Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : FELESTIN.INFO
bazar ertəsi

24 dekabr 2018

16:06:17
921958

Müsəlmanların İlk Qibləsi

QÜDS: Bu şəhəri müqəddəs edən nədir? - 52 hücum, 23 işğal... (ARAŞDIRMA)

Qüdsün tarixi miladdan 2000 il əvvələ qədər gedib çıxır.

Tarix boyunca iki dəfə yox olmaq təhlükəsi ilə üzləşən şəhər, 23 dəfə işğala, 52 dəfə hücuma məruz qalıb. Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin İslam dini yayılmadan əvvəl Qüdsdən Miraca yüksəldiyi deyilir. İslam dini olduğu qədər yəhudi və xristianlar üçün buranı müqəddəsləşdirən məqamlar var.

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Son günlər bütün dünyada ən çox adı çəkilən və müzakirə olunan Qüds şəhəri...

ABŞ prezidenti Donald Trampın bu şəhəri İsrailin paytaxtı elan etməsi və səfirliklərini Təl-Əvivdən Qüdsə köçürəcəkləri qərarı tək müsəlman aləmində deyil, digər dövlətlərdə də etiraza səbəb oldu.

Bəs, müqəddəs adlandırılan bu şəhərin əhəmiyyəti nədir? Niyə müqəddəs adlandırılır?

Qüdsün tarixi

Qüds (Yerusəlim) – dünyanın ən qədim şəhərlərindən biridir, hətta ilk şəhəri olduğu da deyilir. Bütün tarix boyunca bu şəhər həmişə əhəmiyyətli sayılıb. Çünki üç səmavi dinin də müqəddəs məkanlarına məhz bu şəhər ev sahibliyi edir. Bu səbəblə də şəhər üzərindəki qalmaqal illərdir davam edir. Tarix boyu Qüds uğrunda böyük müharibələr gedib. İllərdir davam edən gərginlik bu gün də davam edir və Qüds yenə gündəmdədir.

Qüdsün tarixi miladdan 2000 il əvvələ qədər gedib çıxır. Tarix boyunca iki dəfə yox olmaq təhlükəsi ilə üzləşən şəhər, 23 dəfə işğala, 52 dəfə hücuma məruz qalıb. Həzrət Məhəmməd (səlləllahu əleyhi və alih) peyğəmbərin İslam dini yayılmadan əvvəl Qüdsdən Miraca yüksəldiyi deyilir. İslam dini olduğu qədər yəhudi və xristianlar üçün buranı müqəddəsləşdirən məqamlar var.

Şərqi Qüds niyə əhəmiyyətlidir?

 

Qüdsün 800 min nəfər əhalisi var. Qüds bu gün iki hissəyə bölünüb. Şərq hissəsi Fələstinin hüquqi paytaxtıdır. Şəhər de-fakto İsrail dövlətinin nəzarətindədir. Bu bölgə çox əhəmiyyətlidir, çünki tarixi və müqəddəs binaların çoxu məhz Şərqi Qüdsdədir.

İsrail 1949-cu ildən Qüdsü paytaxtı elan edib və 1967-ci ildən bütün şəhər ərazisinə nəzarət edir. Ancaq ABŞ prezidentini nəzərə almasaq, bu günə qədər beynəlxalq ictimaiyyət tərəfindən İsrailin paytaxtı kimi tanınmayıb. Dini əhəmiyyəti səbəbilə milyon deyil, milyardlarla insan burada baş verən hadisələrlə yaxından maraqlanır.

Qüdsün dini əhəmiyyəti nədir?

Qüds üç böyük din arasındakı ortaq nöqtә kimi bәşәriyyәt tarixindә özәl bir әhәmiyyәt daşıyır. Müsəlmanlar üçün Qüds Əl-Əqsa məscidinin yerləşdiyi, xristianlar üçün İsa peyğəmbərin son günlərini yaşadığı, həvarilərlə gizli görüş keçirdiyi, çarmıxa çəkildiyi və zühur etdiyi, yəhudilər üçün İbrahim peyğəmbərin oğlu İsmayılı qurban kəsdiyi yer, Süleyman peyğəmbərin sarayının olduğu, Davud peyğəmbərin şöhrət qazandığı şəhərdir.

İstənilən xristian, katolik və protestant üçün müqəddəs sayılan Via Dolorosa küçəsi, yaxud "Kədər Yolu" məhz müsəlman məhəlləsindən başlayır. "Kədər Yolu" - İsa peyğəmbərin Ponti Pilatdan Qolqofa qədər xaçını əlində tutaraq getdiyi yoldur. "Kədər Yolu" İsa peyğəmbərin edama məhkum edildiyi yerdən çarmıxa çəkildiyi və dəfn olunduğu Mələklər Kilsəsinə qədər uzanır. Bu ərazidə demək olar ki, bütün dini konfessiyaların kilsələri var.

Müsəlmanlar üçün əhəmiyyəti

Bu şəhər İslam aləmində Məkkə və Mədinəndən sonra üçüncü müqəddəs və önəmli şəhər kimi qəbul edilir. Burada müsəlmanların ilk qibləsi olan Əl-Əqsa məscidi yerləşir. Məscidül-Əqsa Şərqi Qüdsün ərazisindədir. İslam dünyası üçün müqəddəs yerlərdən biri olan Məscidül-Əqsanın Azərbaycan dilindəki mənası "Ən uzaqdakı məscid" mənasını verir. Bu mübarək məkanın inşasına Davud peyğəmbər tərəfindən başlanıldığı və oğlu Süleyman peyğəmbər tərəfindən tamamlandığı rəvayət olunur.

Əl-Əqsa məscidi xəlifə Ömərin dövründə kiçik bir məscid kimi inşa edilir. Sonra Əməvilər sülaləsinin hakimiyyəti dövründə böyüdülüb, genişləndirilib və 705-ci ildə tikintisi tamamlanıb. Daha sonralar müxtəlif səbəblərdən bir neçə dəfə dağıdılan məscid əvvəldən inşa edilib. Bugünkü məscid binası 1033-cü ildə zəlzələ nəticəsində dağıldıqdan sonra Fatimilər tərəfindən tikilən variantıdır. Sonralar bir çox hökmdarlar tərəfindən müxtəlif elementlərlə bəzədilib.

Quranda deyilən İsra hadisəsi burada cərəyan edib və İsra surəsinin birinci ayəsində adı çəkilir. Əl-Əqsa məscidi müsəlmanların ilk qibləsidir və qeyri-müsəlmanların bu məscidə daxil olmağı qadağandır.

Xristianlar üçün əhəmiyyəti

Qüds şəhəri dindar xristianlar üçün çox müqəddəsdir. Həzrət İsanın burada yaşaması həmin yerləri xristianların nəzərində müqəddəs məkana çevirib. Xristianlıq tarixi də elə bu müqəddəs torpaqdan başlayır. Xristianlığa görə İsanın burda çarmıxa çəkilməsi onlar üçün buranın xüsusi bir məna kəsb etməsinə səbəb olub. İsanın özünün də xeyir-dua verdiyi, “Tanrının şəhəri” adlandırdığı Qüds elə indi də xristianlar üçün müqəddəsdir. Qüdsdə xristianlığa aid kilsələr və müqəddəs ziyarət məkanları mövcuddur. İsanın çarmıxa çəkildiyi yerdə olan müqəddəs Məzar kilsəsi, Romalı əsgərlərin İsanın başına tikanlı zeytun budağı qoyduqları Cəza kilsəsi, Məryəmin ata və anasının yaşadıqları evin yerində tikilən Müqəddəs Anna kilsəsi, Rus və Yunan pravoslav kilsələri və s. xristianların bu gün də müqəddəs sayıb ziyarət etdikləri məkanlardandır. Hər il milyonlarla xristian Həzrət İsanın gəzib-dolaşdığı bu müqəddəs şəhərə ziyarətə yollanırlar.

Yəhudilər üçün əhəmiyyəti

Qüds şəhəri tarix boyu yəhudilər üçün üçün də xüsusi əhəmiyyət daşıyıb. Davud peyğımbərin zamanından gələn bu ənənə, bu günə qədər əhəmiyyətini qoruyub. Yəhudilər üçün Qüdsün müqəddəs olması Tanrının məbədinin burada olması və bir ümmət, millət kimi bu ərazilərdə formalaşmaları ilə bağlıdır. Qüdsün adı Tövrat və Zəburda dəfələrlə çəkilir.

Qüdsün statusu

Qüdsün statusu illərdir ki, gərgin müzakirələrin mövzusudur. Gərginliyin səbəbi budur ki, həm İsrail, həm də Fələstin Qüdsü öz paytaxtı hesab edir, ancaq fələstinlilərin əksəriyyəti de-fakto buraya getmək hüququndan məhrumdur. İsrailin Şərqi Qüds üzərində suverenliyi BMT və dünyanın əksər dövlətləri tərəfindən tanınmayıb. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 1980-ci ildə qəbul edilən 478 saylı qətnaməsində İsrailin paytaxt bəyanı etibarsız sayılıb. ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsindən sonra Yaxın Şərqdə gərginlik daha da artıb və şəhərin statusu ilə bağlı hələ də dəqiq qərar verilməyib.

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır