Əhli-Beyt (ə) Xəbər Agentliyi

mənbə : ABNA Xəbər Agentliyi Vikipediaya istinadla
bazar

2 iyul 2023

07:20:00
1376539

12 Məsum İmamların Allah Təala Tərəfindən İlahi Xilafətə Tətin Olunması

İmamət və Vilayətin Quran Kərimdə Açıq Sübutu Olan Qədir-Xum Hadisəsinə bir baxış

Hz.Peyğəmbər(s) "Həccətul-vida" sona çatdıqdan sonra Məkkədən Mədinəyə geri qayıtmağa başladı. Karvan “Rabiğ” adlı məntəqəyə çatanda ( keçmişdə Mədinənin, Misirin və İraqın yolları oradan ayrılırdı.) Qədir-Xum adlı yerdə vəhy mələyi həzrəti Cəbrayıl Əmin(ə) nazil olaraq Peyğəmbərə (s) aşağıdakı ayə ilə xitab etdi: “Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini təkmil etməmişsən. Allah səni camaatdan (ziyanlarından) qoruyacaqdır.” (Maidə, 67)

Əhli-Beyt (əleyhimus səlam) – Xəbər Agentliyi ABNA-nın verdiyi məlumata əsasən, Qədiri-Xum (ərəbcə غدير خم‎) Şiələrin qoruyub saxladıqları, İslamın ən böyük bayramlarından biridir. Hər il zilhiccə ayının 18-də qeyd olunur. Qədiri-Xum Məkkə-Mədinə arasında yerləşən Cöhfə yaxınlığında bir diyarın adıdır və Məkkədən iki yüz kilometr məsafədə yerləşir. Qədir müxtəlif ölkələrin hacılarının bir-birindən ayrıla biləcəkləri dörd yoldur:

1. Şimal istiqamətində bir yol Mədinəyə gedir;

2. Şərq istiqamətində bir yol İraqa gedir;

3. Qərb istiqamətində bir yol Misirə gedir;

4. Cənub istiqamətində bir yol Yəmənə gedir.

Hal-hazırda bu diyar tərk olunmuş bir yerdir. Lakin bir zamanlar İslam tarixinin ən böyük hadisələrindən birinin şahidi olmuşdur. O hadisə Həzrəti Məhəmməd peyğəmbərin (səlləllahu əletyhi və alih) Əli ibn Əbu Talibi (əleyhiməs səlam) Allahın və Özünün Canişini və Xəlifəəsi təyin etməsi idi.

 

Qədirin qısa bəyanı

Həzrəti Muhəmməd Peyğəmbərin (səlləllahu əleyhi və alih) son həcc mərasimi olan "Həccətul-vida" yəni Vida Həcci 10-cu hicri ilinin axırıncı ayı sona çatdıqdan sonra Peyğəmbərin də olduğu karvan Məkkədən Mədinəyə geri qayıtmağa başladı. Karvan “Rabiğ” (hal-hazırda Məkkə-Mədinə arasında yerləşən bir məntəqədir) adlı məntəqəyə çatanda (Cöhfədən 3 mil məsafədə yerləşir və ehramın miqatlarından biridir və keçmişdə Mədinənin, Misirin və İraqın yolları oradan ayrılırdı.) Qədir-Xum adlı yerdə vəhy mələyi həzrəti Cəbrayıl Əmin (əleyhi səlam) nazil olaraq Peyğəmbərə (səlləllahu əleyhi və alih) aşağıdakı ayə ilə xitab etdi:

یَا أیُّها الرَّسُولُ بَلِّغْ ما اُنْزِلَ إِلَیْکَ مِنْ رَبِّکَ وَ إنْ لَمْ تَفْعَلْ فَمٰا بَلَّغْتَ رِسٰالَتَهُ وَ اللّهُ یَعْصِمُکَ مِنَ النَّاسِ

“Ey Rəsulum! Allah tərəfindən sənə nazil olanları insanlara çatdır! Əgər (bunu) çatdırmasan, Allahın risalətini təkmil etməmişsən. Allah səni camaatdan (onların ziyanından) qoruyacaqdır.” (Maidə surəsi, 67)

Ayənin bəyan tərzi göstərir ki, Allah-taala peyğəmbərlik vəzifəsinə bərabər olan və İslam düşmənlərinin məyus, naümid olmasına səbəb olan böyük bir vəzifəni peyğəmbərin öhdəsinə qoymuşdur. Bundan da əlamətdar bir hadisə ola bilərdimi ki, yüz minlərlə insanın gözü önündə Əli (əleyhis-salam)-ı ümmətə rəhbər, Allah Təalanın Xəlifəsi, Canişini təyin etmiş olsun?! Bu səbəbdən karvana dayanmaq göstərişi verildi. Öndəkilər ayaq saxladı, arxadakılar da gəlib onlara qoşuldu. Günorta zamanı hava həddindən artıq isti idi. Hətta camaatın bir qrupu əbalarının bir tərəfini başlarına, o biri tərəfini isə ayaqlarının altına salmışdılar. Peyğəmbər (səlləllahu əleyhi və alih) üçün ağaclardan birinin üzərinə çadır salıb kölgəlik düzəltdilər. O həzrət dəvələrin palanından düzəlmiş uca bir kürsüyə çıxaraq uca səslə xütbə oxudu.

Peyğəmbər-in Qədir-Xumdakı xütbəsi

Həmd-səna yalnız Allaha məxsusdur! Ondan kömək istəyirəm, ona sitayiş edir və ona təvəkkül edirəm! Pis və yaramaz əməllərdən ona pənah aparıram! Elə bir Allah ki, ondan başqa heç bir hidayət edən, yol göstərən yoxdur! Hər kəsi o hidayət etsə, onu heç kəs zəlalətə sala bilməz. Şəhadət verirəm ki, ondan başqa heç bir məbud yoxdur. Məhəmməd də onun bəndəsi və peyğəmbəridir. Ey insanlar! Yaxın zamanlarda Rəbbimin dəvətinə "ləbbeyk" deyərək sizin aranızdan gedəcəyəm. Mən də məsuliyyət daşıyıram, siz də məsuliyyət daşıyırsınız!

Sonra buyurdu: Mənim barəmdə necə fikirləşirsiniz? (Sizin qarşınızda vəzifəmi layiqincə yerinə yetirdimmi?) Bu zaman, o həzrətin xidmətlərini təsdiqləyən gur səslər ucalmağa başladı:

— Biz şəhadət veririk ki, sən özünün İlahi risalət vəzifəni layiqincə yerinə yetirib səy göstərdin. Allah sənə xeyir mükafat versin! Peyğəmbər buyurdu:

–Şəhadət verirsinizmi ki, aləmin pərvərdigarı yeganədir, Məhəmməd onun bəndəsi və peyğəmbəridir?! Və başqa bir aləmdə behiştlə-cəhənnəmin əbədi həyat olduğunda şəkk-şübhə yoxdur?! Dedilər:

— Bəli, səhihdir, şəhadət veririk!

Sonra buyurdu: Ey insanlar! Mən sizin aranızda iki nəfis və dəyərli əmanət qoyuram, görüm, məndən sonra bu ikisi ilə necə rəftar edəcəksiniz?!

Bu zaman bir nəfər ayağa qalxıb uca səslə dedi:

— İki dəyərli əmanət dedikdə məqsədin nədir?

Həzrət buyurdu:

— Biri Allahın Kitabıdır ki, onun bir tərəfi Allahın qüdrətli əlində, digər tərəfi isə sizin əlinizdədir. Digəri isə mənim Əhli-beytim və İtrətimdir. Allah mənə xəbər vermişdir ki, bu ikisi heç vaxt bir-birindən ayrılmayacaqdır. Ey insanlar! Quran və İtrətimdən qabağa keçməyin və hər ikisinin fərmanlarına əməl etməkdə səhlənkarlıq etməyin, əks halda ziyana uğrayacaqsınız!

Bu zaman Əli (əleyhis-salam)-ın əlindən tutub o qədər yuxarı qaldırdır ki, hər ikisinin qoltuğunun altındakı ağlıq görünməyə başladı. Onu camaata təqdim edərək buyurdu: – Möminlərə, onların özlərindən daha layiqi kimdir?

Dedilər: Allah və Peyğəmbəri daha yaxşı bilir!

Peyğəmbər buyurdu:

– Allah mənim Mövlamdır, Mən də möminlərin Mövlasıyam – onlara özlərindən daha üstün və daha layiqəm! Ey camaat:

مَنْ کُنْتُ مَوْلاهُ فَهٰذا عَلِىٌّ مَوْلاهُ اَللّهُمَّ وٰالِ مَنْ وٰالاهُ وَ عٰادِ مَنْ عٰادٰاهُ وَاحِبَّ مَنْ أحِبَّهُ وَ أَبْغِضْ مَنْ أَبْغَضَهُ وَانْصُرْ مَنْ نَصَرَهُ وَاخْذُلْ مَنْ خَذَلَهُ وَ أَدِرِ الْحَقَّ مَعَهُ حَیثُ ٰدارَ

"Mən hər kəsin mövlasıyamsa, bu Əli də onun mövlasıdır (Peyğəmbər (səlləllahu əleyhi və alih) əmin olmaq üçün bu cümləni üç dəfə təkrar etdi ki, sonralar insanlar səhvə yol verməsinlər). Pərvərdigara! Əlini sevənləri sev, onun düşmənləri ilə düşmən ol! Ona məhəbbət bəsləyənlərə məhəbbət bəslə! Ona kömək edənlərə kömək et, köməyini əsirgəyənlərdən köməyini əsirgə! O hər yerdə olsa, haqqı onunla birlikdə dövr etdir!"

Qeyd: "Qədir-xum" hədisinin bu hissəsi; eləcə də bəzən ikinci hissə olmadan birinci hissəsi, yaxud da əksi, aşağıdakı Əhli sünnə ədəbiyyatında mövcuddur:

"Müsnəd", Əhməd ibn Hənbəl, 1-ci cild, səh. 254;

"Tarixi Dəməşq", 42-ci cild, səh. 207–208 və 448;

"Xəsais", Nəsai, səh. 181;

Əl-mocəmul-kəbir", 17-ci cils, səh.39;

"Sunən" Tirmizi, 5-ci cild, səh.633;

"Müstədək" Hakim, 13-cü cild, səh. 135;

"Əl-mucəmul-ovsət", 6-cı cild, səh. 95;

"Müsnəd", Əbu Yəla, 1-ci cild, səh. 280;

"Əl-məhasin vəl-məsavi", səh. 41;

"Mənaqib", Xarəzmi, səh. 104 və başqa kitablar.

 

"Qədir" hadisəsinin əbədiliyi

Allahın həkimanə iradəsi tələb etmişdir ki, tarixi İmamət və Vilayət hadisəsi olan "Qədir-xum" hadisəsi bütün əsr və zamanlarda canlı bir tarix sürətində qalsın, insanların qəlb və ruhu ona doğru cəzb olsun. İslam yazıçıları bütün əsirlər boyu təfsir, tarix, hədis, kəlam kitablarında ondan söz açsın. Natiqlər öz nitq və nəsihətli moizələrində onun barəsində danışsın və onu imam Əli (əleyhis-salam)-ın inkar olunmaz fəzilətlərindən saysın. Təkcə vaizlər və natiqlər deyil, hətta şairlər də bu hadisədən ilham alaraq öz ədəbi zövqlərini işə salmış, bu hadisə ilə əlaqədar təfəkkürlərini vilayət sahibinə bəslədikləri xalis duyğulardan rövnəqləndirmiş, ən ali şerləri müxtəlif qaliblərdə və müxtəlif dillərdə yadigar qoymuşlar. Necə ki, mərhum Əllamə Əmini islam tarixi boyu yazılmış Qədiriyyə şerlərinin mühüm hissəsini – şairlərinin həyat və yaradıcılığından geniş bəhs açmaqla – 11 cildlik "Əl-Qədir" kitabında qeyd etmişdir. Başqa sözlə desək, dünyada çox az tarixi hadisə tapmaq olar ki, "Qədir" hadisəsi qədər müxtəlif təbəqələrin: mühəddislərin, müfəssirlərin, mütəkəllimlərin, filosofların, xətiblərin, şairlərin, tarixçilərin və sirə yazanların diqqət mərkəzində olmuş olsun. Bu hədisin ölməzlik səbəblərindən biri də onun barəsində iki ayənin "Maidə" surəsinin 3-cü və 67-ci ayələrinin nazil olmasıdır. Nə qədər ki, Quran əbədidir, bu tarixi hadisə də heç vaxt insanların zehnindən xaric olmayacaqdır.

Ən başlıcası, tarixə müraciət etməklə aydın olur ki, Zil-həccə ayının 18-ci günü müsəlmanlar arasında "Qədir-Xum" bayramı kimi məşhur olmuşdur. Hətta İbni Xəlkan, Əl-Mustəla ibn Müstənsər barəsində yazır: "487-ci ilin Qədir-Xum günündə yəni, Zil-həccənin 18-ci günündə camaat ona beyət etdi." ("Vəfəyatul-əyan", 1-ci cild, səh. 60.) Əl-müstənsər-billah əl-Əbidi barəsində də yazır: "O, 487-ci ilin Zil-həccə ayının sonuna 12 gün qalmış vəfat etdi. O gecə Zil-həccə ayının 18-i yəni, Qədir-Xum bayramının gecəsidir." ("Vəfəyatul-əyan", 2-ci cild, səh. 223.)

Əbu Reyhan Biruni "Əl-Asarul-baqiyə" kitabında Qədir-Xum bayramını bütün müsəlmanlar tərəfindən keçirilən bayramlar sırasında qeyd etmişdir. ("Əl-asarul-baqiyə"nin tərcüməsi, səh. 395; "Əl-Qədir", 1-ci cild, səh. 267.)

Təkcə İbn Xəlkan və Əbu Reyhan Biruni deyil, məşhur əhli-sünnət alimlərindən biri olan Səaləbi də "Qədir" gecəsini islam ümməti arasında məşhur gecələrdən biri kimi qeyd etmişdir. ("Simarul-qulub", səh. 511)

Bu islami bayramın kökü Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövrünə qayıdır. Çünki, həmin gün Peyğəmbər mühacir və ənsara, hətta öz həyat yoldaşlarına belə göstəriş vermişdi ki, Əlinin hüzuruna gedərək imamət və vilayətinə görə onu təbrik etsinlər.

Zeyd ibn Ərqəm nəql edir: "Mühacirlərdən Əbubəkr, Ömər, Osman, Təlhə və Zübeyr Əliyə beyət edən ilk şəxslər idilər. Beyət və təbrik mərasimi gün batana qədər davam etdi."

Qeyd: Ömər ibn Xəttabın Əli (əleyhis-salam)-a təbrik deməsi məsələsi əhli-sünnətin saysız-hesabsız mənbələrində qeyd olunmuşdur. O cümlədən:

"Müsnədi Hənbəl", 6-cı cild, səh. 401;

"Əl-bidayətu vən-nihayə", 5-ci cild, səh. 209;

"Əl-fusulul-muhimmə", İbni Səbbağ, səh. 40;

"Fəraidus-simteyn", 1-ci cild, səh. 71. Həmçinin Əbubəkrin, Ömərin, Osmanın, Təlhənin, Zübeyrin və başqalarının həzrəti təbrik etməsi çoxlu kitablarda qeyd olunmuşdur. O cümlədən:

Əhməd ibn Məhəmməd Təbəri "Mənaqibu Əli ibn Əbi Talib" kitabında nəql etmişdir. ("Əl-Qədir" 1-ci cild, səh. 270)

Hədis ravilərindən 110 nəfər

Bu tarixi hadisənin əhəmiyyəti ilə bağlı bunu qeyd etmək kifayətdir ki, onu peyğəmbər səhabələrindən 110 nəfər nəql etmişlər. Əlbəttə, bu o demək deyildir ki, o çoxsaylı insanlardan yalnız bunlar həmin hadisəni nəql etmişlər; əksinə məqsəd budur ki, təkcə əhli-sünnət alimlərinin kitablarında 110 səhabənin adı diqqət çəkir. Tabein dövrünə məxsus, islam tarixi ilə ikinci əsrdə o hədisi 89 nəfər nəql etmişdir. "Qədir" hədisinin nəqli sonrakı əsrlərdə də əhli-sünnət alimlərinin payına düşür. Onlardan 360 nəfəri bu hədisə öz kitablarında yer vermişdir. Bir çoxları hədisin sənədinin möhkəm və səhih olmasına etiraf etmişlər. Bəziləri də bu hədisi nəql etməklə kifayətlənməmiş, əlavə olaraq onun sənəd və məzmunu barəsində müstəqil kitablar yazmağa cəhd etmişlər. Qəribədir ki, böyük islam tarixçisi Təbəri "Əl-vilayətu fi turuqi hədisil-ğədir" adlı bir kitab yazmış və bu hədisi 75 yolla Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən nəql etmişdir. İbn Uqdə Kufi "Vilayət" adlı risaləsində bu hədisi 105 nəfərdən nəql etmişdir. Əbubəkr Məhəmməd ibn Ömər Bağdadi (Cəm’ani adı ilə məşhurdur) bu hədisi 25 yolla nəql etmişdir.

Məşhur əhli-sünnət alimlərindən

Əhməd ibn Hənbəl Şeybani

İbn Həcər Əsqəlani

Cəzri Şafei

Əbu Səid Səcistani

Əmir Məhəmməd Yəməni

Nisai, Əbul-Əla Həmədani

Əbul-İrfan Həbban bu hədisi müxtəlif sənədlərlə nəql etmişlər. Bu sənədlərin toplumu dəyərli "Əl-Qədir" kitabının 1-ci cildində mövcuddur və ümumi şəkildə əhli-sünnət mənbələrini bir yerə yığmışdır.

Şiə alimləri də bu tarixi hadisə ilə əlaqədar çoxlu dəyərli kitablar yazaraq, əhli-sünnətin mühüm mənbələrinə işarə etmişlər. Onların da ən geniş və əhatəlisi böyük İslam alimi mərhum Əllamə Əmini tərəfindən qələmə alınan 11 cildli "Əl-Qədir" kitabıdır.

Beləliklə, peyğəmbər Əlini öz canişini təyin etdikdən sonra buyurdu:

"Ey insanlar! İndi vəhy mələyi nazil olaraq bu ayəni gətirdi:

اَلْیَوْمَ أَکْمَلْتُ لَکُمْ دینَکُمْ وَ أَتْمَمْتُ عَلَیْکُمْ نِعْمَتِى وَ رَضیتُ لَکُمُ الإِسْلامَ دیناً

"Bu gün dininizi sizin üçün kamil etdim, nemətimi sizə tamamladım və İslamı bir din olaraq sizin üçün seçib bəyəndim." ("Maidə"surəsi, ayə:3)

Bundan sonra, peyğəmbərin təkbir (Allahu əkbər) səsi ucaldı və o buyurdu: "Allaha şükür edirəm ki, Öz ayinini kamil etdi, Öz nemətini kamala çatdırdı, Məndən sonra Əlinin vilayət və canişinliyinə razı oldu."

Sonra həmin uca yerdən endi və həzrət Əliyə (əleyhi səlam) buyurdu:

Xeymədə (çadırda) otur, İslamın bariz şəxsiyyət və başçıları sənə beyət edərək (bu məqam münasibəti ilə səni) təbrik etsinlər. Hamıdan öncə Şeyxlər – Əbubəkr və Ömər İmam Əlini (əleyhi səlam) təbrik edərək onu özlərinin mövlaları adlandırdılar. Həssan ibn Sabit fürsəti qənimət sayaraq Peyğəmbərdən icazə aldı və həzrət Əlinin (əleyhi səlam) hüzurunda şer oxumağa başladı. Burada onun yalnız iki beytini qeyd etməklə kifayətlənirik:

فَقٰالَ لَهُ: قُمْ یٰا عَلِىُّ فَاِنَّنِى — رَضِیْتُکَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِیاً

فَمَنْ کُنْتُ مَوْلاَهُ فَهٰذٰا وَلِیُّهُ — فَکُونُوا لَهُ اَتْبٰاعَ صِدْقٍ مَوٰالِیاً

"Peyğəmbər Əliyə buyurdu: Qalx ayağa, mən səni öz canişinim və özümdən sonra camaatı hidayət edən qərar verdim.

Mən hər kəsin mövlası və rəhbəriyəmsə, Əli də onun mövlası və rəhbəridir. Siz səmimi qəlbdən onun ardıcılları və sözünə qulaq asanları olun."

Qeyd: Həssanın şerləri çoxlu mənbələrdə qeyd olunmuşdur. O cümlədən:

"Mənaqib", Xarəzmi, səh. 135

"Məqtədul-Hüseyn", Xarəzmi, 1-ci cild, səh. 47;

"Fəraidus-simten", 1-ci cild, səh. 73–74;

Ən-nurul-muştəəl", səh. 56,

"Əl-mənaqib", Kovsər, 1-ci cild, səh. 118 və 362

 

Bu hədis İmam Əlinin (əleyhi səlam) bütün səhabələrdən üstün və fəzilətli olmasına dair ən tutarlı dəlil və ən böyük şahiddir.

Hətta Əmirəl-möminin Əli (əleyhi səlam) özü də Ömərin vəfatından sonra təşkil olunan xilafət şurasında, habelə Osmanın xilafəti və öz xilafəti dövründə, ona istinad etmişdir.

Qeyd: Həzrət Əlinin (əleyhi səlam) bu elmi mübahisəsi aşağıdakı kitablarda vardır:

"Mənaqib", Əxtəb Xarəzmi Hənəfi, səh. 217;

"Fəraidus-simteyn", Həmvini, 58-ci bab;

"Əd-durrun-nəzim", İbn Hatəm Şami;

"Əs-səvaiqul-muhriqə", İbn Həcər Əsqəlani, səh. 75;

"Əmali", İbn Uqdə, səh. 7 və 212;

"Nəhcül-Bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 61;

"İstiab", İbn Əbdul-Birr, 3-cü cild, səh. 35;

"Təfsir" Təbəri, 3-cü cild, səh. 418,

"Maidə" surəsinin 55-ci ayəsinin təfsirində.

"Fəraidus-simteyn", 1-ci simt, 58-ci bab;

"Nəhcül-Bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 1-ci cild, səh. 362;

"Usdul-ğabə", 3-cü cild, səh. 307, 5-ci cild, səh. 205;

"Əl-isabə", İbn Həcər Əsqəlani, 2-ci cild, səh. 408, 4-cü cild, səh. 80;

"Müsnəd" Əhməd, 1-ci cild, səh. 84–88;

"Əl-bidayətu vən-nihayə", İbn Kəsir Şami, 5-ci cild, səh. 210, 7-ci cild, səh. 348;

"Məcməuz-zəvaid", Heytəmi, 9-cu cild, səh. 106;

"Zəxairul-uqba", səh. 67 və s. ("Əl-Qədir", 1-ci cild, səh. 163–164)

 

Bundan əlavə, böyük İslam şəxsiyyətləri, o cümlədən Fatimeyi-Zəhra (səlamullahi əleyha) müxaliflərin və Əlinin vilayət və yüksək məqamını inkar edənlərin qarşısında daim bu hədisə istinad edirdi.

Qeyd: Xanım Fatimeyi-Zəhranın (səlamullahi əleyha) daim müxaliflərin və İmam Əlinin (əleyhi səlam) vilayət və İlahi Xilafət məqamını inkar edənlərin qarşısında Qədir-xum hadisəsinə istinad etməsi Əhli-sünnətin aşağıdakı kitabalarında keçməkdədir:

"Əsnəl-mətalib", Şəmsuddin Şafei,

Səxavinin "Əz-zovul-lami" kitabından nəqlən: 9-cu cild, səh. 256;

"Əl-bədruttale", Şovkani, 2-ci cild, səh. 297;

"Nəhcül-bəlağə"nin şərhi, İbn Əbil-Hədid, 2-ci cild, səh. 273;

"Mənaqib", Əllamə Hənəfi, səh. 130;

"Bəlağatun-nisa", səh. 72;

"Əl-əqdul-fərid", 1-ci cild, səh. 162;

"Subhul-Əşa", 1-ci cild, səh. 259;

"Murucuz-zəhəb", İbn Məsud Şafei, 2-ci cild, səh. 49;

"Yənabiul-məvəddət", səh. 486

 

"Mövla" dedikdə məqsəd nədir?

Burada mühüm məsələ "mövla" kəlməsinin təfsir və izahıdır. Bu söz tam aydın olsa da, ona qarşı lazımi diqqət göstərilməmişdir. Çünki, qeyd olunanlardan əlavə, hədisin sənədinin qəti olmasında heç bir şəkk-şübhəyə yer qalmır.

Buna görə də bəhanə axtaranlar onun məzmun və məfhumunda şəkk-şübhə və münaqişə yaratmaq istəmiş, xüsusilə "mövla" kəlməsinə dair şübhələrdən çəkinməmişlər.

Amma qətiyyətlə söyləmək lazımdır ki, "mövla" kəlməsi bu hədisdə, hətta əksər hallarda birdən artıq məna kəsb etmir, "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasında, başqa sözlə "başçı" və "qəyyum" mənasında işlənir. Quranda da bir çox ayələrdə "mövla" kəlməsi "qəyyum" və "daha artıq ixtiyar sahibi" mənasında işlənmişdir:

Mövla sözü Quranın 18 ayəsində və onun 10 dəfəsi Allah barəsində işlənmişdir. Aydındır ki, Allah barəsində işlənərkən "mövla" sözü "qəyyum" və hər bir şeyə onun özündən artıq ixtiyar sahibi olması mənasına, çox cüzi hallarda isə dostluq mənasına işlənir.

Buna əsasən, "mövla" sözünün ilk növbədə "daha artıq ixtiyar sahibi və daha layiqli" mənasına işlənməsində şəkk-şübhə yoxdur. "Qədir" hədisində də "mövla" kəlməsi məhz həmin mənadadır. Bundan əlavə, çoxlu sübut və faktlar da mövcuddur ki, bu sözün "daha artıq ixtiyar sahibi", "başçı" və "qəyyum" mənasında işləndiyini göstərir.

Bu müddəanın doğruluğuna dair sübutlar

Fərz edin ki, "mövla" sözü lüğətdə müxtəlif mənalarda işlənir. Lakin "Qədir" hədisində və bu böyük tarixi hadisədə mövcud olan çoxlu faktlar hər növ şəkk-şübhəni aradan qaldırıb məsələni hamıya sübut edir.

Birinci fakt

Qeyd etdiyimiz kimi, tarixi "Qədir" hadisəsində Peyğəmbərin (səlləllahu əleyhi və alih) şairi Həssan ibn Sabit icazə alaraq ayağa qalxdı və həzrətin kəlamının məzmununu nəzmə çəkib şer formasına saldı. Fəsahət və bəlağət bulağından su içmiş, ərəb dilinin incəlik və sirlərinə agah olan bu şəxs "mövla" kəlməsinin yerinə imam və hadi (hidayətçi) kəlmələrindən istifadə etmişdir:

فَقٰالَ لَهُ: قُمْ یٰا عَلِىُّ فَاِنَّنِى — رَضِیْتُکَ مِنْ بَعْدِى إِمٰاماً وَ هٰادِیاً

"Peyğəmbər Əliyə buyurdu: Ey Əli! Ayağa qalx mən səni özümdən sonra ümmətimin imamı və hidayətçisi seçdim."

Qeyd: Həssanın şeri çoxlu mənbələrdə qeyd olunmuşdur. O cümlədən:

"Mənaqib", Xarəzmi, səh. 135

"Məqtədul-Hüseyn", Xarəzmi, 1-ci cild, səh. 47;

"Fəraidus-simten", 1-ci cild, səh. 73–74;

Ən-nurul-muştəəl", səh. 56,

"Əl-mənaqib", Kovsər, 1-ci cild, səh. 118 və 362

Aydındır ki, əvvəla o, Peyğəmbərin kəlamındakı "mövla" sözündən imamət, rəhbərlik və hidayətçi məqamından başqa bir şey başa düşməmişdi.

İkincisi əgər Peyğəmbərin “mövla” kəlməsindən məqsədi İmam və Hidayətçi olmasa idi mütləq Həssana irad bildirməli və sözünü təhrif etməsinin qarşısını almalı idi. Lakin Əziz İslam Peyğəmbəri (səlləllahu əleyhi və alih) nə inki Həssana irad bildirməmiş hətta onu bu şerinə görə təsdiqləmişdir.

Üçüncüsü qeyd etmək lazımdır ki, Həssan ərəb dilçilərindən, fəsahət-bəlağət ustadlarından sayılırdı.

Dördüncüsü "Mövla" kəlməsindən bu mənanı başa düşən Təkcə şöhrətli ərəb şairi Həssan deyildi; ondan sonra ədəbiyyatçı, məşhur şair, ərəbşünas sayılan böyük islam şairlərinin çoxu da bu sözdən Həssanın başa düşdüyü məhz həmin mənanı – imamət və rəhbərlik mənasını – başa düşmüşdülər!

İkinci fakt

Əli Müaviyəyə yazdığı şerlərində "Qədir" hədisi barəsində belə buyurur:

وَ أَوْجَبَ لِى وِلایَتَهُ عَلَیْکُمْ رَسُولُ اللّهِ یَوْمَ غَدِیرِ خُمٍّ

"Peyğəmbər "Qədir" günündə öz vilayətini mənim üçün sizə vacib etdi".

Mərhum Əllamə Əmini bu şeri tam formasını "Əl-Qədir" kitabının 2-ci cildi, səh. 25–30-da şiə alimlərindən 11 və əhli-sünnət alimlərindən 26 nəfərdən nəql etmişdir.

İmamdan da yüksək bir şəxs hədisi bizim üçün təfsir edərək "Peyğəmbər "Qədir" günü vilayəti hansı mənaya buyurmuşdur?" – deyə buyura bilərmi?! Bu təfsir "Qədir" günündə iştirak edənlərin hamısının zehinlərindən İslam cəmiyyətinə rəhbərlik və imamətdən başqa heç bir şey keçmədiyini göstərmirmi?!

Üçüncü fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) "Mən kuntu movlahu…" cümləsindən əvvəl aşağıdakı sözləri irəli çəkib onlardan iqrar aldı:

اَلَسْتُ أَوْلَى بِکُمْ مِنْ أَنْفُسِکُمْ

"Mən sizin özünüzə, özünüzdən artıq ixtiyar sahibi deyiləmmi?!"

Həzrət bu cümlədə "nəfs – can barədə daha üstün və ixtiyar sahibi olmaq" kəlməsindən istifadə etdi, bütün insanlardan, özünün onların "mövlası" olması barədə iqrar aldı və dərhal sonra buyurdu:

مَنْ کُنْتُ مَوْلاهُ فَهذا عَلِىٌّ مَولاهُ

"Mən hər kəsin mövlasıyamsa, Əli də onun mövlasıdır."

Bu iki cümlənin ardıcıl qeyd edilməsində məqsəd nədir? Məgər Peyğəmbərin Qurana əsasən malik olduğu həmin məqamları Əli üçün də sübut etmirmi?! Bu fərqlə ki, o Peyğəmbərdir, Əli isə imamdır. Nəticədə, hədisin mənası belə olur: "Mən hər kəs üçün onun özündən artıq ixtiyar sahibiyəmsə, Əli də onun üçün ixtiyar sahibidir." Əgər Peyğəmbər (səlləllahu əleyhi və alih)-in bundan başqa məqsədi olsaydı, özünün "mövla" olması barədə camaatdan iqrar almasına heç bir lüzum olmazdı. Peyğəmbərin bu bəyanını görməməzliyə vurmaq, bu qədər aşkar faktların yanından asanlıqla ötüb keçərək gözlərini yummaq ən azı insafsızlıqdır!

Qeyd: "Ələstu ovla bikum min ənfusikum" cümləsini Əllamə Əmini 64 islam mühəddisi və tarixçisindən nəql etmişdir: 1-ci cild, səh. 371

Dördüncü fakt

Peyğəmbər əvvəlcə İslamın üç mühüm prinsipi barədə iqrar alaraq buyurdu:

أَلَسْتُمْ تَشْهَدُونَ أنْ لا إِلهَ إلاّ اللّهُ وَ أنَّ مُحَمَّداً عَبْدُهُ و رَسُولُهُ وَ أَنَّ الجنَّةَ حَقٌّ وَ النَّارَ حَقُّ

"Siz şəhadət vermirsinizmi ki, Allahdan başqa heç bir məbud yoxdur?! Məhəmməd onun bəndəsi və rəsuludur, behişt və cəhənnəm haqdır?!"

Bu iqrarı almaqda o həzrətin məqsədi nə idi?! Məgər bununla camaatın zehninə hazırlıq yaratmaq istəmirdimi ki, sonralar Əli üçün sübuta yetən məqam və mövqeyin əvvəlki etiqad prinsipləri ilə eyni səviyyədə olmasını başa düşsünlər və bilsinlər ki, onun vilayət və xilafətinə etiqad bəsləmək hamısının əvvəllər etiraf etdiyi üç dini prinsipə iqrar etməklə eynidir?! Əgər "mövla" dedikdə məqsəd "köməkçi" və ya "sevmək" olsaydı, bu cümlələrin arasındakı əlaqə pozular və kəlam özünün möhkəmliyini itirərdi.

Beşinci fakt

Peyğəmbər (səlləllahu əleyhi və alih) xütbənin əvvəlində özünün vəfatından xəbər verir və buyurur:

إِنِّی أُوْشِکُ أَنْ اُدْعٰى فَاُجِیبَ

"Yaxın zamanlarda mən (Allah dərgahına) dəvət olunacaq və bu dəvəti qəbul edəcəyəm."

 

Bu cümlə Peyğəmbərin (səlləllahu əleyhi və alih) öz vəfatından sonra bir çarə fikirləşmək istədiyini, vəfatından sonra yaranacaq boşluğu doldurmaq fikrində olduğunu göstərir. Belə bir boşluğu yalnız hər cəhətdən layiqli və alim bir canişin təyin etməklə doldurmaq olardı ki, həzrətin vəfatından sonra ümmətin işlərini öhdəsinə götürsün. Bundan ayrı məqsəd ola bilməzdi. Vilayət (mövla olmaq) sözü xilafətdən başqa mənaya yozulsa, Peyğəmbərin (səlləllahu əleyhi və alih) kəlamları arasındakı məntiqi bağlılıq tamamilə pozula bilər. Halbuki, o, ən fəsahətli və bəlağətli bir şəxsdir. Vilayət məsələsinə dair bundan da aşkar bir dəlil ola bilərmi?

Qeyd: "Əl-Qədir", 1-ci cild, səh. 26, 27, 30, 32, 33, 34, 36, 47 və 176-ya müraciət edin. Bu mətləb əhli-sünnət mənbələrindəndir:

"Səhih" Tirmizi, 2-ci cild, səh. 298;

"Əl-fusulul-mühimmə", İbn Səbbağ, səh. 25;

"Əl-mənaqibus-səlasə", Hafiz Əbul-Futuh, səh. 19;

"Əl-bidayətu vən-nihayə", İbn Kəsir, 5-ci cild, səh. 209, 7-ci cild, səh. 348;

"Əs-səvaiqul-muhriqə", səh. 25;

"Məcməuz-zəvaid", Heytəmi, 9-cu cild, səh. 165 və s.

 

Altıncı fakt

Peyğəmbər "mən kuntu movlahu" cümləsindən sonra buyurur:

اَللّهُ أَکْبَرُ عَلىٰ إکْمٰالِ الدِّینِ وَ إتْمٰامِ النِّعْمَةِ وَ رِضَى الرَّبِّ بِرِسٰالَتِى وَ الْوِلایَةِ لِعَلىٍّ مِنْ بَعْدِى

"Allah böyükdür! Bu dini kamil etməsinə, öz nemətini tamam və kamal həddinə çatdırmasına, Pərvərdigarın mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə (ümmətə rəhbərliyinə) razı olmasına görə!"

Əgər məqsəd ümmətin həzrət Əlini sevib məhəbbət bəsləməsi, ona kömək etməsi olsaydı, onda Əliyə məhəbbət və dostluq icad etməklə, ona kömək etməklə Allahın dini necə kamil ola və onun neməti son həddinə necə çata bilərdi? Ən aydın bəyan budur: "Allah mənim risalətimə və Əlinin məndən sonrakı vilayətinə razı oldu. Bunların hamısı mövla sözünün xilafət mənasında işlənməsinə dair aşkar sübut ola bilər.

Qeyd: Mərhum Əllamə Əmini hədisin bu hissəsinin mənbələrini 1-ci cild, səh. 43, 165, 231, 232, 233 və 235-də qeyd etmişdir. O cümlədən:

"Əl-vilayə", İbn Cərir Təbəri, səh. 310;

"Təfsir", İbn Kəsir", 2-ci cild, səh. 14;

"Əd-durrul-mənsur", 2-ci cild, səh. 259;

"Əl-itqan", 1-ci cild, səh. 31;

"Miftahun-nəcah", Bədəxşi, səh. 220;

"Ma nəzələ minəl-Quran fi Əliyyin", Əbu Nəim İsfahani;

"Tarixi Bağdad", Xətib Bəğdadi, 4-cü cild, səh. 290;

"Mənaqib" Xarəzmi, səh. 80;

"Əl-xəsaisul-Ələviyyə", Əbul-Fəth Nətənzi, səh. 43;

"Təzkirə", İbn Covzi, səh. 18;

"Fəraidus-simteyn", 12-ci bab

Yeddinci fakt

Şeyxeynin – Əbubəkrlə Ömər, Peyğəmbərin (səlləllahu əleyhi və alih) saysız-hesabsız səhabələri Peyğəmbər minbərdən enəndən sonra gəlib hamılıqla Əlini təbrik etdilər. Bu təbrik mərasimi gün batan vaxta qədər davam etdi. Bundan da aydın dəlil ola bilərmi? Belə ki, Şeyxeyn imam Əlini (əleyhi səlam) təbrik edərək aşağıdakı sözləri deyən ilk şəxslər olmuşdur:

هَنِیئاً لَکَ یٰا عَلِىَّ بْنَ أَبِِی طَالِبٍ أََصْْبَحْتَ وَ أَمْسَیْتَ مَوْلاىَ وَ مَوْلىٰ کُلِّ مُؤْمِنٍ وَ مُؤْمِنَةٍس

"Mübarək olsun, ey Əli! Mənim və hər bir imanlı kişi və qadının mövlası oldun!"

O gün həzrət İmam Əli (əleyhi səlam) hansı bir məqama nail olmuşdu ki, belə təbriklərə layiq görülürdü?! Görəsən, ümmətə rəhbərlikdən və xilafətdən başqa bir məqam idimi ki, o günə qədər rəsmi şəkildə elan edilməmişdi və belə bir təbrikə layiq görülürdü? Təbii ki, məhəbbət və dostluq təzə bir şey deyildi.

Qeyd: "Şeyxeynin" təbrik məsələsindən agah olmaq üçün "Əl-Qədir" 1-ci cild, səh. 270–283-ə baxa bilərsiniz ki, yuxarıda bu hədisin bir hissəsi qeyd olunub.

Səkkizinci fakt

Əgər Peyğəmbərin (səlləllahu əleyhi və alih) məqsədi həzrət Əliyə (əleyhi səlam) qarşı dostluq və məhəbbət olsaydı, bu məsələnin belə qızmar bir havada irəli çəkilməsinin əsla lüzumu olmazdı. (Belə ki, həzrət yüz minlərlə insanlardan ibarət olan karvanı hərəkətdən saxladı və camaatı belə bir qızmar havada, isti qumların və daşların üzərində oturtdu, müfəssəl bir xütbə oxudu.)

Digər tərəfdən, məgər Qurani-kərim bütün inanclı cəmiyyətin üzvlərini bir-birinə qarşı qardaşlığa dəvət etmirmi?! Belə ki, buyurur:

إنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ

"Həqiqətən imanlı şəxslər bir-birinin qardaşıdırlar." ("Hücurat" surəsi, ayə: 10)

Məgər Quran başqa ayələrdə inanclı insanları bir-birinin dostu, himayədarı hesab etmirmi?! Əli də həmin imanlı cəmiyyətin bir üzvü idi, artıq bu dostluğun (xüsusi şəkildə Əliyə qarşı) elan olunmasında – məsləhətin fərz edildiyi təqdirdə – bu qədər müqəddimələrə, xütbə oxumağa ehtiyac yox idi. Bunu Mədinədə də elan etmək olardı. Qəti şəkildə demək lazımdır: məsələ o qədər mühüm idi ki, bu qədər müstəsna müqəddimələrə ehtiyac duyulurdu. Elə müqəddimələr ki, Peyğəmbər-in həyatında misilsiz idi və onun oxşarı heç vaxt görünməmiş, təkrar olunmamışdı.

İnsaf

Qeyd olunan aşkar faktlara əsasən, bir şəxs Peyğəmbərin (səlləllahu əleyhi və alih) məqsədində yəni, müsəlmanların xilafət və rəhbərlik məsələsində şəkk etsə, bu qəribə deyildirmi?! Şəkk-şübhə edənlər öz vicdanlarını necə qane edə bilirlər?! Qiyamət günündə Pərvərdigarın cavabını necə verəcəklər?

Qəti olaraq demək lazımdır ki, əgər bütün müsəlmanlar yersiz təəssübləri, ədalətsiz mühakimələri kənara qoyaraq "Qədir" hədisini yenidən araşdırsalar, gözəl nəticələr əldə edəcəklər ki, bu da müsəlmanların arasında daha artıq vəhdətə səbəb olacaq, İslam cəmiyyəti özünə yeni bir sima alacaqdır. (Qum, İslamı maarif və tədqiqat qrupu-Ayatullah məkarimi şirazi saytı.)

Haqq kiminlədir?

 

Peyğəmbər-in həyat yoldaşları Ümmi Sələmə və Aişə onun belə buyurduğunu nəql edirlər:

عَلِىٌّ مَعَ الْحَقِّ وَ الْحَقُّ مَعَ عَلِىٍّ لَنْ یَفْتَرِقَا حَتَّى یَرِدَا عَلَىَّ الْحَوْضَ

"Haqq Əli ilə, Əli də haqq ilədir. Bunlar "Kövsər" hovuzunun kənarında mənim yanıma gəlincəyə qədər bir-birindən ayrılmazlar."

Bu hədis məşhur əhli-sünnət mənbələrinin çoxunda qeyd olunmuşdur. Əllamə Əmini bu mənbələri dəqiq şəkildə "Əl-Qədirin" 3-cü cildində bir yerə toplamışdır. Bu hədisi Məhəmməd ibn Əbubəkr, Əbuzər, Əbu Səid Xudri və Peyğəmbərin (səlləllahu əleyhi və alih) səhabələrindən bir çoxları nəql etmişdir. ("Əl-Qədir"in 3-cü cildinə bax.)

Məşhur əhli-sünnət müfəssiri Fəxr Razi özünün "Təfsiri kəbir" adlı kitabında – "Həmd" surəsinin izahında yazır: "Əli ibn Əbu Talibə gəldikdə isə, o, "Bismillah"ı ucadan oxuyurdu. Bu məsələ mütəvatir şəkildə sübuta yetmişdir. Hər kəs dinində Əlinin yolu ilə getsə, hidayət olunar. Bunun dəlili də Peyğəmbərin buyurduğu kəlamdır:

اَللَّهُمَّ اَدِرِ الْحَقَّ مَعَ عَلِىٍّ حَیْثُ دَارَ

"Pərvərdigara! Haqqı Əlinin vücudu ətrafında dolandır; Əli necə hərəkət edirsə, onu da elə dövr etdir!" ("Təfsiri Kəbir", 1-ci cild, səh. 205)

 


 

Diqqət: Xəbərdən İstifadə Etdikdə Mənbəyə İstinad Lazımdır!