Əhl Beyt-ABNA-xəbər agentliyi musavata istinadən Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqa (DUİ) daxil olan partiyaların iyulun 3-də paytaxtda keçiriləcək mitinqə şərait yaradılması istənən müraciətinə cavab verib. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı “Media forum” saytına açıqlamasında deyib ki, meriyadan ənənəvi cavab alıblar: “Bakı Şəhər İcra Hakimiyyəti yenə də səlahiyyətlərini aşaraq aksiyanı Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydançada keçirməyi tövsiyə edib. Bu da tamamilə qanunsuzdur. Çünki kütləvi aksiyanın yerini, vaxtını, şüarlarını müəyyənləşdirmək icra hakimiyyətinin deyil, mitinq təşkilatçılarının səlahiyyətinə aid olan məsələdir. Bakı Şəhər İcra Hakimiyyətinin cavabına baxmayaraq aksiyanı müəyyənləşdirdiyimiz meydanların birində keçirəcəyik. Çox güman, aksiya iyunun 3-ü saat 17.00-da Hüseyn Cavid bağında başlayacaq. Hazırda müzakirələr davam edir”. Müsavat Partiyası və DUİ Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlərində aksiya üçün Xalça Muzeyi önündəki meydanı, “Nərimanov” kinoteatrının qarşısını, Səməd Vurğun bağını, Hüseyn Cavid bağını, “28 May” və Füzuli meydanlarını istəmişdi. İyulun 3-də aksiya keçirmək haqda qərar verən Xalq Cəbhəsi, Liberal və Vətəndaş və İnkişaf partiyalarının daxil olduqları “Azadlıq” blokunun müraciətinə isə Bakı Şəhər İcra Hakimiyyəti hələ cavab verməyib.