Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyulun 27-si Səbail Rayon Məhkəməsində İctimai Palatanın 2 aprel mitinqinə görə həbs olunmuş AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Babək Həsənov, Zülfüqar Eyvazlı, Müsavat fəalı Elşən Həsənov və bitərəf Elnur İsrəfilovun işi üzrə proses keçirilib. Vəkil Yalçın İmanovun “Media forum” saytına verdiyi məlumata görə, prosesdə Babək Həsənov və Elşən Həsənov ifadə veriblər.
Müttəhimlər Cinayət Məcəlləsinin 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar. Elnur İsrafilov Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə də təqsirləndirilir.
Yalçın İmanovun sözlərinə görə, prosesdə zərərçəkənlərin iştirakı ilə bağlı vəsatət qaldırılıb, hakim vəsatəti təmin edib: “Bu gün təqsirləndirilənlərin ifadələri başa çatdı. Zərərçəkmiş qismində avtobus sürücüsü Sarvan Məhərrəmovun nümayəndəsi Tamerlan Seyidov ifadə verdi. O, müdafiə tərəfinin suallarını cavablandıra bilmədi. Məsələn, nümayəndə Sarvan Məhərrəmovun aprelin 2-də aksiya keçirilən əraziyə niyə gəldiyi sualını cavablandıra bilmədi. Biz də sürücünün özünün ifadə verməsi üçün vəsatət qaldırdıq, hakim vəsatəti təmin etdi”.
Vəkil qeyd edib ki, proses gedən zaman məhkəmə binasının qarşısında aksiya keçirilib, bir qrup şəxs siyasi məhbuslara azadlıq şüarları səsləndirib.
Proses iyulun 29-u saat 10.30-da davam edəcək.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır