2 iyul 2014 - 08:58
Azərbaycan Rusiyanı seçdi

ATƏT Parlament Asambleyasının 23-cü plenar sessiyasında Rusiyanın təklif etdiyi qətnaməni Ermənistan və Azərbaycan Respublikası eyni mövqedən çıxış edərək, dəstəklədi, ABŞ-ın Rusiya əleyhinə qətnaməsi isə rəsmi Bakı tərəfindən bitərəflik nümayiş olundu.

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən,ATƏT Parlament Asambleyasının 23-cü plenar sessiyasında Rusiyanın təklif etdiyi qətnaməni Ermənistan və Azərbaycan Respublikası eyni mövqedən çıxış edərək, dəstəklədi, ABŞ-ın Rusiya əleyhinə qətnaməsi isə rəsmi Bakı tərəfindən bitərəflik nümayiş olundu.

APA-nın məlumatına görə, ATƏT-in Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında Rusiyanın müəllifi olduğu “Terrorçuluğa qarşı mübarizə” adlı qətnamə layihəsi müzakirə edilib. Azərbaycan və Ermənistan sənədin lehinə səs verib.

ATƏT PA-nın gündəliyinə bir sıra digər məsələlərlə yanaşı, Ukrayna ilə bağlı məsələnin də salınması idi. ABŞ-ın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, konqresmen Bencamin Kardinin müəllifliyi ilə hazırlanıb və “Rusiya tərəfindən Helsinki prinsiplərinin açıq, kobud və ədalətsiz şəkildə pozulması” adlanan sənəd də müzakirə olundu.

Sənəddə Rusiyanın Ukraynaya münasibətdə “Helsinki prinsipləri”ni, o cümlədən Ukraynanın ərazi bütövlüyünü və suverenliyini açıq, kobud və ədalətsiz şəkildə pozması pislənir. Eyni zamanda Ukraynanın ərazi bütövlüyü və müstəqilliyinə dəstək ifadə olunur və ATƏT ölkələrindən beynəlxalq platformalarda Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək istənilir.

Sənəd layihəsi barədə danışan azərbaycanlı deputat vitse-spiker Bahar Muradova, Ukrayna böhranının bir səbəbini də məhz ATƏT-in vaxtında Qarabağ məsələsinə yetərli diqqət ayırmaması ilə əlaqələndirib və Rusiyanı təcavüzkar bir dövlət adlandırmaqdan çəkinərək, bir daha Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.

Çıxışlardan sonra qətnamə layihəsi bənd-bənd səsə qoyulub və sonda bütövlükdə Rusiya əleyhinə qətnamə qəbul edilib. Qətnamə layihəsi səsə qoyulub və lehinə 92 səs, əleyhinə 30 səs, bitərəf 27 səs olmaqla, qəbul edilib. Yekun səsvermə zamanı bəzi xəbərlərə görə, Azərbaycan nümayəndələri bitərəf qalıblar.

Politoloq Zəfər Quliyev bildirir ki, üzücü Qarabağ probleminin bəlalarını öz üzərində hərtərəfli hiss edən Azərbaycan faktiki surətdə Amerika qətnaməsini dəstəkləməli idi. Lakin o zaman Bakı yenidən Kremlin sərt reaksiyası və proqnoza yatmayan hədələri ilə üzləşə, uzun müddətə Moskva ilə münasibətlərin pozulmasına risklənə bilər.

APA.az

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

Etiketlər