Mehriban Allahın adı ilə
Zöhdün mənası nədir? Dini terminlər arasında "zöhd" deyilən əxlaqi bir terminlə rastlaşırıq. Bunun həqiqi mənasını başa düşmək üçün hər şeydən əvvəl leksik və terminoloji mənalarını araşdırmaq lazımdır. Öncədən deyək ki, çox təəssüflər olsun ki, səhv etiqadda olanların əli ilə zöhd bir çoxlarınıın zehnində öz həqiqi mənasını itirmiş, tamamilə ayrı bir mənaya, hətta demək olar ki, İslam göstərişlərinin ziddi olan bir terminə çevrilmişdir. O cümlədən, bəziləri zöhdü kasıblıq və yoxsulluq, bəziləri guşənişinlik (tənhalığa çəkilmək), bəziləri dünyadan tamamilə üz çevirmək, bəziləri də sufilik və yun geyim geymək kimi mənalandırmışlar. Bu səhv baxışlar və düşüncələrə cavab olaraq zöhdün həqiqi və düzgün mənalarını araşdıraraq sözü, əməli və davranışı bizim üçün örnək olan peyğəmbər və övliyaların həyatına, nəsihətlərinə nəzər salaq. Zöhdün düzgün mənası Zöhdün leksik mənası rəğbətsizlik və meyilsizlikdir. Terminologiyada isə zöhd dünya məhəbbətini tərk etmək, qəlbdən çıxartmaq mənasınadır. Həzrət Əli (ə) zöhdə belə tərif verir: "Zöhdün bütün mənası iki kəlmədir və onu da Mütəal Allah Quranda buyurmuşdur: "Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür". ("Hədid" surəsi, ayə 23.) Keçmişinə görə təəssüflənməyən və gələcəyinə görə sevinməyən şəxs zöhdə hərtərəfli riayət etmişdir ". ("Nəhc əl-bəlağə", 439-cu hikmət.) Bu rəvayətə əsasən həzrət Əli (ə) zöhdü dünyaya ürək bağlamamaq, yəni bütün dünyanı əldə etdikdə sevinməmək və ya dünyanın bütün sərvətlərini, məqamlarını itirdikdə narahat olmamaq kimi mənalandırmışdır. İmam Hüseyn (ə) buyurur: "Zöhd, təqvaya ürək bağlamaq dünya məhəbbətini ürəkdən çıxarmaqdır". ("Tühəf əl-üqul", səh. 388.) Biz peyğəmbərlərin və məsum İmamların (ə) həyatına nəzər saldıqda məlum olur ki, onların var-dövləti olmuş, heç bir maddi çətinlik çəkməmiş və daim yoxsullara kömək etmiş, onların maddi ehtiyaclarını aradan qaldırmağa çalışmışlar. Sözümüzü hədis və düzgün dastanlardan əlavə Qurani-kərim də təsiqləyir. Onlardan bir neçəsini nümunə göstəririk. Öz var-dövlətinin çoxluğu ilə peyğəmbərlər arasında məşhur olan həzrət Süleyman (ə) barədə buyurulur: "(Süleyman) Dedi: "İlahi, məni bağışla və mənə elə bir padşahlıq əta et ki, məndən sonra heç kəs ona layiq deyil".("Sad" surəsi, ayə 35.) Misir ölkəsinin rəhbərlərindən olan həzrət Yusifin (ə) ixtiyarına ölkənin bütün xəzinəsi və böyük məqamların qoyulamsını Qurani-kəirm həzrət Yusifin (ə) dilindən belə buyurur: "İlahi, həqiqətən Sən mənə mülk verdin".("Yusif" surəsi, ayə 101.) Peyğəmbərlərin heç biri ilahi nemətlərdən məhrum olmamışlar. Mütəal Allah Quranda bu barədə Öz peyğəmbərlərinə belə buyurur: "Ey peyğəmbərlər! Sizə verdiyim pak-pakizə ruzilərdən istifadə edin". ("Taha" surəsi, ayə 81.) Bu nümunələrdən aydın olur ki, zöhd yoxsul olmaq, kasıblıqla yaşamaq deyil. Çünki belə olsaydı, ilk olaraq peyğəmbərlər ona əməl edərdilər. Xüsusilə də həyatı haqqında bütün peyğəmbərlərdən daha çox əlimizdə məlumat olan həzrət Məhəmmədin (s) heç vaxt yoxsul, kasıb olmamasını, tənhalığa çəkilməməsini, əksinə o həzrətin bu kimi hallarla mübarizə apardığının şahidi oluruq. Belə ki, o həzrət ticarətlə məşğul olmuş, həmişə xalq arasında, cəmiyyət içərisində olmuşdur. Zöhd dünyanı tərk etmək mənasında olsaydı davranışı bizim üçün örnək olan bir şəxs belə edərdimi?! Bəli, o həzrət ümmətin rəhbəri olduğu üçün öz dövründəki camaatın iqtisadi vəziyyətini nəzərə alaraq, qiymətli geyim əvəzinə, sadə libas geyər, ləziz xörəklər yeməz, sadə yaşayardı. O həzrət bu barədə buyurardı: "Öz həyat yükünü camaatın çiyninə qoyaraq özü işsiz gəzən şəxs məlundur və Allahın belə şəxsdən xoşu gəlməz". Peyğəmbər (s) həmişə camaatı işləməyə təşviq etmiş, şəxsi qazanclarından istifadəyə çağırmışdır. Belə ki, buyurur: "Hər kəs (əkin-biçinə yararlı olmayan) bir yeri (yararlı hala gətirərək) abad etsə, o yer onun mülkü olacaqdır". Başqa bir hədisdə yenə buyurur: "Ticarət əhli olan şəxs, öz işində doğruçu və düzgün bir müsəlman olarsa, Qiyamət günü şəhidlərlə bir yerdə olacaq". ("Sünən əl-nəbi".) Peyğəmbəri-əkrəmin (s) insanların dünyəvi işlərlə məşğul olması, onların heç kimə möhtac olmaması barədə hədislərini ayrıca yazmalı olsaq, bir neçə kitab olar. O həzrət dünyada süst və möhtac olmadan yaşamağı ibadət saymış, özünün və ailəsinin maddi ehtiyaclarını ödəmək üçün çalışan halda ölən şəxsi şəhid adlandırmışdır. O həzrət insanları yalnız dünyapərəstlikdən, əllərində olan var-dövlətə, məqama bağlı olub Allahı yaddan çıxarmaqdan çəkindirmişdir. Bəs nə üçün bəziləri zöhdü yoxsulluq, qalın paltar geymək, həsir üstə yatmaq və s. kimi mənalandırmışlar? Nə üçün Peyğəmbərin (s), həzrət Əlinin (ə) insanları başqalarına möhtac olmamağa çağırışlarını oxuduqdan sonra da yenə onları həmişə yoxsul adamlar kimi cilvələndirməyə çalışmış, hətta yəhudiyə borclu olmalarından danışan kimi saxta hədislər qondarmışlar? Bəli, bunu qəbul edirik ki, Peyğəmbərin (s) zamanında maddi çətinliklər üzündən camaatın çoxu həsir üstə yatdığı kimi o həzrət də ümmətin rəhbəri olaraq həsir üstə yatmağa məcbur idi. Amma bu zöhdün mənası deyil. Çünki zöhdün mənası bu olsaydı, onda İmamlarımız (ə), övliyalar, din böyükləri Peyğəmbər (s) və Əliyə (ə) tabe olaraq həsir üstə yatardılar. Əvvəldə işarə etdiyimiz kimi qabaqkı peyğəmbərlər də belə yatmamışlar. Əksinə, onların var-dövlət içində yaşadığına, bəzilərinin qəsrlərdə, saraylarda yaşamasına, bəzilərinin isə padşah olmasına, qızıl toxunuşlu geyimlər geyməsinə ayə və rəvayətlərimiz vardır. Onlar bütün bu hallarla inasanların ən zahidi idilər. Bu arada zöhdü yoxsulluq mənasına yozan quraşdırılmış hədislərdən birinə işarə edirik. "Töhfeyi-Əbbasiyə" kitabının müəllifi öz kitabında bu hədisi özündən uydurmuşdur: "Peyğəmbəri-əkrəm (s) buyurdu: "Meraca getdiyim gecə cənnətin ortasında qırmızı yaqutdan bir qəsr gördüm. Cəbrail onun qapısını açdıqda orada mirvariddən bir ev və evin içində işıq saçan bir sandıq göründü. Sandığın içində nə olduğunu bilmək üçün Cəbraildən onu açmasını istədim. Cəbrail dedi: "Onu açmağa mənim icazəm yoxdur və Allah-taala onu açmağın icazəsini ən çox sevdiyi şəxslərdən başqa heç kimə verməmişdir". Allaha yalvarıb, sandığı açmaq üçün izin istədim. Allah-taala icazə verdi. Cəbrail sandığı açdıqda onun içində iki şey gördüm: kasıblıq və xirqə (çoxlu yamağı olan libas). Bu vaxt Allah-taala buyurdu: Ey Məhəmməd! Bu iki şey sən və ümmətin üçündür. Bunları sevdiyim adamlardan başqa heç kimə vermərəm və bu iki şeydən artıq sevdiyim heç bir şey yoxdur". Sonra həzrət Peyğəmbər (s) xirqəni geyindi və kasıblığı seçdi. Məsum İmamlar (ə) də onu seçdilər. Onlardan sonra da sufilər onu seçdilər". ("Töhfeyi Əbbasiyyə", səh. 93.) Bu dastanı zöhdü öz nəfs istəklərinə uyğun mənalandırmaq istəyənlər qondarmışlar ki, yanlış etiqadlarını düzgün kimi qələmə versinlər. Amma burada bir neçə sual qarşıya çıxır: 1. Mütəal Allah yoxsulluq və xirqəni öz sevdiyi şəxslərə verirsə, onda belə nəzərə gəlir ki, öz peyğəmbərlərini sevməmişdir. Əgər sevmişdirsə, nə üçün onlara var-dövlət, şahlıq, yüksək dünya məqamları vermişdir? 2. Nə üçün Quranda yüksək məqamlar, var-dövlət verdiyi Süleyman (ə), Yusif (ə), Zül-Qərneyn kimi şəxsləri bəyəndiyindən söz açır? ("Yusif" surəsi, ayə 24, "Nəml" surəsi, ayə 15.) 3. Yoxsulluğun, kasıblığın pislənməsi barədə olan bizim əlimizdəkəi düzgün rəvayətlər bu dastanla bir araya sığa bilərmi? Hansı kasıblıq iftixardır? Burada bir sualın qarşıya çıxması mümkündür ki, Peyğəmbərin (s) "Fəqirlik mənim iftixarımdır" ("Bihar əl-ənvar", c.16, səh. 217.) kəlamında məqsədi nə idi? Bu sualın cavabı çox aydındır. Cünki o həzrətin bu kəlamda məqsədi maddi kasıblıq yox, aləmlərin Rəbbi qarşısındsa öz zəifliyini, ehtiyaclı olmasını etiraf etməsidir. Necə ki Mütəal Allah buyurur: "Ey insanlar, sizin hamınız Allaha ehtiyaclısınız, təkcə Allah ehtiyacsız, həm də layiqdir". ("Fatir" surəsi, ayə 15.) Bəli, insanın özünü Allah qarşısında ehtiyaclı bilməsi, bunu etiraf etməsi, özünü Onun qarşısında kiçik sayması böyük iftixardır. İnsanın Allah dərgahında məqamı ucaldıqca və insan öz məqamını dərindən dərk etdikcə Allaha olan ehtiyacını daha çox etiraf edir. Yəni ona verilən hər bir məqam və nemət onun Allaha ehtiyacını daha çox artırır. Quran həzrət Musanın (ə) dilindən buyurur: "(Musa dedi:) Ey mənim Rəbbim! Mən Sənin mənə nazil edəcəyin xeyirə möhtacam!" ("Qəsəs" surəsi, ayə 24.) Maddi yoxsulluq yaxşı deyil Bu açıqlamalardan aydın oldu ki, Allahdan başqasına, yəni məxluqa möhtac olmaq heç də yaxşı deyil və xüsusilə də peyğəmbərlərə yaraşmır, onların şənində deyil. İndi də kasıblığın və başqasına möhtac olmağın bəyənilməməsinə və məzəmmət olunmasına aid bir neçə ayə və hədisə diqqət yetirək: 1. Mütəal Allah yoxsulluğu şeytana aid bilir və buyurur: "Şeytan sizə fəqirlik vəd edir, amma Allah sizə bəxşiş və kamal vədəsi verir". ("Bəqərə" surəsi, ayə 268.) 2. Peyğəmbər (s) və məsum İmamlardan (ə) olan hədislərdə oxuyuruq: "Yoxsulluğun insanı küfrə çəkməsi yaxındır". "Dolanışığı olmayan adamın məadı düz deyil (yəni etiqadı düz deyil). Əlbəttə, bunu qeyd etmək yerində olar ki, bu iki hədisi (və bunun kimi çoxlu hədisləri) prinsipcə qəbul etmirik. Çünki İslamın əvvəlində Salman və Əbuzər kimi bəzi səhabələr yoxsul olmuş, hətta yatmaq üçün yerləri də olmamışdır. Amma bununla belə demək olar ki, birincisi, onlar əllərində olanı İslam yolunda xərcləmişlər, ikincisi, heç vaxt başqalarına möhtac olmamışlar. Bu isə özü varlılıq deməkdir. İndi özünüz insaf və düşüncə ilə deyin: İnsanı küfrə çəkən və onun axirətini məhv edən yoxsulluqla, Peyğəmbər (s) necə iftixar edə bilər? 3. Həzrət Əli (ə) imam Həsənə (ə) buyurur: "Oğlum, yoxsulluq kiçiklik və həqarətdir. Belə ki, nə bir kəs onun sözünə qulaq asar, nə də bir kəs onu tanıyar. Yoxsul şəxs doğruçu olsa, onu yalançı adlandırarlar, zahid olsa, cahil və nadan ləqəbi verərlər. Oğlum! Hər kəs yoxsulluğa düçar olsa, həqiqətdə dörd xüsusiyyətə düçar olmuşdur: yəqinlikdə zəifliyə, ağılda nöqsana, Allah hökmlərini yüngül saymağa, həya və abırın azalmasıana. Yoxsulluqdan Allaha pənah aparıram". ("Bihar əl-ənvar", c. 69, bab 94.) 4. İmam Əli (ə) buyurur: "Yoxsulluq böyük ölümdür ". ("Tühəf əl-üqul", səh. 366.) Qeyd: Yenə bir mətləbi açıqlamaq istərdik ki, bəzilərinin özlərindən qondardığı "yoxsulluğun Allah tərəfindən sevilməsi" dastanı, ixtiyarınızda qoyduğumuz bu və bunlar kimi işarə edə bilmədiyimiz çox hədislərlə uyuşa bilməz. Çünki bunlar sənədləri düzgün olan hədislərdir. Amma yoxsulluğun Allah tərəfindən sevilməsini çatdıran sənəd baxımından düzgün hədislər də vardır. Həmin hədislərə diqqətlə nəzər salsaq, onlarda iffəti, həyanı qorumaq və başqalarına əl açmamaq səbəbindən müvəqqəti olaraq mömin şəxsə üz vermiş yoxsulluqdan söhbət olunduğunu görərik. Nəzərinizə çatdırdığımız bu bir neçə rəvayətdən asanlıqla başa düşmək olar ki, yoxsulluq iftixar olmamaqdan əlavə, bir növ nöqsandır. Yoxsulluq çətinlik və çoxlarının dininin zəifləməsi səbəbidir. Yoxsulluq üzündən insan təhqir olunur, ailə və qohumları əzab-əziyyətə düşür. Bunlardan əlavə, yoxsulluq bəyənilmiş və iftixar ediləsi bir şey olsaydı, nə üçün məsum İmamlar (ə) öz dualarında bizə fəqirlikdən və başqalarına möhtaclıqdan Allaha sığınmağı öyrədirlər? Müqəddəs dinimizin bir tərəfdən yoxsulluğun iftixar olması, başqa bir tərəfdən isə bizi ondan uzaq olmağa çağırması, hətta namazdan sonra Allah dərgahına üz tutub: “İlahi hər bir yoxsul və möhtacı ehtiyacsız et”- deyə dua etməyimizi tövsiyə etməsi qeyri-mümkündür. Zöhd rahiblik və tərki-dünyalıq mənasındadırmı? Zöhd, rahiblik və dünyanı tərk etmək mənasında deyil. Bəziləri səhv olaraq guşənişinliyi, camaat arasından çıxmağı mənəvi kamala çatmaq üçün bir yol və proqram bilirlər. Bir halda ki, Mütəal Allah Qurani-kərimdə aşkar olaraq rahibliyin bidət olduğunu buyurur: "Onlar özlərindən rahiblik (tərki-dünyalıq) icad etdilər". ("Hədid" surəsi, ayə 27.) Bu fikir Quran və məsumların (ə) bəyanatlarının ziddinədir. Çünki Qurani-kərim və masumlar (ə) həmişə bizi bir-birimizə köməyə, həmkarlığa, həmfikir olmağa, məşvərət etməyə və fəaliyyətə səsləmişlər. Qurani-kərimdə buyurulur: "Bir-birinizə yaxşılıq və təqvada kömək edin". ("Maidə" surəsi, ayə 2.) Yenə deyilir:"(Axirət mükafatları) O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər. ("Şura" surəsi, ayə 38.) Yenə buyurulur: "(Ya Rəsulum!) İşdə onlarla məsləhətləş." ("Ali-İmran" surəsi, ayə 159.) Zöhd, rahiblik və tərki-dünyalıq mənasında olsaydı, öncədən dediyimiz kimi peyğəmbərlər və imamlar bu işdə hamıdan öndə olardılar. Amma heç bir peyğəmbər və övliya guşənişin olmamış, sövmələrə, ibadət mağaralarına çəkilməmişdir. Hətta İslamın əvvəllərində bir nəfərin öz ailə-uşağını buraxaraq, rahiblik edərək guşənişinliyə üz tutduğunu və bu yolla Allaha yaxınlaşmaq fikrində olduğunu Peyğəmbərə (s) xəbər verdikdə, o həzrət bunu eşidən kimi olduqca narahat oldu və səhabələri belə fikirlərdən çəkindirdi. İmam Sadiq (ə) buyurur: "Zöhdün mənası malını zay etmək, Allahın sənə halal etdliklərini (həyat yoldaşı, yaşamaq, sərvət və s.) özünə haram etmək deyil. Dünyada zöhd budur ki, öz əlində olanlara, Allahın yanında olanlardan çox ürək bağlamayasan və onlara arxayın olmayasan". ("Kafi", c. 5, səh. 70.) Peyğəmbər (s) də konkret olaraq buyurur: "Heç vaxt xri