bilər.
Bu maddəyə Cinayət Məcəlləsinin 28-ci maddəsi (Cinayətə hazırlıq) tətbiq olunur. Qanuna görə, hər hansı maddəyə 28-ci maddə tətbiq olunursa, bu zaman əsas maddədə göstərilən cəzanın yarı müddəti tətbiq olunur.
Cinayət Məcəlləsinin 228-ci maddəsi (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) ilə təqsirləndirilən şəxsləri beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.
Cinayət Məcəlləsinin 278-ci (Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddəsi ilə təqsirli bilinənlər on ildən on beş ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası ilə qarşılaşa bilərlər.
Cinayət Məcəlləsinin 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə təqsirli bilinənə müəyyən miqdarda cərimə cəzası tətbiq olunması, yaxud iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum edilməsi mümkündür.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır