28 dekabr 2016 - 11:10
Sabirabadda Kərbəlaya piyada gedən müəllim işdən çıxarılıb

"Kərbəlada səfərdə olanda isə eşitdim ki, oktyabrın 14-də məni işdən çıxarıblar. Qayıdanda bildim ki, guya məktəb həmkarlar təşkilatı yığışıb mənim əmək müqaviləmə xitam verib və uzun müddət icazəsiz işdən qaldığım üçün işdən azad edilməyim direktora tövsiyə olunub".

Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonu, Türkəndi kənd orta məktəbinin fizika müəllimi Sahib Rüstəmli 40 ilə yaxındır çalışdığı məktəbdən uzaqlaşdırılıb. Bu xəbəri ona dekabrın 27-də məktəb direktoru Eyvaz Abbasov çatdırıb. Sahib Rüstəmlinin deməsinə görə, onu siyasi baxışlarına görə işsiz qoyublar:

"DİREKTORA TÖVSİYƏ OLUNUB"

«Əslində, məni çoxdan işdən çıxarmaq istəyirdilər. Sadəcə, bunu necə edəcəklərini bilmirdilər. Bu il oktyabrın 3-də Kərbəla səfərinə çıxmalı idim. Lakin sentyabrın 15-də Sabirabad polisi tərəfindən şərlənərək 15 günlük həbsdə saxlanıldım. Onda mənə polisə müqavimət və ictimai asayişi pozma maddəsi ilə ittiham irəli sürülmüşdü. Səfərə çıxacağım tarixi 3 gün geri çəksəm də, bu, bəzi işlərə yetmədi. O cümlədən icazə məsələsi vardı... Yəni mən icazə ilə bağlı yazılı ərizəni şəxsən direktor Eyvaz Abbasova verdim. Amma ərizəyə cavabı gözləyə bilmədim.

Ancaq direktora ərizə yazmazdan əvvəl Sabirabad Təhsil Şöbəsinin müdiri Pəhləvan Qarayevin yanında olub ona səfərə gedəcəyimi demişdim. O da direktorun adına ərizə yazmağı tapşırmışdı. Belə də etdim. Səfərdə olanda isə eşitdim ki, oktyabrın 14-də məni işdən çıxarıblar. Qayıdanda bildim ki, guya məktəb həmkarlar təşkilatı yığışıb mənim əmək müqaviləmə xitam verib və uzun müddət icazəsiz işdən qaldığım üçün işdən azad edilməyim direktora tövsiyə olunub».

Sahib Rüstəmli deyir ki, bundan sonra o, məsələyə özünün iştirakı ilə baxılmasını tələb edib. Növbəti yığıncaqda 32 üzvdən 28-i iştirak edib və hər biri direktorun adına ayrıca ərizə yazaraq müəllimin işə bərpasını xahiş edib.

S.Rüstəmli məsələ ilə bağlı rayon təhsil şöbəsinin müdiri ilə birlikdə rayon icra hakimiyyəti başçısının qəbulunda da olub. Deyir, başçı da Pəhləvan Qarayevə məsələni müsbət həll etmələrini tapşırıb. Müəllim müsbət qərar gözlədiyi halda, dekabrın 27-də işdən çıxarılması xəbərini eşidib və məyus olub.

Sahib Rüstəmli işdən çıxarılmasını siyasi fəaliyyəti, AXCP üzvü olması və sosial şəbəkələrdə fəallığı ilə bağlayır: «Mənə dəfələrlə xəbərdarlıq edilmişdi. Bu ilin əvvəli bir neçə dəfə polisə çağrılmışam və məndən tələb ediblər ki, siyasi və Facebook fəaliyyətimə son qoyum. Mən xəbərdarlıqları qəti şəkildə rədd edəndən sonra oğlumu avtoxuliqanlıqla şərləyərək 20 sutka həbsdə saxlayıblar. Bu dəfə ziyarətə yollanmağımdan istifadə edib məni işdən çıxarmaları isə mənəvi pis təsir etdi».



Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Tags