14 may 2011 - 19:30

Azərbaycanda hicaba yasaqlar var. Şəxsiyyət vəsiqəsi və pasportlara, başqa rəsmi sənədlərə hicabla şəkil çəkdirmək olmaz. Şagirdlərin orta məktəblərə hicabla girişi də qadağandır. Bəs televiziya efirində vəziyyət necədir, qadın teleaparıcıların hicab taxmasına qadağa varmı?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, AzTV-də hicablı aparıcı yoxdur: “Hicabla efirə çıxmaq olar, ya yox problemi ilə üzləşməmişik. AzTV dövlət televiziyasıdır və dövlətin siyasətini yürüdür. Belə bir problem yaransa, rəhbərlik dövlət siyasətinə uyğun qərar verəcək”.

Hicab bağladıqdan sonra efirdən uzaqlaşan telejurnalist Lalə Ədalətqızı deyir ki, Azərbaycanın televiziya məkanında hicablı aparıcıya rast gəlinmir: “Mən hicab bağlamaq qərarına gələndə aparıcılıqdan uzaqlaşdım. İndi prodüserlik, redaktorluq edirəm. Bilirəm ki, aparıcı kimi efirə qayıtmaq niyyətinə düşsəm, problem yaranacaq. Diqqət yetirsəniz, Azərbaycanın heç bir televiziya kanalında hicablı qadın aparıcı görmək mümkün deyil. Görünür, efirdə də hicaba qeyri-rəsmi qadağa var”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır