28 yanvar 2013 - 20:30

İvanovka sakinləri dərdlərini Putinə də yazdılar

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndinin sakinləri Azərbaycanın Rusiyadakı və eyni zamanda Rusiyanın Azərbaycandakı səfirliyinə, habelə hər iki ölkənin prezident adminstrasiyasına müraciət ediblər. Bu barədə bu gün bir sıra Rusiya KİV-i, o cümlədən “Pravda.ru”, “Bolşoy Kafkaz”, “Russkiy den” portalları xəbər yayıblar.

Rusiya KİV-in məlumatına görə, Azərbaycanda yeganə kolxoz qruluşunun olduğu və rusların kompakt yaşadığı İvanovka kəndinin sakinləri yerli hakimiyyəti onların torpaqlarını zəbt etməkdə, rüşvət və korrupsiyada ittiham ediblər.

Müraciətdə kənd sakinləri yazıblar ki, nəinki İsmayıllıdan, hətta Bakıdan da gəlib uzun illər onlara məxsus olan torpaqlarda villlalar, turizm və əyləncə mərkəzləri tikirlər.

Məktubda qeyd olunur ki, İvanovka sakinləri dəfələrlə Bakıda Prezident adminstrsiyasında olub rəsmilərlə görüşmək istəyiblər. Amma onların şikayətlərinə heç kim qulaq asmayıb.

İvanovkalılar rayonda rüşvət və korrupsiyaya son qoyulmasını tələb etməklə yanaşı torpaqlarını da məmur işğalından azad olunmasını tələb edirlər. Onlar elə beləcə də yazırlar: “Bura bizim vətənimizdir. Biz vətənimizdən didərgin düşmək istəmirik”.

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır