əvvəli ötən saylarımızda
“Işə xitam verə bilərsiniz, amma ona tam bəraət vermək olmaz!”
Əliyev bizi otağın ortasında qarşıladı. Elə otağın ortasında bir-birimizin əlini sıxdıq. Bilmirəm, haradansa qanımda Şərqli yaltaqlığı güc gəldi. Mən respublikanın uğurlarından, zəhmətsevər əməkçilərindən və ağıllı rəhbərindən ağızdolusu danışdım. Indi təkrar etmək istəmirəm, bu bəlağətli çıxışım 15-20 dəqiqə çəkdi və bu anlarda hiss etdim ki, Əliyevin mənə qarşı baxışları bu sözlərdən sonra isinirdi.
Düşündüm ki, Əliyevlə söhbətim baş tutacaq. Biz bir saatdan çox danışdıq. Son sözü Əliyev dedi:
- Mən də qanuna tam əməl olunmasının tərəfdarıyam. Əgər işə xitam vermək lazımdırsa, xitam verin. Amma bu cəmiyyətdən qovulmuşa tam bəraət vermək lazım deyil.
Görüş başa çatdı. Əliyev bizi qapıya qədər ötürdü. Amma çıxanda stolun üstündən iki broşür götürdü:
- Bu kitabçalar da qoy, görüşümüzdən xatirə olsun.
***
Sonra mən mehmanxanada broşürləri oxuyanda Əliyevin nə demək istədiyini anladım. Burada Bakı Şəhər Partiya Komitəsinin konfransında və Mərkəzi Komitənin Plenumunda Heydər Əliyev Qambay Məmmədovun fəaliyyətinə siyasi qiymət vermişdi.
Əslində, bu kitabçalarla o, mənə deyirdi: “Mənim rəylərimi oxu və elə et ki, çıxardığın nəticələr buna uyğun olsun”.
Bir neçə gün sonra mən Moskvaya qayıdırdım. Bakı parklarının birində Brejnevin çox böyük bir portretini gördüm. Portretin altında yazılmışdı: “Azərbaycan iri addımlarla irəliləyir!”
Brejnev Bakını Odessa ilə səhv salıb...
Ölümündən bir neçə ay əvvəl Brejnev Bakıya səfər etmişdi. Qoca, zorla yeriyən dahi rəhbəri Xəzərdəki “Şelf” qurğusuna baxmağa aparırlar. Brejnev özünü elə göstərir ki, guya qurğu haqqında deyilənlərə qulaq asır. Baş katib birdən gözünü açıb Xəzərə baxır, sonra üzünü şəhər tərəfə çevirib deyir:
- Bəli yoldaşlar, Odessa gözəlləşir...
Sonra Brejnev dönüb maşına sarı gedir, Əliyevsə ətrafdakılara yumruq göstərib gülümsəməyə yasaq qoyur.
200 minlik üzük və zərgərlik zavodunun intihar edən direktoru
Bu səfər zamanı Əliyevin Brejnevə bağışladığı 200 min rublluq üzüklə bağlı həm birinci, həm də sonrakı dəfələr Bakıda olanda çox söhbətlər eşitdim. Hamı danışırdı ki, Əliyev bu bahalı üzüyü Brejnevə ekran önündə hədiyyə edib. Sonra Bakı zərgərlik zavodunun direktoru üzüyün dəyərini ödəyə bilmədiyi üçün özünə qəsd etmişdi. Amma bu hadisəni Əliyevlə söhbət edənlərin birindən eşitmişəm. Deyirlər partiya rəhbərlərindən biri Əliyevi dəvət edib ondan üzük məsələsini soruşur. Əliyev bunu “yalan”, “onu istəməyənlərin söz-söhbəti” adlandırır. Cavab Mərkəzi Komitə bosunu qane etmir və deyir:
- Biz lent yazılarına baxa bilərik?
Əliyev:
- Yox, niyə baxaq ki... Üzük məsələsi həqiqətən olub, amma həmin üzük saxta idi. Əsli budur, buyurun, bu da sizin olsun...
Nəyin həqiqət, nəyin yalan olduğunu söyləmək çox çətindir. Kim bilir?..
Moskvaya həqiqət lazımdırmı?
Indi bu suala cavab vermək çox asandı. Amma ötən əsrin 70-ci illərində heç kim mənə bunu birbaşa demirdi. Hamı həqiqəti bir yana qoyub siyasi büro üzvlərinin, o cümlədən büro üzvlüyünə namizəd Əliyevin nə deyəcəyi barədə düşünürdü.
Mən Moskvaya döndüm. Məmmədovun işi ilə bağlı məruzəmi Naydenov dinlədi. O, məsələnin nə qədər siyasi olduğunu bildiyi üçün SSRI prokurorluğunun ən tanınmış istintaqçı prokurorlarının bir neçəsini də dəvət etmişdi. Hamı yekdil rəy söylədi, Məmmədovun əməllərində cinayət tərkibi olmadığı üçün işə xitam verilməsini məqsədəuyğun saydılar. Mən Naydenovun tapşırığı ilə razılaşdırılmış qərarı hazırlayıb Azərbaycan prokuroru Zamanova göndərdim. Səhəri məni SSRI prokurorluğunun istintaq idarəsinin rəisi Aleksey Buturlin yanına dəvət etdi. Məlum oldu ki, SSRI Balıqçılıq Nazirliyinin işini aparacaq qrupa məni də daxil ediblər. Amma mən tərəddüd içindəydim. Bilmirdim ki, harada işləyirəm: Zaporojyedə, yoxsa Kiyevdə.
Mənim iş yerimin dəyişdirilməsi, mənzil məsələmdən bir xəbər yoxdu. Elə bil Buturlin fikirlərimi oxudu. Gülümsədi, seyfdən bir qovluq çıxarıb qarşısına qoydu:
- Sizə düzünü deyirəm: Azərbaycan epopeyası hələ başa çatmayıb, özünüzü ümidlərin əsirinə çevirməyin. Sizin qərarınıza Əliyevin münasibətini gözləmək lazımdır. Bir də sizə Kiyevdə mənzili nə vaxt vəd etmişdilər?
- Iyun, iyul aylarında.
- Bəs indi hansı aydır?
- Oktyabr.