Çox paxıl bir qadın vardı. Qadının Xacə Salman adlı qonşusu isə alicənab və varlı kişi idi. Qadının kişiyə paxıllığı tutur, sərvətini dağıtmağa, onu isə hörmətdən salmağa çalışırdı. Lakin əlindən bir iş gəlmir, Xacə isə öz həyatını yaşayırdı. Günlərin bir gün paxıl qadın Xacəni zəhərləmək fikrinə düşdü. Bir qədər halva bişirib ona xeyli zəhər qatdı. Səhər tezdən eşiyə çıxıb Xacənin gəlişini gözlədi. Xacə evdən çıxan kimi qadın çörəyin üzərinə qoyulmuş halvanı ona uzadaraq dedi: “Ehsandır”. Xacə qonşusunun “ehsan” payını alıb, tələsdiyindən halvanı yemədən yola düzəldi. Yolda iki yorğun və ac gənclə rastlaşdı. Xacənin onlara ürəyi yandı. Halva ilə çörəyı onlara verdi. Gənclər sevinclə çörəyi Xacədən alıb yedilər. Çox keçmədi ki, hər ikisi dünyasını dəyişdi.

Xəbər padşaha çatdı. Xacəni yaxalayıb saraya gətirdilər. Mühakimə zamanı əhvalatı olduğu kimi danışdı. Padşah qadını çağırtdırdı. Qadının gözləri ölmüş gənclərə sataşanda vay-şivənlə ağlamağa başladı. Məlum oldu ki, ölənlərdən biri qadının oğlu, digəri isə qardaşıdır. Baş vermiş müsibətin ağırlığına tab gətirə bilməyən qadın da bir neçə gündən sonra vəfat etdi.

Bəli, özü yıxılan ağlamaz, deyiblər. Bu paxıl qadın öz əli ilə qəbrini qazdı, iki boylu-buxunlu gənci paxıllığına qurban verdi. Sağ ikən həmişə paxıllıq ona əzab verirdi, sonda da bu pis niyyəti ucbatından həlak oldu. Belələri axirətdə də Allahın qəzəb atəşində yanıb kül olacaq.