HaqqYolu – Ötən gün Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyalarının daxil olduğu “Azadlıq” bloku Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyə cəhd göstərib. Aksiyaçılara polis və mülki geyimli naməlumlar mane olub. Saxlanılaraq Səbail Rayon Polis İdarəsinin 8, 9 və 39-cu bölmələrinə aparılan 52 nəfərdən 42-si gün ərzində sərbəst buraxılıb. 10 nəfər (Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxan, Liberal Partiyasının fəalı Səfər Cavadov, AXCP sədrinin müavini Razi Nurullayev, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı, “Azadlıq” qəzetinin yazarı Seymur Həziyev, AXCP fəalları Elşən Təhməzli, Şakir Abbasov, Əbülfəz Şükürov və Cəlal Əliyev) isə cərimələnib. Mediaforum xəbər verir ki, Səbail Rayon Məhkəməsinin qərarı ilə onların hər birinə 20 manat cərimə kəsilib və bundan sonra onlar azadlığa buraxılıblar.