28 iyul 2011 - 19:30

Leyla və Arzunun adına Panamada hansı şirkətlər var; onların ortağı kimdir? Xədicə İsmayılova, "Azadlıq" radiosu

Azərbaycan prezidentinin ailəsi ölkənin 3 mobil rabitə operatorundan birinin sahibi imiş. Bunu Azadlıq Radiosunun əldə etdiyi sənədlər üzə çıxarır. Hökumət 5 ildir ki, bazarda olan və ekspertlərin fikrincə, kifayət qədər imtiyazlardan istifadə edən Azerfonun sahiblərini gizlətməyə üstünlük verib, ictimaiyyətə açıqlanan nadir məlumatlar isə həqiqətə uyğun olmayıb.

«Nar» ticarət markasının sahibi «Azərfon» mobil rabitə şirkətinin kimə aid olması barədə suallar hələ 2006-cı ildə, ölkədə 3-cü mobil rabitə operatoru olacağı barədə ilk məlumat veriləndən bəri ortaya çıxıb. Və elə ilk günlərdən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) «Azərfon»un təsisçiləri kimi Almaniyanın «Siemens AG»-nin və Britaniyanın 2 şirkətinin adını çəkir.

«SIEMENS AG»: «AZƏRFON» BİZİM DEYİL»

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin

Azadliq Radiosunun sorğusuna rəsmi cavabı, 7 iyun 2011

5 il ərzində RİTN dəfələrlə iddia edib ki, «Azərfon»un həmtəsisçiləri arasında «Siemens AG» şirkəti də var. (Bunu Nazirlik bizim rəsmi sorğumuza cavabında da qeyd edir - red.) «Siemens AG» şirkətində isə bunu ilk dəfə bizdən eşitdiklərini deyirlər. «Siemens»in sözçüsü Monika Bruecklmeier Langendorf sorğumuza  cavabında deyib ki, bu şirkətin nə «Azərfon MMC»də, nə də Azərbaycandakı digər mobil rabitə şirkətlərində payı yoxdur.

Ümumiyyətlə, «Siemens» mobil rabitə ilə məşğul olan qurumlarını 2005-ci ildə («Azərfon MMC» yaranmazdan əvvəl) satıb.

Dedik, bəlkə, Azərbaycan rəsmiləri həmin bu «Siemens»in xələflərini nəzərdə tuturlar. Amma yox.

Finlandiyanın «Nokia Siemens Networks» şirkətindən aldığımız cavabda da bildirilir ki, onların «Azərfon MMC»də payı yoxdur. Sadəcə bu şirkət «Azərfon»a avadanlıq satıb.

«Müştərilərimizin pay hissələrinə sahib olmaq bizim siyasətimizə ziddir», - deyə NSN sözçüsü Anna Lehtiranta ona göndərilən sorğuya cavab verib.

Qəribə vəziyyət alınırdı. Bəlkə sadəcə fırıldaqdan söhbət gedir? Kimsə saxta sənədlərlə Azərbaycanın müasir texnologiya bazrına çıxmaq fikrinə düşüb?

VERGİLƏR NAZİRLİYİ RİTN MƏLUMATINI TƏKZİB EDİR

Rabitə Nazirliyi və "Siemens"in daban-dabana zidd açıqlamlarına Azərbaycanın başqa bir rəsmi qurumu son qoyur. Vergilər Nazirliyinin «Azərfon MMC»nin təsis sənədlərindən verdiyi çıxarışda deyilir ki, Ədliyyə Nazirliyinin 1105-T13-3906 nömrəsi ilə qeydə aldığı «Azərfon MMC»nin pay sahibləri 3 Panama şirkəti, bir Nevis adalarında qeydə alınmış şirkət və «Aztelekom»dur.

Paylar isə payçılar arasında belə bölünüb:

«Aztelekom» - 10 %,

«Cellex Communications S. A» - Nevis adaları - 18 %,

«Hughson Management Inc» - Panama - 24 %,

«Gladvyn Management Inc» - Panama - 24%,

«Grinnel Management Inc» - Panama - 24 %

Offşor (xaricdə vergidən və məsuliyyətdən azad zonalarda qeydə alınmış) şirkətlər vasitəsilə Azərbaycanda biznes qurma ənənəsi yeni deyil. Korrupsiya əleyhinə beynəlxalq hesabatlarda offşor şirkətlərdən əsl sahibin kimliyinin gizlədilməsi, yaxud qeyri-leqal işlər üçün tez-tez sui-istifadə edildiyi bildirilir.

PAŞAYEVLƏR AİLƏSİ?

Hələ 2007-ci ildə «Nar» ticarət markasının prezidentin qohumlarından birinə aid olduğu barədə danışılır və yazılırdı. Bu ehtimallar Azərbaycanın birinci xanımının da aid olduğu Paşayevlər ailəsinin zənginliklərinə həsr olunmuş «Wikileaks» teleqramlarında da əksini tapıb. ABŞ-ın müvəqqəti işlər vəkili Dövlət Departamentinə göndərdiyi teleqramda yazırdı:

«Nar Mobile»ın (rəsmi olaraq «Azərfon» kimi qeydiyyatdan keçib) da ailəyə bağlı olduğu bildirilir. Belə bir fərziyyə də var ki, şirkətin adı meyvə anlayışı yaratmaqla həm də Birinci ledinin bacısı Nərgizin adının ilk üç hərfini göstərir».

Amma hər şey göründüyü qədər sadə deyilmiş. Bir qədər sonra bu şirkətlərin arxasında ölkənin birinci ailəsinə məxsus hansı adların gizləndiyini də öyrənəcəksiniz.