8 avqust 2026 - 10:23
Ərbəin ziyarəti işığında düşmənlə qarşıdurmanın Qurani strategiyası; İmam Hüseynin (ə) həyat yolunun təhlili

Ərbəin ziyarəti Hüseyn qiyamının əsaslarını və onun İmam Hüseynin (ə) həyat yolu ilə uyğunluğunu izah etməklə göstərir ki, Aşura qiyamının bütün mərhələləri — xeyirxahlıq və mövqelərin müəyyənləşdirilməsindən tutmuş cihada qədər — bu Qurani strategiyanın praktiki təzahürüdür.

Əhli-Beyt (əleyhimus səlam) – Beynəlxalq Xəbər Agentliyi- ABNA: Müqəddəs Quran düşmənlə qarşıdurma üsulunu mərhələli proses kimi təsvir edir. Bu proses dəvət, xeyirxahlıq və höccətin tamamlanması ilə başlayır və düşmən haqqa qarşı mübarizədə israr etdiyi halda mövqelərin müəyyənləşdirilməsi, müqavimət və nəhayət, qanuni cihada qədər davam edir.

İmam Sadiqdən (ə) nəql olunan Ərbəin ziyarəti Aşura qiyamını məhz bu Qurani məntiq çərçivəsində şərh edir. Bu ziyarət batil cəbhənin formalaşmasının köklərini və İmam Hüseynin (ə) qiyamının ilahi məqsədlərini izah etməklə yanaşı, onun düşmənlə qarşıdurmadakı həyat yolunu təhlil etmək üçün dünyagörüşü çərçivəsi təqdim edir.

Bu baxımdan, Ərbəin ziyarətinin məzmununu İmam Hüseynin (ə) həyat yolu ilə müqayisə etməklə göstərmək mümkündür ki, Aşura qiyamının müxtəlif mərhələləri — dəvət və höccətin tamamlanmasından cihada qədər — Müqəddəs Quranın təlimləri əsasında formalaşmışdır.

Birinci addım: batil cəbhənin formalaşmasının köklərini tanımaq

Qurani məntiqə görə düşmənlə qarşıdurmada ilk addım batil cəbhənin formalaşmasının köklərini tanımaqdır. Çünki Quran haqqa düşmənçiliyi yalnız siyasi və ya hərbi davranış hesab etmir, əksinə, bunu insanın hidayət yolundan tədricən uzaqlaşmasının nəticəsi kimi təqdim edir.

Bu səbəbdən Quran dünya həyatına bağlılığı və dünyapərəstliyi aldadıcı hesab edir və buyurur:

«وَمَا الْحَیَاةُ الدُّنْیَا إِلَّا مَتَاعُ الْغُرُورِ»

“Dünya həyatı aldadıcı bir nemətdən başqa bir şey deyildir.”

(Ali-İmran, 185)

Daha sonra nəfsin istəklərinə tabe olmağı ilahi yoldan çıxmağın səbəbi kimi göstərir:

«وَلَا تَتَّبِعِ الْهَوَی فَیُضِلَّکَ عَنْ سَبِیلِ اللَّهِ»

“Nəfsin istəyinə tabe olma ki, səni Allahın yolundan azdırmasın.”

(Sad, 26)

Nəhayət, bu yolun sonunu Allaha və Onun Rəsuluna itaətsizlik kimi göstərir:

«وَمَنْ یَعْصِ اللَّهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِینًا»

“Kim Allaha və Onun Peyğəmbərinə itaətsizlik edərsə, açıq-aşkar azğınlığa düşmüşdür.”

(Əhzab, 36)

Bu əsasda Ərbəin ziyarəti də düşmənlərin meydana çıxmasını sadəcə siyasi qərarın nəticəsi kimi deyil, insanın dünyapərəstlikdən başlayaraq Allah və Onun Rəsulu (s) ilə qarşıdurmaya qədər tədricən mənəvi süqutunun nəticəsi kimi təqdim edir:

«غَرَّتْهُ الدُّنْیَا، وَبَاعَ حَظَّهُ بِالْأَرْذَلِ الْأَدْنَی، وَتَرَدَّی فِی هَوَاهُ، وَأَسْخَطَکَ وَأَسْخَطَ نَبِیَّکَ»

“Dünya onu aldatdı, əbədi payını dünyanın ən dəyərsiz neməti müqabilində satdı, nəfsinin istəyinə uyaraq süqut etdi və Səni, eləcə də Peyğəmbərini qəzəbləndirdi.”

İmam Hüseynin (ə) həyat yolu da bu Qurani təhlili təsdiqləyir. O həzrət Aşura günü düşmən ordusuna müraciət edərək buyurmuşdu:

«فَقَدْ مُلِئَتْ بُطُونُکُمْ مِنَ الْحَرَامِ»

“Qarınlarınız haramla doldurulub.”

(Biharül-ənvar, Məclisi, cild 45, səh. 8)

Bu söz göstərir ki, haqqın səsinə qulaq asmamağın kökündə yalnız siyasi və ya hərbi səhv dayanmadığı kimi, dünyapərəstlik, haram yemək və nəfsin istəklərinə tabe olmaq da onların həqiqəti dərk etmək qabiliyyətini əllərindən almışdı.

Beləliklə, Quranın azğınlığın səbəbləri kimi göstərdiyi amilləri Ərbəin ziyarəti batil cəbhənin dünyagörüşü baxımından təhlil edir, İmam Hüseynin (ə) həyat yolu isə həmin Qurani həqiqətin real və tarixi nümunəsini ortaya qoyur.

İmam Hüseynin (ə) düşmənlə qarşıdurma üsulu

Quran baxımından düşmənlə qarşıdurmada ilk addım dəvət və höccətin tamamlanmasıdır.

Allah-Təala Peyğəmbərə (s) buyurur:

«ادْعُ إِلَیٰ سَبِیلِ رَبِّکَ بِالْحِکْمَةِ وَالْمَوْعِظَةِ الْحَسَنَةِ»

“Rəbbinin yoluna hikmət və gözəl öyüdlə dəvət et.”

(Nəhl, 125)

Həmçinin müşriklər haqqında buyurur:

«وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِکِینَ اسْتَجَارَکَ فَأَجِرْهُ حَتَّیٰ یَسْمَعَ کَلَامَ اللَّهِ»

“Əgər müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allahın kəlamını eşitsin.”

(Tövbə, 6)

Ərbəin ziyarəti də bu Qurani prinsipi İmam Hüseyn (ə) haqqında belə ifadə edir:

«فَأَعْذَرَ فِی الدُّعَاءِ، وَمَنَحَ النُّصْحَ»

“İlahi dəvəti elə şəkildə çatdırdı ki, heç bir üzr və bəhanə yeri qalmasın və xeyirxahlığını tam şəkildə göstərdi.”

İmam Hüseynin (ə) həyat yolu da bu strategiyanın praktiki təzahürüdür. O həzrət Kufə əhalisi ilə məktublaşmasından və Hürrün ordusu ilə apardığı danışıqlardan tutmuş Aşura günü söylədiyi xütbələrə qədər daim hidayət və höccətin tamamlanmasını hər hansı qarşıdurmadan üstün tutmuşdur.

Bu səbəbdən Quranın məntiqində və Hüseyn qiyamında cihad yalnız dəvət və xeyirxahlıq yolu başa çatdıqdan və düşmən haqqa qarşı mübarizədə şüurlu şəkildə israr etdikdən sonra başlayır.

Batil cəbhə ilə sərhədlərin müəyyənləşdirilməsi

Quran heç vaxt haqq cəbhəsi ilə batil cəbhəsi arasındakı etiqadi sərhədin aradan qalxmasına icazə vermir. Buna görə də dəvət, xeyirxahlıq və höccətin tamamlanması əmrinin yanında möminləri Allahın düşmənləri ilə hər hansı vəlayət və himayə əlaqəsi qurmaqdan çəkindirərək buyurur:

«یَا أَیُّهَا الَّذِینَ آمَنُوا لَا تَتَّخِذُوا عَدُوِّی وَعَدُوَّکُمْ أَوْلِیَاءَ»

“Ey iman gətirənlər! Mənim və sizin düşməninizi dost və himayəçi qəbul etməyin.”

(Mümtəhinə, 1)

İmam Hüseynin (ə) həyat yolu da bu Qurani prinsipin təcəssümüdür. O həzrət insanları hidayət etmək və müharibənin qarşısını almaq üçün göstərilən bütün səylərə baxmayaraq, Yezidin hakimiyyətini heç vaxt legitim hesab etmədi və tarixi «مِثْلِی لَا یُبَایِعُ مِثْلَهُ» — “Mənim kimi biri onun kimi birinə beyət etməz” — ifadəsi ilə haqq və batil arasındakı etiqadi sərhədi açıq şəkildə ortaya qoydu.

Bu səbəbdən Quranın məntiqində və Aşura qiyamında hidayətə dəvət heç vaxt batillə barışmaq mənasına gəlmir. Əksinə, insanlara qarşı xeyirxahlıq batil cəbhəyə qarşı qətiyyətlə yanaşı mövcuddur. Çünki hidayət və itaətin zəruri şərti batil cəbhənin legitimliyini rədd etmək və onun himayəsi altına girməkdən çəkinməkdir.

Düşmənin müharibədə israrından sonra cihad

Müqəddəs Quran cihadı düşmənlə qarşıdurmanın son mərhələsi hesab edir və onu yalnız müharibə və düşmənçilikdə israr edən düşmənə qarşı qanuni sayır:

«وَقَاتِلُوا فِی سَبِیلِ اللَّهِ الَّذِینَ یُقَاتِلُونَکُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا یُحِبُّ الْمُعْتَدِینَ»

“Allah yolunda sizinlə vuruşanlarla vuruşun və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.”

(Bəqərə, 190)

Deməli, Quranın məntiqində cihad hakimiyyət və güc əldə etmək vasitəsi deyil, hidayət üçün bütün yollar tükəndikdən sonra haqqı müdafiə etməkdir.

Ərbəin ziyarəti də Hüseyn qiyamı haqqında eyni həqiqəti belə ifadə edir:

«فَجَاهَدَهُمْ فِیکَ صَابِرًا مُحْتَسِبًا، حَتَّیٰ سُفِکَ فِی طَاعَتِکَ دَمُهُ»

“Beləliklə, Sənin yolunda səbir və dözümlə, yalnız Sənin razılığını gözləyərək onlarla cihad etdi; nəhayət, Sənə itaət yolunda qanı yerə axıdıldı.”

İmam Hüseynin (ə) cihadı nə hakimiyyət hərisliyi, nə də intiqam məqsədi daşıyırdı. Bu cihad “فِیکَ” — yalnız Allah üçün, “صَابِرًا” — səbir və müqavimətlə və “مُحْتَسِبًا” — ilahi mükafata ümid edərək həyata keçirilmişdi.

Bu, Quranın ədalət prinsipi ilə məhdudlaşdırdığı cihad anlayışıdır. İmam Hüseynin (ə) həyat yolu da məhz bu Qurani məntiqi əks etdirir. O həzrət Aşuranın son anlarına qədər xütbələr, nəsihətlər və geri qayıtmağa çağırışlarla düşmənə hidayət yolunu bağlamadı. Lakin Ömər ibn Sədin ordusu müharibəyə başlamaqda israr etdikdə, dini müdafiə etmək və haqqı qorumaq cihad mərhələsinə çatdı.

Aşura dərsi

Aşura göstərdi ki, İslamın məntiqində cihad yolun başlanğıcı deyil; düşmənlə qarşıdurmanın bütün islah və hidayət yolları tükəndikdən sonrakı son mərhələsidir.

Aşura “ilahi alış-veriş”in tam təcəssümüdür. Ərbəin ziyarətindəki:

«حَتَّیٰ سُفِکَ فِی طَاعَتِکَ دَمُهُ»

“Onun qanı Sənə itaət yolunda yerə axıdılana qədər” ifadəsi Quranın bu ayəsində bəyan edilən həqiqəti izah edir:

«إِنَّ اللَّهَ اشْتَرَیٰ مِنَ الْمُؤْمِنِینَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُم»

“Həqiqətən, Allah möminlərin canlarını və mallarını cənnət müqabilində onlardan satın almışdır.”

(Tövbə, 111)

Bu baxımdan İmam Hüseyn (ə) öz canını Allah-Təalaya itaət yolunda fəda etdi ki, ilahi din qorunsun və insanlar cəhalətdən, azğınlığın yaratdığı çaşqınlıqdan xilas olsunlar.

Bu əsasda Ərbəin ziyarəti Aşuranı sadəcə tarixi və ya siyasi bir döyüşün hekayəsi kimi təqdim etmir. Əksinə, onu Əhli-Beytin (ə) düşmənlə qarşıdurmanın Qurani məntiqinə dair təfsiri kimi təqdim edir.

Beləliklə, İmam Hüseynin (ə) həyat yolunu düşmənlə qarşıdurmada Quranın strategiyasının ən mükəmməl praktiki təzahürü hesab etmək olar. Bu strategiyanın son məqsədi insanları məhv etmək deyil, həqiqəti qorumaq və cəmiyyəti Allaha doğru hidayət etməkdir.

Mənbələr:

Müqəddəs Qurani Kərim

Misbah əl-Mütəhəccid, Şeyx Tusi, Müəssisətü Fiqhil-Şiə, Beyrut – Livan, birinci nəşr, 1411 h.q. / 1991 m.

Biharül-ənvar, Məhəmməd Baqir Məclisi, Əl-Vəfa nəşriyyatı, ikinci nəşr, 1403 h.q.

Müəllif: Tahirə Nədimî Tehrani, Quran və hədislər üzrə fəlsəfə doktoru, tədqiqatçı və araşdırmaçı.

Sizin rəyiniz

You are replying to: .
captcha