Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ötən gün, 15 aprel 2011-cu il tarixində Müqəddəs Qum şəhərində Azərbaycan Müstəqil Mübariz Ruhanilər Cəmiyyətinin toplantısı keçirilib. Cəmiyyətin ali şura üzvləri Azərbaycan Respublikasındakı son ictimai-siyasi durumu müzakirə ediblər. Hacı Zülfüqar Mikayılzadənin istintaq müddətində azad edilməsini müsbət hal kimi dəyərləndirən ali şura Hacı Mövsüm Səmədovun həbs müddətinin uzadılmasını ölkədə qeyri-sabitlik yaratmaqda maraqlı olan qüvvələrin növbəti addımı kimi dəyərləndirib. Toplantının sonunda MRC bəyanat qəbul edib.
Bəyanatda bildirilir: “Respublikada etibarlı sabitliyin təmini istiqamətində görülmüş tədbirlərə sanki mane olan bir qüvvə var. Hacı Zülfüqarın azadlığı dini kəsimi nə qədər razı salmışdısa Hacı Mövsümün həbs müddətinin uzadılması bir o qədər bədbinlik yaratdı.
MRC respublikada dini dəyərlər uğrunda mübarizə aparan bir qurum olaraq bir daha hakimiyyətin nəzərinə çatdırır ki, etibarlı sabitliyə müsəlman Azərbaycan xalqı zəmanət verməlidir. Nə qədər ki, hicab qadağası ləğv edilməyib, ruhani və dindarlar azadlığa buraxılmayıb, bu repressiyaları həyata keçirənlər cəzalandırılmayıb, ölkədəki gərginlik nəzarətdən çıxacaq həddədək güclənəsidir.
MRC ümid edir ki, Hacı Zülfüqar Mikayılzadənin azadlığa buraxılması təsadüf yox, hakimiyyətin dindar kəsimin razılığını qazanmaq istiqamətində yeritdiyi siyasətin tərkib hissəsidir və bu siyasət davam etdiriləcək” .
MRC mətbuat xidməti
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır