Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən Demokrat və İslam partiyaları rəhbərlərinin görüşü keçirilib.
ADP-dən verilən məlumata görə, görüşdə ictimai-siyasi vəziyyət, konstitusion azadlıqlar, oktyabrda keçirilməsi planlaşdırılan prezident seçkisi, müxalifətdaxili əməkdaşlığın istiqamətləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. ADP-ni partiya sədri Sərdar Cəlaloğlu, İdarə Heyətinin üzvləri, AİP-i isə sədr əvəzi Elçin Manaflı və sədr müavini Akif Heydərli təmsil ediblər.
“Media forum” saytına açıqlama verən Akif Heydərli prezident seçkisi ərəfəsində siyasi partiyalarla görüşlərin davamı olacağını bildirib: “Bu görüşlər siyasi qurumların mövqe və seçkiyə münasibəti zəminində keçirilir. Əvvəllər də iki partiya arasında görüşlər baş tutub, bir sıra aktual məsələlər müzakirə predmetinə çevrilib. Amma sonuncu görüş sırf prezident seçkisinə hazırlıqla bağlı təşkil edilib. İki partiya arasında gələcək perspektivlər birgə araşdırılır. Bütün imkan və perspektivlər, ideoloji və siyasi xətlər nəzərə alınmaqla hansısa qərar qəbul edilə bilər”.
Akif Heydərli İslam Partiyasının prezident seçkisinə ciddi hazırlıq işləri apardığını vurğulayıb: “Partiya sosial bazasına arxalanaraq seçkiyə təsir gücünə malikdir. Gələcək dövlət rəhbərinin kimliyi, onun ictimai-siyasi həyatdakı neqativ halları, narazılıqları, sosial problemləri aradan qaldırmaq yolunda fəaliyyəti İslam Partiyasının da marağında olan məsələlərdir”.
Partiya sədrinin müavini qeyd edib ki, AİP seçki ilə bağlı üç variantdan istifadə edə bilər: “Partiyadan namizədin irəli sürülməsi, tələblərimizə uyğun gələn hansısa namizədin dəstəklənməsi və ya boykot. Amma hələ ki, bu məsələlərin heç biri haqqında konkret qərar qəbul edilməyib. Öncə bir sıra siyasi qurumlarla görüşlərin keçirilməsi, müzakirələrin aparılması zəruridir. İslam Partiyası müzakirələrə və əməkdaşlığa hazırdır”.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır