25 yanvar 2011 - 20:30

Əməliyyatda iştirak edən Füzuli Quliyev: "hərbçilərmiz əsir düşməmək üçün özlərini öldürməkdən çəkinmədilər"

Bu gün Daşaltı əməliyyatından 19 il ötür. 1992-ci il yanvarın 26-da keçirilən hərbi əməliyyat zamanı Azərbaycan Ordusunun itkiləri çox olsa da, əsgərlərimiz son ana qədər vuruşublar. Təkcə ilk könüllülərdən ibarət tabor 77 şəhid verib. Bu il də bu tarix Şəhidlər xiyabanında anılıb. Daşaltı əməliyyatının iştirakçıları və şəhidlərin yaxınları xiyabanı ziyarət ediblər.

Keçmiş döyüşçü Füzuli Rzaquliyev Ans-ə müsahibəsində bildirib ki, Daşaltı əməliyyatı zamanı məqsədləri düşməni məhv etmək, erməni silahlı bölmələrinin işğalının qarşısını almaq olub.

“Biz həmin vaxt qeyri-bərabər döyüşlərə girirdik. Döyüşdə itkilərimizin böyük olmasına baxmayaraq, düşmən də böyük itki ilə üzləşdi. Biz onların “KamAZ”la dolu şəxsi heyətini məhv etdik, daha sonra kəndin içinə daxil olaraq orada da düşmənin canlı qüvvələrini məhv etdik. Mən həmin döyüşdə hərbçilərimizin mətinliyinin şahidi oldum. Onlar düşmənə əsir düşməmək üçün özlərini belə öldürməkdən çəkinmirdilər. Elşən Xəlilov əsir düşməmək üçün F-1 qumbarası ilə özünü partlatdı, Zaur Cəfərov son gülləsini özünə sıxdı. Biz sadəcə döyüşü uduzmuşuq, müqəddəs müharibə hələ qabaqdadır”.

Xatırladaq ki, 1992-ci il yanvarın 26-da keçirilmiş "Daşaltı əməliyyat"ı uğursuzluqla nəticələnib. Şuşa yaxınlığında yerləşən Daşaltı kəndinin azad edilməsi məqsədi ilə həyata keçirilən əməliyyata sabiq müdafiə naziri, general-mayor Tacəddin Mehdiyev özü bilavasitə rəhbərlik edib. Əməliyyatda yenicə yaranmış Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin müdafiə taborunun döyüşçüləri iştirak edib. Taktiki səhvlər, qruplar arasında rabitə əlaqəsinin olmaması, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti nəticəsində Nəbilər kəndi istiqamətindən Daşaltıya daxil olan Azərbaycan tağımları düşmənin pusqusuna düşərək tamamilə məhv edilib. Kəndə daxil olmuş bir neçə tağım isə xeyli itki verərək geri çəkilə bilib. Rəsmi məlumatlara görə, Daşaltı əməliyyatında Azərbaycan Ordusu 90 nəfərdən artıq itki verib, onların böyük əksəriyyəti hələ də itkin düşmüş sayılır. Döyüşdə ermənilər də bir neçə texnika və 80-ə yaxın canlı qüvvə itirib.

Allah bütün şəhidlərimizə rəhmət etsin! Amin.