Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Iyulun 14-də axşam Ağ Evdə Rusiya XIN rəhbəri Sergey Lavrov ilə görüşlər və danışıqlar olacaq. Rusiyalı nazirin səfərini “Turan”a şərh edən yerli ekspertlər qeyd edirlər ki, əsas diqqət raket əleyhinə müdafiə məsələsinə yönəldiləcək.
Məlum olduğu kimi, son vaxtlar Moskva bir sıra kəskin bəyanatlar verərək bildirib ki, Avropada Amerikanın RƏM sisteminin yaradılmasını sakit müşahidə etməyəcək.
Belə vəziyyətdə Rusiyanın icarəyə götürdüyü Qəbələ RLS-in rolu və əhəmiyyəti artır. Moskva qlobal RƏM elementi kimi bu stansiyadan birgə istifadə olunması ideyasını irəli sürməkdə davam edir. Lakin 2012-ci ildə icarənin müddəti başa çatır. Bakı isə icarə haqqını artırmaq niyyətindədir. Sirr deyil ki, Bakının əhvalına Qarabağ nizamlanmasında vasitəçi olan Rusiyanın davranışı təsir göstərir.
Bakıdakı məlumatlı mənbələrdən bəlli olub ki, Kazan görüşündə Qəbələ RLS məsələsi də gündəmə gəlib. Lakin bunu Qarabağla əlaqələndirmək cəhdləri Ilham Əliyevin narazılığına səbəb olub və o, vaxtından əvvəl (cıdır mərasimində iştirak etmədən) nümayişkaranə şəkildə Kazanı tərk edib. Yuxarıda deyilənləri nəzərə alsaq, güman etmək olar ki, Lavrovun qarşısında məqsəd qoyulub ki, RƏM məsələsində (Qəbələ RLS amili nəzərə alınmaqla) Vaşinqtonla hərəkətləri razılaşdırsın və Kazan görüşündə uğursuzluq nəzərə alınaraq Qarabağ nizamlanmasına dair danışıqların növbəti mərhələsinin məzmunu haqda razılığa gəlinsin.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır