Cavanlıq çağlarında, həyat dərsinin ilk illərində Amul şəhərinin Came məscidində günləri ism, fel və ədat şəkilində hallandırmaqla məşğul ikən böyük səylə sərf (morfologiya) və nəhv (sintaksis) elmlərini öyrənirdim. Mən səhər tezdən oyanmağa, gecələri oyaq qalıb ibadətlə məşğul olmağa çox diqqət yetirirdim.Mübarək bir səhərdə yuxuda İmam Rzanın (ə) ziyarətgahına müşərrəf olub üzü könüllər oxşayan Həzrətin (ə) ziyarətinə nail oldum.Məni nur dəryasının görüşündən öncə bir məscidə apardılar. Məsciddə ilahi övliyalardan birinin məzarı vardı. Mənə “məzarın yanında iki rükət hacət namazı qıl, istədiyin arzu həyata keçsin” - deyə göstəriş verdilər. Mən elmə ifrat eşq və sevgi bəslədiyimə görə hacət namazı qılıb Allah-taaladan elm dilədim. Sonra uca məqamlı, övliyalar sultanı İmam Rzanın (ə) yanına müşərrəf olub təzim etdim. Mən heç bir söz demədən sirrimdən, təşnəliyimin elm adlı abi-həyatla (dirilik suyuyla) sirab olacağından xəbərdar İmam (ə) buyurdu: “Yaxın gəl.” Yaxınlaşıb gözümü Ona dikdim. İmam (ə) dodaqlarındakı sudan mənə daddırdı. Kövsər dodaqlarından abi-həyat içdim. Bu zaman Əmirəlmöminin Əlinin (ə) “İslam peyğəmbərinin (Allahın salam və salavatı ona olsun) ağzının suyunu dodaqlarından içən kimi üzümə min elm qapısı və hər birindən daha min qapı açıldı” kalamını xatırladım. Sonra İmam (ə) teyyül-ərzi (bir an içində istənilən məkanda olmaq qüvvəsi) əməli olaraq mənə öyrətdi. Bu zaman min illərin oyaqlığından üstün olan şirin yuxudan oyandım. Ümidvaram bir gün şirin sözlü Hafizin bu şeiri mənə də şamil olsun:
Sübh çağı qüssədən nicat verdilər,Gecə yarı abi-həyat verdilər.Nə mübarək səhər, necə xoş gecə -Qədr gecəsində bərat verdilər.
Niyam Aqil
Mənbə: “Cəmi-pərakənde”