Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Goyçay şəhər icra başçısı Mənsur Məmmədov neçə müddətdir ki, nə şikayətçiləri qəbul edir, nə də ümumiyyətlə, icra hakimiyyətinin binasında görünür.
Sonuncu dəfə icra başçısını görən rayon sakinləri saytımıza maraqlı məlumat da veriblər: “Maraqlıdır ki, başçısı olduğu rayondan ölkədə gündəmi dəyişən belə bir hadisəyə səbəb olan bir əsgər ölüb, amma icra başçısı prezidentin də verdiyi tapşırıqlara uyğun olaraq mərhumun ailəsi ilə maraqlanmayıb. Əksinə olaraq o, Bakıya gedərək rayona polis qüvvələrinin yeridilməsini tələb edib. Artıq bu barəd rayonda ciddi söz söhbətlər də gəzir ki, şəhərin mərkəzində 20-30 adam toplaşan kimi onları polis nəzarətinə götürürlər. Çayxanalar da xüsusi nəzarət altındadır. İcra başçısının təşvişinə ciddi əsaslar da var.
Yəni o Bakıya gələrək polis qüvvələri tələb etməsinin səbəbi onun rayonunda ciddi sosial narazılıqların olmasıdır. Amma o, paytaxta gələrkən təklifini onunla əsaslandırıb ki, Bakıda olacaq aksiya ilə paralel Göyçayda da müsavatçılar Vidadi İsgəndərlinin təşkilatçılığı ilə aksiya təşkil edərək İsmayıllı hadisələrinin oxşarını yaradacaqlar. Təsəvvür edin ki, bu adamı heç vaxt yerində tapa bilmirik. Heç bir sosial problemlərimizlə maraqlanmır. Üstəgəl Göyçayda olan iş adamları, kiçik sahibkarlardan vaxtaşırı müəyyən adlarla pul da yığılır. Bu pulların hara və hansı məqsədlə getdiyi də hər kəsə məlumdur”.
Sakinlər deyirlər ki, özbaşınalıq və dərdlərimizi deməyə adam tapmamağımız bu şəkildə davam edərsə İsmayıllıda baş verən olayların Göyçayda da olması qaçılmazdır: “İcra hakimiyyətinə gedəndə ikinci dərəcəli şəxslər qarşılayaraq başçının rayonda olmadığını deyib problemlərimizi qulaqardına vururlar. Sahibkarlar deyirlər ki, hal hazırda rayonda hər şey icra başçısına məxsusdur. Yəni, daşı-daş üzərinə qoyduqda belə onun xəbəri olmalıdır. Xəbəri olanda isə yüksək məbləğdə rüşvət tələb edir. Ona görə də yerli sahibkarlar artıq qonşu rayonlara üz tutublar. Qısası rayonda yoxsul da varlı da hər kəs icra başçısının əlindən cana doyub. Yaxın günlərdə icra başçısının Novruz şənlikləri ilə əlaqədar camaat arasında görməsəniz təəccüblənməyin”.
Maraq üçün bildirək ki, Ziya Məmmədovun adamı olan Mənsur Məmmədovun sakinlərin şikayəti ilə maraqlanmaması və rayona nəzarəti öz “qanun”ları ilə həyata keçirməsi haqda faktlar ilk dəfə deyil ki, mətbuata çıxır.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır