Əhli Beyt ABNA xəbər agentliyinin verdiyi məlumata əsasən: Bu gün səhərdən başlayaraq paytaxt Bakıda "28 May", İçərişəhər", "Elmlər Akademiyası", "Sahil" metrostansiyalarının ətrafında çox sayda polis qüvvələri cəmləşdirilib. Bundan başqa, bir kənarda çox sayda mülki geyimli şəxslər və avtobuslar da saxlanılıb. Onlar hazır vəziyyətdə dayanıb gənclərin aksiyasının başlanacağını gözləyirlər ki, polis tərəfindən saxlanılan gəncləri polis bölmələrinə daşısınlar.
Bundan başqa, digər metrostansiyaların ətrafında da vurnuşma, təşviş hiss olunur. "Neftçilər" metrostansiyasının cənub-şərq çıxışında makılerlərin yığışdığı parka toplaşan insanlar polis qüvvələri tərəfindən qovulublar Onlara deyilib ki, bu gün burada durmaq olmaz.
"28 May" metrostansiyasının qarşısında polis bir nəfəri həbs edib. Bu, YAP-çı gənc fəal Camal Mirzəməmmədov olub. Saxlanılanlardan birinin adı isə Camal Mirzəməmmədovdur. O, Yeni Azərbaycan Partiyasının üzvü olduğunu, Səbail rayon İcra Hakimiyyətində işlədiyini, Metrostansiyasının qarşısında görüş təyin etdiyini bildirib. Polislər onu saxlayaraq 21-ci polis bölməsinə aparıblar.
Bundan başqa, Səməd Vurğun bağında gənc siyasi fəallardan Turqut Qəmbər, Zaur Qurbanlı, Təbriz Önər və Əli Əkbər saxlanılıb.
Əməkdaşlarımızın verdiyi xəbərə görə, artıq polislər insanları həbs edərkən yaşına belə məhəl qoymurlar. Həbs olunanların arasında yaşı 40-ı adlamış, keçmiş prezidentliyə namizəd, Liberal Demokrat Partiyasıının sədri Fuad Əliyev də var.
Aksiyanın təşəbbüsçülərindən biri, Fuad Hacıyev ad-soyadlı gənc jurnalistlərə açıqlama verərək bildirib ki, bu, sadəcə, nəbz yoxlamasıdır, gerçək aksiya bir neçə gündən sonra da ola bilər. Bu zaman polislər yaxınlaşaraq onu həbs edib, özləri ilə bölməyə aparıblar.
Əməkdaşlarımızın verdiyi xəbərə görə, polislər "28 May" metrostansiyasının qarşısında Anar Süleymanov adlı gənci saxlayıb aparıblar.
4 gənci Cəfər Cabbarlının heykəlinin yanında, daha 9 gənci isə "Tarqovı"da saxlayıblar.
"Azadlıq" radiosunun əməkdaşı Abbas Atilayla polislərin arasında insident olub. ADP gənclər təşkiltaından Emin Fərhadi, cəbhəçi gənclərdən Vüsal Abbasov və Ağası İbrahimov saxlanılıb.
"Azadlıq" radiosunun məlumatına görə, «Araz» kinoteatrının yaxınlığındakı kafedə oturan dörd nəfər saxlanılıb. Emin Əlisoy, Vüsal Rzasoy, Rüfət Abbasov və daha bir nəfər.
Bu haqda polis bölməsinə aparılan Emin Əlisoy özü məlumat verib. O, dostu Vüsal Rzasoyla kafedə çay içdikləri vaxt saxlandıqlarını, digər iki nəfərisə tanımadığını deyir: «Çay içirdik. Polislər bizi götürdülər. Səbəbsiz. İndi bizi aparırlar. Heç bir izahat da verməyiblər».
«28 May» metrostansiyası yaxınlığında AXCP üzvü Mikayıl Bəybalayev və adı bilinməyən daha bir gənc saxlanılıb.
Son xəbərə görə, Mirislam Məmmədov və Üzeyir Məmmədzadə isimli gənclər də tutulub.
"28 May" metrostansiyası ətrafında gərginlik son həddə çatıb. Metronun giriş və çıxış qapıları bağlanıb. Nə metrodan çıxanlara, nə də metroya girmək istəyənlərə sərbəst hərəkət etmək imkanı verilmir. Üstəlik, qatarlar artıq adı çəkilən metrostansiyada saxlamır, düz keçirlər.
Bundan başqa, dərs vaxtının bitməsinə baxmayaraq, Neft Akademiyasının tələbələrini auditoriyalardan buraxmırlar. Onları bir növ əsir edib saxlayıblar ki, birdən aksiyaya qoşularlar.
Xatırladaq ki, bir qrup gənc 11 martı "Böyük Xalq Günü" elan edib. Onlar bu aksiyanın virtual olacağını, yalnız sosial şəbəkələrdə baş tutacağını desələr də, hakimiyyət ciddi təhlükəsizlik tədbirləri həyata keçirir.
Diqqət: xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır