Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İran İslam Respublikası ilə “altılıq” ölkələri arasında nüvə müzakirələri bu gün günorta radələrində başa çatıb. Danışıqlar aprelin 8-9-da BMT-nin Vyanadakı ofisində mübahisəli məsələlərin həlli məqsədilə baş tutub.
İki gün sürən müzakirələrdən sonra tərəflər yekun razılaşma layihəsinin hazırlanması mərhələsinə daxil olublar. Müzakirələrdə Ərak ağır su nüvə reaktoru, uranın zənginləşdirilməsinin səviyyəsi, sanksiyaların aradan qaldırılması, dincməqsədli nüvə texnologiyası sahəsində beynəlxalq əməkdaşlıq, Cenevrə razılaşmasına uyğun olaraq Birgə Fəaliyyət Proqramındakı addımlar kimi məsələlər əsas müzakirə mövzusu olub. Danışıqlar İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif və Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun rəhbərliyi altında öz işinə başlayıb, daha sonra müavinlər səviyyəsində davam etdirilib. Bundan bir gün əvvəl M.C.Zərif və K.Eşton işgüzar şam yeməyində bir araya gələrək ikigünlük danışıqların əsas mövzularını təyin ediblər.
Eyni zamanda İran İslam Respublikasının xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı, ABŞ dövlət katibinin müavini Vendi Şerman, həmçinin Rusiya və Çin nümayəndələri ilə görüşüb. Bundan başqa, İran İslam Respublikası ilə İngiltərə arasında da ikitərəfli nüvə müzakirələri keçirilib. Eyni zamanda İran İslam Respublikası ilə “altılıq” ölkələri Cenevrə razılaşmasının qüvvəyə minməsinə maneə törədən amillərin müəyyənləşdirilməsi və aradan qaldırılması məqsədilə müştərək komissiya yaradıblar.
Daha sonra İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif Avropa Birliyinin (AB) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonla birgə keçirdiyi mətbuat konfransında bildirib ki, tərəflər yekun razılaşmanın əldə olunması istiqamətində danışıqlar aparmaq üçün mayın 13-14-də Vyanada bir araya gələcəklər.
ABNA- Xəbər Agentliyi İRNA və Mehr agentliklərinə istinadla
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır