Əhl Beyt-ABNA-xəbər agentliyinə verilən xəbərə əsasən , “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar. Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
***
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhid qardaşı Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.
***
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə Azərbaycan dövləti milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Onu unutmayaq. Yeri behişt olsun. Vətən sağ olsun...
Elmin BƏDƏLOV, Bakı - Biləsuvar - Bakı


