Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Fransanın halal bazarı son illərdə diqqətçəkən ziddiyyətlə üzləşib. Ölkə daxili tələbat üçün quş ətinin böyük hissəsini idxal etdiyi halda, halal bazarında və şəbəkə restoranlarında istifadə olunan toyuq ətinin əhəmiyyətli hissəsi digər Avropa ölkələrindən, xüsusilə Polşadan gətirilir.
Fransanın yerli xəbər portalının hazırladığı araşdırmada son 15 ildə bu sahədə baş verən proseslər təhlil olunub. Bildirilir ki, 2011-2012-ci illərdə halal kəsimlə bağlı siyasi mübahisələr və sonradan qəbul edilən qaydalar Fransanın halal təchizat zəncirinin bir hissəsinin istiqamətini dəyişib və Polşanın bu bazardakı mövqeyini gücləndirib.
Məlumata görə, Fransa quşçuluq sənayesinin daxili bazardakı mövqeyi son illərdə zəifləyib. 2025-ci ildə ölkədə istehlak edilən toyuq ətinin 52,4 faizi idxal hesabına təmin olunub. Ölkənin quş əti üzrə özünütəminetmə səviyyəsi isə 67 faiz təşkil edib. Həmin il toyuq əti idxalı əvvəlki illə müqayisədə 9,5 faiz artıb.
İctimai iaşə və restoran sektorunda idxal olunan toyuq ətindən asılılıq daha yüksəkdir. Araşdırmaya əsasən, bu sahənin bəzi seqmentlərində idxal məhsullarının payı 70-80 faizə çatır.
Fransanın quş əti idxal etdiyi ölkələr arasında Polşa xüsusi yer tutur. Hesabatda qeyd olunur ki, 2023-cü ildə Fransa quş əti idxalının təxminən 29 faizi Polşanın payına düşüb. Belçika 24 faizlə ikinci yerdə qərarlaşıb. Polşanın Fransaya quş əti ixracı 2010-cu ildən etibarən təxminən 10 dəfə artıb.
Araşdırmada bu artımın yalnız Şərqi Avropada istehsal xərclərinin daha aşağı olması ilə izah edilə bilməyəcəyi vurğulanır. Prosesin mühüm səbəblərindən biri də halal bazarının təchizat zəncirində baş verən dəyişikliklərlə əlaqələndirilir.
2011-2012-ci illərdə halal kəsimlə bağlı mübahisələr dönüş nöqtəsinə çevrildi
Araşdırmaya görə, 2011-ci ilin sonlarından etibarən halal məsələsi Fransada ictimai və siyasi müzakirələrin əsas mövzularından birinə çevrilib. Lakin müzakirələr istehlak, təchizat zəncirinin şəffaflığı və heyvanların rifahı kimi məsələlərdən daha çox “kommunitarizm” və “İslamlaşma” kimi siyasi anlayışlar ətrafında aparılıb.
Həmin dövrdə Milli Cəbhənin lideri Marin Le Pen halal qida və dini qaydalara uyğun heyvan kəsiminə qarşı dəfələrlə çıxış edib. Fransa parlamentindəki sağ siyasi qüvvələrin bir hissəsi də dini kəsimlə bağlı müxtəlif təşəbbüsləri və mövqeləri dəstəkləyib.
Bu siyasi atmosfer fonunda Fransanın baş naziri Fransua Fiyonun rəhbərlik etdiyi hökumət 28 dekabr 2011-ci ildə 2011-2006 nömrəli fərman qəbul edib. Qaydalara əsasən, 1 iyul 2012-ci ildən etibarən dini qaydalara uyğun kəsim həyata keçirən kəsimxanalar prefektura səviyyəsində xüsusi icazə almalı idi.
Rəsmi məqsəd halal və koşer kəsimlərin tənzimlənməsi və onlara nəzarətin gücləndirilməsi olsa da, araşdırmada bildirilir ki, yeni qaydalar praktikada heyvanların əvvəlcədən keyləşdirilmədən kəsilməsini həyata keçirən bəzi Fransa kəsimxanalarına təzyiq yaradıb.
Bəzi müəssisələr fəaliyyət icazələrini qorumaq məqsədilə heyvanların elektrik üsulu ilə keyləşdirilməsindən daha geniş istifadə etməyə başlayıb, digərləri isə keyləşdirmədən həyata keçirilən dini kəsimdən imtina edib.
Halal məhsulların sertifikatlaşdırılması və nəzarəti ilə məşğul olan AVS təşkilatı da 2012-ci ildə yeni qaydaların mümkün nəticələri barədə xəbərdarlıq edib. Təşkilat hesab edirdi ki, yeni tələblər heyvanların keyləşdirilmədən dini qaydada kəsilməsini həyata keçirən kəsimxanaların bu fəaliyyəti davam etdirməkdən imtina etməsinə səbəb ola bilər.
Nəticədə halal bazarında fəaliyyət göstərən bəzi şirkətlər yeni təchizatçılar axtarmağa və məhsullarını Fransadan kənarda əldə etməyə məcbur olublar.
Polşa Fransadakı mübahisələrdən iqtisadi imkan əldə etdi
Məhz bu mərhələdə Polşa halal bazarında fəaliyyət göstərən şirkətlər üçün mühüm alternativlərdən birinə çevrilib.
Araşdırmada qeyd olunur ki, Polşa istehsalçıları bəzi fransız halal şirkətlərinin ölkə daxilində əvvəlki kimi asanlıqla əldə edə bilmədiyi imkanları təqdim edirdilər. Bunlara yüksək istehsal gücü, sabit təchizat və bəzi müştərilərin tələblərinə uyğun olaraq heyvanların əvvəlcədən keyləşdirilmədən dini qaydada kəsilməsini həyata keçirən kəsimxanaların mövcudluğu daxil idi.
Nəticədə Fransadakı müsəlman sahibkarlarla Şərqi Avropanın ət sənayesi arasında qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq formalaşıb.
Fransalı topdansatışçılardan biri sonradan Polşada istehsalçı və idxalçıya çevrildiyini bildirərək “Al-Kanz” portalına açıqlamasında deyib ki, əvvəllər Fransa istehsalı olan əti əldə etmək üçün ölkə daxilindəki kəsimxanalara müraciət edirdi. Lakin onun sözlərinə görə, Fransadakı bəzi sənaye nümayəndələri müsəlman sahibkarlarla əməkdaşlığa yuxarıdan aşağı münasibət göstərirdilər.
O qeyd edib ki, yeni qaydaların qüvvəyə minməsindən sonra Fransada halal bazarında fəaliyyət göstərmək çətinləşib. Bunun əksinə olaraq, Polşa istehsalçıları müsəlman sahibkarları problem kimi deyil, tərəfdaş və inkişaf üçün iqtisadi imkan kimi qəbul ediblər.
Yaxın iki onillik ərzində Fransanın Oser şəhəri yaxınlığındakı Apoinyi bölgəsində yerləşən Laguillaumie halal toyuq kəsimxanasını idarə edən Musa Məqaydes də bu tendensiyanı təsdiqləyib. Onun sözlərinə görə, sözügedən qaydalar bir çox halal bazarı iştirakçısını Polşa, Rumıniya və İspaniyaya üz tutmağa vadar edib. Bu isə nəticədə Fransanın quşçuluq sənayesinin mövqeyinə mənfi təsir göstərib.
Fast-food sektorunun inkişafı idxalı daha da artırdı
Halal restoranların və fast-food şəbəkələrinin sürətlə genişlənməsi də bu prosesi gücləndirib.
Tələbatın artması standart ölçülü, hissələrə ayrılmış və böyük həcmdə fasiləsiz şəkildə çatdırıla bilən toyuq məhsullarına ehtiyacı artırıb. Bu isə yüksək istehsal gücünə və güclü logistika şəbəkələrinə malik sənaye təchizatçılarını ön plana çıxarıb.
“Al-Kanz” portalının təhlilinə görə, Fransa halal bazarında fəaliyyət göstərən bəzi sahibkarları və şirkətləri ölkənin daxili istehsal zəncirində saxlaya bilməyib. Nəticədə halal bazarının artımından əldə olunan iqtisadi faydanın bir hissəsi digər Avropa ölkələrindəki kəsimxanalara və emal müəssisələrinə keçib.
Araşdırmanın müəllifi sonda Fransanın halal bazarına münasibətində siyasi və iqtisadi yanaşmalar arasındakı ziddiyyətə diqqət çəkir.
Belə ki, Polşa halal bazarını iqtisadi imkan kimi qiymətləndirərək bu sahədən yararlanmağa çalışdığı halda, Fransa uzun müddət halal məsələsinə daha çox siyasi və mübahisəli mövzu kimi yanaşıb.
Hazırda isə Fransada quş ətinin böyük hissəsinin idxal hesabına təmin edilməsi, yerli istehsalın azalması və “milli istehsalın” qorunmasına çağırışlar həmin siyasətin nəticələri ilə bağlı yeni müzakirələrə səbəb olur.
Araşdırmada vurğulanır ki, vaxtilə halal bazarına münasibətdə yaranmış siyasi gərginlik və etimadsızlıq nəticə etibarilə Avropanın digər ölkələrindəki istehsalçıların, xüsusilə də Polşanın bu bazarda mövqeyini möhkəmləndirməsinə imkan yaradıb.
Sizin rəyiniz