Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyi- Siyasi bəsirət və agahlıq hər bir cəmiyyət üçün çox mühüm məsələlərdəndir. Bir xalq, xüsusən də onun gəncləri bəsirətli və uzaqgörən olsalar, düşmənin oxları onlara təsir edə bilməz. Böyük Rəhbər Ayətullah Xamenei bu barədə buyurur: “Əgər insanlarda bəsirət olsa, fitnə dumanları onları azdırıb səhvə sala bilməz. Əgər bəsirət olmasa, insanın niyyəti yaxşı olsa da, bəzən yanlış tərəfdə yer alar. Siz döyüşdə yolu tanımasanız, xəritəni bilməsəniz, əlinizdə kompas olmasa, bir də görərsiniz ki, düşmənin mühasirəsinə düşmüş və yolu azmısınız. Bu kompas sözügedən bəsirətdir".
Birinci yazıda siyasi bəsirətin mənası haqda danışdıq. Bəs insan necə bəsirətli ola bilər? Bu bəsirət hansı yollarla əldə olunur və onu necə saxlamaq olar? Bu yazıda bu və digər suallara cabvab verməyə çalışacağıq.
Əvvəla yadda saxlamaq lazımdır ki, bəsirətsizlik insanı əyri yollara və azğınlığa çəkir və belə olan halda atdığı hər bir addım onu uçuruma apararaq əməllərini puça çıxarır. Peyğəmbər (s) bu barədə buyurur: “Elm və bəsirətlə görülən az iş öz-özlüyündə böyükdür, bəsirətsiz görülən çox iş isə əslində kiçikdir”.
Fitnələr zamanı dostu və düşməni tanımağın ən başlıca amili bəsirətdir. Haqq və nahaq bəsirət sayəsində məlum olur. Peyğəmbər (s) bu barədə səhabəsi Əbuzərə “Ey Əbuzər! Allah-Taala insanı xoşbəxt etmək istədikdə ona dində bəsirət, dünyada zahidlik və öz eyiblərinə qarşı agahlıq verər” deyə buyurur.
Bundan əlavə, həzrət Əli (ə) mübariz insanlar üçün bəsirətin çox mühüm olduğuna toxunaraq, Nəhcül-bəlağənin 150-ci xütbəsində buyurur: “Peyğəmbərlə birgə mübarizə aparan həqiqi möminlər bəsirətlə qılınc çəkdilər”.
Burada insana bəsirət, uzaqgörənlik və agahlıq bəxş edən, sayıqlığa səbəb olan bir neçə amili nəzərinizə çatdırmaq istəyirəm:
1) Tarix və onda olan ibrətlərlə tanışlıq
Burada İmam Əlinin (ə) oğlu İmam Həsənə (ə) dediyi sözlər yada düşür. O həzrət məktublarının birində buyurur: "Oğlum! mən keçmişdə yaşamasam da, onların həyatını elə araşdırmış və işlərinə elə agah olmuşam ki, sanki o dövrdə yaşamışam."
Tarix yaxşı və pis ibrətlərlə doludur. Bu səbəbdən insanda bəsirətin artmasına kömək edən amillərdən biri təhrifsiz dünya və xüsusən İslam tarixini mütaliə etmək, hadisələri dəqiq və təəssübsüz araşdırmaqdır.
2) İslam müqəddəslərinin həyat və davranış metodlarını öyrənmək
Tarixə diqqətlə nəzər salsaq, görərərik ki, İslam peyğəmbəri və digər məsumlar həmişə batillə və haqsızlıqla mübarizəyə qalxmış, dövrün zalım hakimiyyəti və fitnəkar qruplar isə, bir-birinin ardınca cəmiyyətdə müxtəlif fitnələr yaratmışlar.
Araşdırmalar göstərir ki, bu mübarizənin az bir hissəsi istisna olmaqla, əksəriyyəti etiqadi və soyuq müharibə olmuşdur. Bu mübarizənin sadəcə kiçik bir hissəsi fiziki müharibə kimi yadda qalmışdır. Bunun üçün də, imamların (ə) davranış metodu və kəlamları insanlara yol göstərən, bələdçilik edən və bəsirətin artmasına səbəb olan ən mühüm amillərdəndir.
3) Quran oxumaq və onun ayələri üzərində təfəkkür etmək
Müqəddəs Qurani-kərim haqq və nahaq məfhumunu müxtəlif şəkillərdə bəyan etmiş və onu tanımağın qaydayarını öyrətmişdir. Odur ki, Qurani-kərim bəsirət əldə eləmək üçün ən optimal vasitə hesab edilə bilər.
4) İslamsünaslıq və ilahi dünyagörüşü
İmam Əli (ə) buyurur: “Haqqı tanısan, onun əhlini də tanıyacaqsan”.
Bəsirət haqqı və onun əhlini tanımaqdan başqa bir şey deyildir. Bəzən insan bu işdə şübhəyə düşür və xüsusən fitnələr zamanı onu müəyyən etmək heç də asan olmur. Bu tanışlığın yolu isə nəfsi tərbiyə etmək, təfəkkür tərzini düzəltmək və qarşıya çıxan olayları bu meyar əsasında araşdırmaqdan ibarətdir. Bu qayda ilə, hətta çətin fitnə zamanı belə haqqı tanımaq və bəsirət əsasında hərəkət eləmək asanlaşar.
Quran baxımından mömin və təqvalı insan dünyada, cəmiyyətdə baş verənləri düzgün dərk edən, onları həqiqətlər əsasında təhlil edən, düzgün yolu tanıyan və bu yol əsasında təsir göstərən şəxsdir.
5) Şəxsiyyət və fərdlərə yox, əsas meyarlara söykənmək
Bu mövzunu digər mətləblərdən ayırmağımıza səbəb onun mühümlüyüdür. Çünki, şəxsiyyətpərəstlik İslam ümmətinin belini qıran amillərdəndir. Şəxsiyyətlər gərək haqla tanınsın, haqq şəxslə yox. Bu məsələ haqqı tanımaq üçün ən mühüm ölçülərdəndir. Amma təəssüflər olsun ki, Azərbaycanda bunun əksini kifayət qədər müşahidə etmək mümkündür.
6) Günün gedişatını izləmək və zamanı tanımaq
Yeni olaylardan, ictimai və siyasi məsələlərdən xəbərdar olmaq həqiqəti anlamaq və fitnədən uzaq qalmaq üçün çox təsirlidir. Necə ki, İmam Sadiq (ə) buyurur: “Zamanını tanıyan insan, haqq kimi cilvələndiriləndirilən fitnələrdən qorunar”.
Əlbəttə ki, təkcə hadisədən xəbərdar olmaq kifayət deyil, bunun kənarında baş verənlərin düzgün təhlili də çox zəruridir.
7) Bəsirət əhlini tanımaq və ona itaət etmək
Mütaliə və araşdırma ilə bəsirət əhlininin xüsusiyyətlərini bilib, bundan sonra dövrün bu xüsusiyyətlərə malik olan şəxsiyyətlərini tapmaq, onun rəftar və əməllərini özümüz üçün meyaq seçməli və siyasi-ictimai təhlillərini diqqətlə izləməliyik.
Böyük Rəhbər Ayətullah Seyid Əli Xamenei həmişə Əlinin (ə) dostu və sirdaşı olan Əmmar Yasiri nümunə göstərir. Azərbaycanımızda da Hacı Mövsüm kimi uzaqgörən, təmkinli və ən əsası, bəsirətli ruhanilərimizi, din alimlərini və ictimai xadimləri buna misal çəkmək olar.
8) Təqvalı olmaq və dünyaya bağlanmamaq
Bu sadaladıqlarımız təqvasız halda baş verərsə, heç bir faydası olmaz.
Təqvasızlıq, Allah lütfünün kəsilməsi ilə nəticələnir, dünyaya bağlılıq isə insanı həqiqətlərdən uzaqlaşdırır. Çünki insan dünyaya bağlı olarsa, həqiqi bəsirəti dərk edə bilmir, bəzi hallarda isə bunu istəmir. Çünki bir sıra hadisələr onun xeyrinə olmayınca dünyasını dininə qurban verməkdə aciz qalır.
Diqqət edin! Əgər İslamın əvvəllərindəki müsəlmanlar mal, məqam, pul, həsəd, qorxu və bir sözlə, dünyapərəstliklərini həzrət Məhəmmədin (s) hidayət yoluna, İmam Əlinin (ə) ədalətinə, İmam Həsənin (ə) haqq axtarışına və İmam Hüseynin (ə) zülm əleyhinə çıxmağına tərcih etsəydilər, bəşəriyyət Allah dininin bu cür zərbələr görməsindən xəcalətli olmazdı. Necə ki, Əli (ə) buyurur: “Dünya sevgisi bütün xətaların köküdür”.
Peyğəmbər (s) bəsirət qazanmağın bir yolu barədə buyurur: “Kim dünyasından keçsə, Allah ona təlimsiz elm və bəsirət verər”.
Həzrət Əlinin (ə) nəzərində bəsirət sahibi
Möminlərin əmiri buyurur: “Hər kəs gərək öz işinin bəhrəsini görsün. Bəsirət sahibi o kəsdir ki, düz və dəqiq eşitsin və düşünsün, sonra düzgün baxsın və agah olsun, sonra ibrət alsın, daha sonra düzgün və işıqlı yolla getsin, uçurumlara düşməkdən və azğın yollarda itməkdən özünü saxlasın, ədaləti bərpa etsin və yolunu azmış insanların haqq əməllərdən və düz sözlərdən səhv tapıb etiraz eləmələrinə şərait yaratmasın".
Bəsirətsizliyin zərərləri
Bəsizrətsiz insan hər hansı bir yolla hərəkət edən, amma özünün də hansı səmtə getdiyindən xəbərsiz olan insan kimidir. Amma təəssüflər olsun ki, özünün də bundan xəbəri yoxdur. Məntiq elmində bu məsələyə “mürəkkəb cəhalət” deyilir. Quranın təbiri ilə desək, bəsirətsizlər heyvanlardan da azğındırlar. Necə ki, Allah-Taala buyurur: “Onların qəlbləri var, onunla anlamazlar, gözləri var, onunla görməzlər, qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır". (Əraf/179)
Peyğəmbər isə buyurur: “Kor gözləri olmayan deyil, bəsirəti olmayandır”.
“Üsuli-kafi” adlı hədis kitabında qeyd olunan bir hədisdə buyurulur: “Bəsirətsiz əməl edən insan yolunu azmış insan kimidir. Nə qədər sürətlə getsə, həqiqi məqsədindən bir o qədər uzaqlaşmış olur”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır