HƏZRƏT ƏLİNİN (Ə) QADIN SƏHABƏLƏRİOmeys Xəşəmiyyənin qızı Əsma
Omeys ibn Məbdin qızı olan Əsma Xəşəm qəbiləsindən idi. Şəxsiyyətli və zəkalı bir qadın olan anası – Ovf ibn Zəhifin qızı Hind – böyük və cah-cəlallı bir ailədə tərbiyə almışdı. Əsma Məkkədə Ərqəmin evində Peyğəmbərə (s) beyət edib müsəlman olmuşdu. O, həmçinin Allahın Rəsulunun (s) sədaqətli səhabələrindən, risalət ailəsinin sirlərinə məhrəm və səmimi dostlarından biri idi. Həyat yoldaşı Cəfər Təyyarın vəfatından sonra Əsma Əbu Bəkrin, ondan sonra isə Əmirəl-mömininin arvadı olub. O, Cəfərdən Abdullah, Muhəmməd və Ovn, Əbu Bəkrdən Muhəmməd və Əli ibn Əbu Talibdən (ə) isə Yəhya kimi alicənab və şəxsiyyətli övladlar dünyaya gətirmişdir.
Əsmanın Həbəşəyə və Mədinəyə mühacirəti
Əsma enişli-yoxuşlu bir həyat yaşayıb. O, həmin müsəlman qadınlardan idi ki, həyat yoldaşı Cəfər ibn Əbu Taliblə («Cəfər Təyyar» kimi məşhurdur) Həbəşəyə mühacirət etmişdi və orada qaldığı müddətdə üç övlad dünyaya gətirmişdi: Abdullah, Muhəmməd və Ovn. (Abdullah Əli (ə)-ın qızı həzrət Zeynəbin həyat yoldaşı olub.)
Əsmanın Əbu Bəkr və Əmirəl-mömininlə (ə) izdivacı
Cəfər Təyyar Mutə müharibəsində (hicrətin 8-ci ili) şəhadətə yetişəndən sonra Əsma Əbu Bəkrlə evləndi və ondan Muhəmməd adlı bir oğlan dünyaya gətirdi. Muhəmməd Əbu Bəkrin oğlu olduğuna baxmayaraq, Əli (ə)-ı çox sevirdi və onu özünə ata hesab edirdi. Eyni zamanda Əli (ə)-ın da ona məhəbbəti vardı. Hətta bəzən deyirdi: «Muhəmməd Əbu Bəkrin sülbündən olsa da, mənim oğlumdur». Əbu Bəkr Əsmaya çox etimad edirdi. Hətta vəfat edərkən vəsiyyət etmişdi ki, ona Əsma qüsl versin. Əsma da onun vəsiyyətinə əməl etmişdi. Əsma Əbu Bəkrin vəfatından sonra Əli (ə) ilə evlənmək şərəfinə nail oldu və ondan «Yəhya» adlı bir oğul dünyaya gətirdi. (İbn Əbil Hədidin şərhində gəlmişdir ki, Əsmanın həzrət Əli (ə)-dan 2 oğlu olub: Yəhya və Ovn. Bu şərhə əsasən Əsmanın 6 oğlu olmuşdur.)