Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Yevlax şəhər sakini Maqsud Süleymanovun rayon icra hakimiyyətinin başçısı Elmar Vəliyevin korrupsiya əməlləri barədə prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edərək sahibkar hüquqlarının RİH başçısı Elmar Vəliyev tərəfindən necə pozulduğunu müraciətdə açıq bildirmiş və ölkə rəhbərindən kömək istəmişdi.
Xatırladaq ki, iş adamı 4 illik davamlı xahişlərinə məhəl qoyulmadığından, ötən ilin mayında dövlətin bütün səlahiyyətli orqanlarına ərizə ilə müraciət edib. Lakin yalnız DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən cavab gəlib və təhqiqat yolu ilə həqiqətən də E.Vəliyevin ona 25 min manat ziyan vurduğu sənədlərlə təsdiqlənib, hətta təhqiqat dövründə ona qarşı tərəf üst-üstə 1400 manat pul da ödəyib. Pulun qalanı isə indiyədək qaytarılmayıb.
Qeyd edək ki, Yevlax sakininin müraciəti bu ayın əvvəlində “Təzadlar” qəzetində də dərc olunub. Maraqlıdır ki, müraciət mətbuatda dərc edildikdən sonra qəzetlərə zəng edən Maqsud Süleymanov onun adından verilmiş yazının dayandırılmasını xahiş edib. Bu günlərdə isə “Yeni Müsavat”a M.Süleymanovun adından yazılmış məktub daxil olub. Məktubda qeyd edilir ki, qəzetimizin 3 fevral 2011-ci il tarixli sayında getmiş “Yevlağın icra başçısı Göygöldə 3 villa tikdirib” başlıqlı məqalədə onun adından istifadə olunub.
Məsələ ilə bağlı dünən M.Süleymanovla əlaqə saxladıq. Lakin çoxsaylı zənglərimizə baxmayaraq onunla danışmaq mümkün olmadı. Yevlaxdan aldığımız məlumata görə isə M.Süleymanov icra başçısının təzyiqləri ilə üzləşib və həmin məktublar da məhz başqa şəxslər tərəfindən yazılıb: “Yaxşı olar ki, Maqsud Süleymanov Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb dindirilsin. O, deyilənlərlə bağlı heç bir təkzib verməyib. Həyat yoldaşı da deyilənlərin üstündə durur. Sadəcə, icra başçısı onu polisə apartdıraraq döydürüb. Daha dəqiq desək, məqalənin dərc edildiyi günün ertəsi onu ailəsi ilə birgə zorla polis idarəsinə aparıblar və burda ona təzyiqlər olub”.
Deyilənlərlə əlaqədar “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili ilə də telefon əlaqəsi saxladıq. Baş redaktor M.Süleymanovun ayın əvvəlində ona zəng edərkən çox həyəcanlı olduğunu dedi: “Prezidentə müraciəti dərc olunandan sonra mənim mobil telefonuma zəng etdi. Səsi titrəyirdi. Halbuki bir gün qabaq mənimlə belə tonda danışmamışdı. Bu dəfə icra başçısının xeyrinə danışdığı üçün şübhələndim. Yenə həyəcanla bildirdi ki, ”Asif müəllim, Sizdən xahiş edirəm, adımdan istifadə olunmasına yol verməyin. Mənim Yevlağın başçısı ilə artıq problemim yoxdur..." və s. Açıqca hiss olunurdu ki, ona təzyiq edilib".
Baş redaktor ona M.Süleymanovun həyat yoldaşı adından zəng olduğunu da dedi: “Yaxşı bilirəm ki, Maqsud Süleymanovun həyat yoldaşı deyilənləri təkzib etməkdən imtina edib. Mənimlə danışan isə sadəcə, icra hakimiyyətində işləyən bir xanım olub və adını da bilirəm”. A.Mərzili onu da əlavə etdi ki, bu günlərdə özünü M.Süleymanovun yaxın dostu kimi təqdim edən şəxs ona məlumat verib ki, şikayətçi “Təzadlar”ın baş redaktoruna zəng edərkən təzyiq altında olub. Asif bəy hazırda iş adamının ev dustağı edildiyini dedi.
Diqqət: Xəbərdən istifadə etdikdə məbəyə istinad lazımdır