Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: İyunun 10-da Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər müzakirə olunan vaxt çıxış edən hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuz Novruzov bildirib ki, belə bir dəyişikliyin müzakirəsinə “Əuzu billahi min əş-şeytani-r-rəcim” sözləri ilə başlamaq lazımdır.
Siyavuş Novruzov deyib ki, dinin insanlara çatdırılmasının, təbliğ olunmasının bir neçə atributu var, onlardan biri də din xadimlərinin geyimidir: “Bu gün Azərbaycanda uniforma geyinməyən idarə, təşkilat, müəssisə yoxdur. Bəs niyə dini idarə və təşkilatlarda bu qurumların Azərbaycan xalqına, islam dəyərlərinə uyğun uniforması yoxdur?
Məsələn, biz İran modelini seçmişik. Amma İranın tamam başqa bir sistemi var, Azərbaycanın başqa. İran dindarı əmmamə qoyursa, biz qoymamalıyıq. İran dindarları qara geyinirsə, yaşıl geyinirsə, biz bu sistemi tətbiq etməməliyik. Azərbaycanda özümüzə uyğun forma seçilməlidir. Səliqəli-sahmanlı.
Mənim çox hörmət bəslədiyim Hacı Sabir Həsənli burada əyləşib. O, İslam Universitetinin rektorudur. Bəyəm o, dindar deyil? Üzündən nur yağır. Geyim-kecimi səliqəli. Din xadimləri tez-tez məclislərə gedirlər. Azərbaycan demokratik, azad, müasir dövlətdir. Bu dövlətdə də bütün insanların geyim forması müəyyənləşib. Formada olmaq dindarın cəhətlərindən biridir. Dindar formada olmalıdır ki, apardığı məclisdə ona hörmət də yaransın. Ona görə də dindarın uniforması müəyyənləşməlidir və məclislərə də o formada getməlidir”.
Siyavuş Novruzov dəyişikliklərdəki bir məsələyə - “Quran” kursları açılmasının müvafiq icra strukturları ilə bağlı olmasına toxunarkən vurğulayıb ki, bu dəyişiklik islam dininə tamamilə ziddir: “Peyğəmbərimiz buyurub ki, alimin mürəkkəbi şəhid qanından üstündür. Peyğəmbərimiz buyurur ki, bir adam iki adama yazıb-oxumağı öyrətsə, onu əsirlikdən azad elə. Ancaq burada bildirilir ki, “Quran” kurslarının açılması müvafiq icra strukturları ilə bağlı olmalıdır. Onda belə çıxır Misir Mərdanov da bu gün sərəncam verməlidir ki, riyaziyyat müəllimi uşaq götürüb hazırlaşdıra bilməz. Əgər kiminsə qabiliyyəti varsa, başqalarına “Quran” öyrədə bilirsə - istər evində, istərsə də başqa yerdə - buna niyə imkan verilməməlidir? Bu, maarifləndirmə işidir və onun qarşısını almaq olmaz. Ona görə də hesab edirəm ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən bu əlavə islama ziddir. Müvafiq icra strukturu bu işlə kimin məşğul olacağını müəyyənləşdirə bilər, amma qadağa qoya bilməz”.
Deputat deyib ki, Azərbaycan Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasına sərt reaksiya verməlidir: “Bu, separatçı bir addımdır, onun qarşısı alınmasa, Rusiyada, digər yerlərdə də belə addımlar atıla bilər. Dost, qardaş hesab etdiyimiz Gürcüstan dövləti belə separatçı yolla özünə icma yaratmamalıdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır