Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyi- İbni Abbas Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Şəban ayı şərəfli aydır. O, mənim ayımdır. Ərşi həml edən mələklər onu uca tutarlar və haqqını tanıyarlar.
Bu, o aydır ki, Ramazan ayına görə möminlərin ruzisi artar. Behişt bəzədilər və zinətlənər. Ona şəban adını ona görə qoyublar ki, bu ayda möminlərin ruzisi paylanar. Bu, əməl ayıdır. Bu ayda hər bir həsənə 70 həsənəyə bərabərdir. Günahlar (əməl dəftərindən) pak və bağışlanmış olar. Yaxşı əməl qəbul olunar. Əzəmətli Pərvərdigar Öz ərşindən oruc tutanlara və ibadət edənlərə nəzər salar”. Bu zaman İmam Əli (ə) yerindən qalxaraq dedi: “Atam və anam Rəsulullaha fəda olsun! Bu ayın fəzilətlərini daha çox bəyan edin ki, bu ayda oruc tutmaq və ibadət etməyə həvəsimiz artsın”.
Həzrət Peyğəmbər (s) buyurur:
“Hər kim Şəban ayının ilk gününü oruc tutarsa, Allah onun üçün 70 həsənə yazar. Hər həsənə də bir il ibadətə bərabərdir.
Hər kim Şəban ayının iki gününü oruc tutarsa, onu məhv edə bilən günahları bağışlanmış olar.
Hər kim Şəban ayının dörd gününü oruc tutarsa, ruzisində artma olar.
Hər kim bu ayın 5 gününü oruc tutarsa, Allah onun məhəbbətini insanların qəlbinə salar.
Hər kim 6 gün oruc tutarsa, Allah 70 növ bəlanı ondan uzaqlaşdırar.
Hər kim 7 gün oruc tutarsa, İblisdən, onun ordusundan, vəsvəsələrindən amanda olar.
Hər kim 8 gün oruc tutarsa, Qüds hovuzundan doyunca içməyincə dünyadan getməz.
Hər kim 9 gün oruc tutarsa, Mənkir və Nəkir sual-cavab zamanı onunla mehriban rəftar edərlər.
Hər kim 10 gün oruc tutarsa, Allah onun qəbrini 70 zərah (ölçü vahididir) genişləndirər.
Hər kim Şəban ayının 11 gününü oruc tutarsa, qəbrinin yuxarısına nur saçan on bir minarə sancılar.
Hər kim 12 gün oruc tutarsa, Qiyamətə qədər 70 min mələk hər gün qəbrini ziyarət edər.
Hər kim 13 gün oruc tutarsa, 7 səmanın mələkləri onun üçün bağışlanma diləyərlər.
Hər kim bu ayın 14 gününü oruc tutarsa, dördayaqlılara və vəhşi heyvanlara və hətta dənizlərin balıqlarına ilham edilər ki, onun üçün bağışlanma diləsinlər.
Hər kim bu ayın 15 gününü oruc tutarsa, Əziz Allah ona xitab edər: “İzzətimə and olsun ki, səni atəşdə yandırmayacağam”. Hər kim 16 gün oruc tutarsa, onun üçün 70 atəş dənizi sönər.
Hər kim 17 gün oruc tutarsa, atəşin bütün qapıları onun üzünə bağlanar. Hər kim 18 gün oruc tutarsa, behiştin bütün qapıları onun üzünə açılar.
Hər kim 19 gün oruc tutarsa, behiştdə dürr və yaqutdan olan 70 min saray ona əta edilər. Hər kim 20 gün oruc tutarsa, behişt hurilərindən 70 mini onun həyat yoldaşı olar.
Hər kim 21 gün oruc tutarsa, mələklər ona “xoş gəlmisən” deyərlər və qanadları ilə ona kölgə salarlar.
Hər kim 22 gün oruc tutarsa, ona 70 min paltar geyindirərlər.
Hər kim 23 gün oruc tutarsa, qəbirdən çıxan zaman onun üçün nurdan olan minəcək hazırlayarlar. O, həmin nurdan olan minəcəyə minər və behiştə tərəf uçar.
Hər kim 24 gün oruc tutarsa, tövhid əhlindən 70 min nəfərə şəfaət etmək ixtiyarı ona verilər.
Hər kim 25 gün oruc tutarsa, nifaqdan amanda olar.
Hər kim 26 gün oruc tutarsa, Allah siratdan keçmək icazəsini ona verər.
Hər kim 27 gün oruc tutarsa, Allah onun cəhənnəm atəşindən azad olmaq əmrini verər.
Hər kim 28 gün oruc tutarsa, nurani və şad simaya malik olar.
Hər kim 29 gün oruc tutarsa, ən böyük mükafat olan Böyük Allahın razılığını əldə edər. Hər kim 30 gün oruc tutarsa, Cəbrayıl (ə) ona ərşdən xitab edər: “Ey kişi! Əməlini əvvəldən başla. Yenidən işə başla. Çünki keçmiş günahların bağışlanmışdır. Və bu Aləmlərin Pərvərdigarının buyuruğudur ki: Əgər sənin günahların ulduzların sayı, yağışın damcılarının sayı, ağacların yarpaqlarının sayı, səhraların qumlarının sayı, dünyadakı günlərin sayı qədər olsa, Mən onların hamısını bağışlayaram”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır