Əhl Beyt-ABNA-xəbər agentliyi - Gürcüstan ərazisindən Ermənistana gedən magistral qaz kəməri hər iki ölkədə kəskin siyasi debatlara səbəb olub. Xəbər verildiyi kimi, Gürcüstan parlamenti Ermənistanı Rusiya qazı ilə təmin edən qaz kəmərini özəlləşdirilməsi qadağan edilən strateji obyektlər siyahısından çıxarıb.
Ardınca hökumət elan edib ki, kəmərin səhmlərinin bir hissəsi London birjasında satışa çıxarılacaq. Dərhal belə mübahisələr başlayıb ki, kəməri Rusiyanın “Qazprom” şirkəti ala və Gürcüstanın maraqlarına zərbə vurula bilər. Ermənistanda isə kəmərin Azərbaycanın nəzarətinə keçə biləcəyinə dair qorxu yaranıb. Artıq məlumat var ki, kəməri almağa “Qazprom”, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və Qazaxıstanın “Kazmunayqaz” şirkəti maraq göstərir.
Mübahisələri sakitləşdirmək üçün baş nazir Nika Qiluari bildirib ki, kəmərin nəzarət səhm paketini satmağın əleyhinədir. O, London birjasında kəmərin səhmlərinin 10-15 faizinin satıla biləcəyini deyib. Buna baxmayaraq hakim partiya kəmərin nəzarət səhm paketini satmağı qadağan edən düzəlişin parlamentdən keçməsinə imkan verməyib.
Müxalifət isə hesab edir ki, kəmərin nəzarət səhm paketi “Qazprom”un əlinə keçə və bununla da Gürcüstanın milli təhlükəsizliyi üçün qorxu yarana bilər. Ən çox narahatlıq doğuran isə odur ki, Rusiya qanunvericiliyinə görə, bu ölkə xaricdəki hərbi maraqlarını qorumaq üçün güc tətbiqini mümkün sayan qanunvericiliyə malikdir. Müxalifətdən olan deputatlar hesab edir ki, hökumət kəməri satışa çıxarmaqla Rusiya qarşısında kapitulyasiyaya gedir. Onlar hesab edir ki, Ermənistanla Rusiyanı birləşdirən qaz kəməri başqa heç bir ölkə üçün kommersiya maraqları kəsb etmir. “Qazprom” əvvəllər kəməri almaq üçün dəfələrlə səy göstərib, lakin Qərbin istəyi ilə onun satışına qadağa qoyulub.
İqtisadçılar isə deyirlər ki, qaz kəməri rentabelli deyil və onu almaq istəyən ancaq siyasi maraqlara söykənəcək. Belə investor isə ancaq “Qazprom” ola bilər. Lakin Ermənistanda narahatdırlar ki, məhz siyasi maraqlardan çıxış edərək kəməri ARDNŞ ala və bununla da İrəvana iqtisadi təsir mexanizmi əldə edə bilər.
Mübahisələrin fonunda hökumət növbəti dəfə bəyan edib ki, 235 kilometrlik kəmərin bütünlüklə satılmasından söhbət getmir. Bildirilir ki, kəmərin səhmlərinin bir hissəsi yaxın 2-3 ildə birjaya çıxarıla bilər, nəzarət paketi isə dövlətdə qalacaq. Eyni mübahisələr Gürcüstan ərazisindən Ermənistana gedən dəmir yolunun mümkün satışı ətrafında da gedir. Ermənistan hökuməti isə bu ölkənin tələbatı üçün malların əksəriyyətinin daşındığı Gürcüstan dəhlizi ətrafında baş verənlərdən narahat olaraq Tiflisdən izahat istəyir.
F.MƏMMƏDOV