22 sentyabr 2014 - 17:38
Hacı Mövsüm Səmədov "kars"-a salındığı üçün aclıq elan edib?

Vəkili Anar Qasımlı: “Xəbərin mənbəsi dəqiqdir. Amma mən ona istinad edib deyə bilmərəm. Belə bir məlumat mən də eşitmişəm. Dəqiqləşdirməyə çalışıram.”

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İslamazeri.az-ın redaksiyasına AİP lideri Hacı Mövsüm Səmədovun yenicə köçürüldüyü 12 saylı CÇM-də cərimə kamerasına salındığı və buna etiraz olaraq aclıq aksiyasına başladığı barədə məlumat daxil olub.

12 il həbsə məhkum edilmiş AİP liderinin ailəsi Azərbaycanda olmadığından məlumatı ailəsi ilə dəqiqləşdirə bilmədik.

Məlumatı dəqiqləşdirmək üçün Hacı Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxladıq. Vəkil bildirdi ki, hadisədən xəbərdardır: “Mənbəsi dəqiqdir. Amma mən ona istinad edib deyə bilmərəm. Belə bir məlumat mən də eşitmişəm. Dəqiqləşdirməyə çalışıram.”

Ədliyyə Nazirliyinin penitensiar xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən İslamazeri.az-a bildirilib ki, “Biz keçən dəfə də Mövsüm Səmədovun yerinin dəyişdirilməsi məsələsi ilə bağlı bildirdik ki, məhkumun yerdəyişdirilməsi, onun barəsində təsdiq olunan tənbeh tədbirləri ilə bağlı pentensiar xidmət cəzanı icra edən orqan olaraq məlumat vermək hüququna malik deyil. Cəza icra məcəlləsinin 16-cı maddəsi bunu bir başa qadağan edir. Bu xəbərlər məhkumun özünün razılığı ilə onun yaxın ailə üzvlərinə və vəkilinə bildirilir.”

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər