“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Açıq Cəmiyyət İnstitutunun (“Soros fondu”) Azərbaycan bölümünün İdarə Heyətinin rəhbəri təyin olunub. O, vəzifəsinin icrasına gələn aydan başlayacaq.
Musavat.com-un M.Əliyevdən aldığı məlumata görə, bu vəzifəyə təyinatı onun üçün sürpriz olmayıb. Müvafiq sualımıza cavab olaraq əhatəli olmasa da, müəyyən fəaliyyət planına malik olduğunu bildirən M.Əliyev qeyd edib ki, onun iş fəaliyyətində media istiqaməti də önəmli yer tutacaq: “Açıq Cəmiyyət İnstitutu vətəndaş cəmiyyətinin rolunun artrırılması, qeyri-hökumət sektorunun aktivliyinin dəstəklənməsi və stimullaşdırılması istiqamətində işlər görür. Biz də çalışacağıq ki, müxtəlif layihələrin uğurla həyata keçirilməsinə öz töhfəmizi verək”.
Qeyd edək ki, Mehman Əliyevdən öncə həmin vəzifədə tanınmış politoloq Zərdüşt Əlizadə çalışıb.