Allahın adı ilə!
Şeytansifət Salman Rüştü əlinə qələm alıb cızma-qara eləyib qaçdı mənəvi atalarının yanına ki, axşam evə əliboş getməməsi üçün zəhməthaqqı alsın. “Şeytan ayələri” cızma-qarasında Allahı, İslamı təhqir etdiyi üçün mürtəd oldu və mərhum İmam Xomeyni (r.ə) onun haqqında ölüm fətvası verdi. (Mürtədin cızma-qarasına kitab, əsər demək ədəbiyyata, mədəniyyətə təhqir olar.) Daha sonra mürtəd Salman Rüştü qaçıb ingilislərə sığındı, ingilislərin və sionistlərin gözündə əziz bir insan oldu, hətta, “cəngavər” tituluna layiq görüldü.
Daha sonra Rafiq Tağı meydana çıxdı. O da bir cızma-qara edib sələfi Salmanın yoluyla getdi. Onun da barəsində mərhum Fazil Lənkərani (r.ə) ölüm fətvası verdi. O isə qaçıb sığına bilməmiş küçədə bıçaqlandı. Bu faili-məchul qətl hələ də, araşdırılır (vallah, deyilənə görə araşdırılır, dərinliklərinə qədər xəbərim yoxdur.)
Salmanlar da, rafiqlər də, həm Allahın, həm də, müsəlmanların nifrətini kifayət qədər qazanmış oldular.
Bir ara eşitdim ki, bir nəfər özünü filosof elan eləyən şəxs də, yaman təhdid dolusu məktublar alırmış və nəhayət qaçıb ölkədən.
İndi isə təzə xəbər var. Mətbuatda yazılanlara görə, Meydan Hərəkatının qəhrəmanlarından, Milli Azadlıq Hərəkatının hamilərindən olan şair Sabir Rüstəmxanlının sədri olduğu Vətəndaş Həmrəyliyi Partiyası, öz sədrinin, yəni, Sabir Rüstəmxanlının mühafizəsinin və təhlükəsizliyinin təmin edilməsi üçün hökümətə müraciət edib. Özü də, nəinki DİN-ə, hətta, prezidentə belə müraciətdə bulunublar.
Sabir Rüstəmxanlı Azərbaycan xalq şairidir, millət vəkilidir, Azərbaycan Xalq Cəbhəçi Partiyasının qurucularından və Milli Azadlıq Hərəkatının liderlərindən biridir. Həm də, DAK-ın (Dünya Azərbaycanlıları Konqresinin) üzvüdür. Hətta, 2003-cü ildə prezident seçkilərinə namizədliyi öz partiyası tərəfindən irəli sürülmüşdü.
Sabir Rüstəmxanlı da, şairdir, ədibdir, kitabları işıq üzü görür. O, salmalar, rafiqlər kimi dini, Allahı təhqir edən cızma-qaralar etmir. Amma, dediyinə görə onu təhdid edirlər, özü də, Salman Rüştü və Rafiq Tağının fətvası verilən ölkədən – İrandan. Bir də, onun təbirincə desək, “bir neçə il öncə Nardaranda İrana bağlı müəyyən dairələr“ onun haqqında ölüm fətvası verib.
Mən imanımı yandırıb bu barədə nəsə deyə bilmərəm, amma onu bilirəm ki, Sabir müəllim ölüm fətvası vermənin kimlərin səlahiyyəti çərçivəsində olduğunu bilmir, ya da unudub. Qətli vacib olanlar hansı şəraitdə buna layiq olurlar, onların ölüm fətvasını kimlər verir və başqa bu kimi məsələlər ətrafında maraqlanması onun üçün faydalı olar.
Sonuncu dəfə bir millət vəkili kimi Sabir müəllimdən hərbi xidmətdəki vəziyyətdən, nazirliyin əsgərlərə baxmamasından, onların aqibətinə biganə yanaşmasından şikayət etməsini mətbuatdan oxumuşam. Hər deputatın cavabı anidən gələn bizim məmləkətdə, onun hərbimiz barədə dediklərinə də, anidən cavab verilmişdi.
İndi məni bir sual düşündürür: İran tərəfindən təhdid edildiyini qənaət edən Sabir müəllimin bu müraciətini necə anlayaq? Yoxsa bu, özünüreklamdırmı? Həmrəylik günü ərəfəsində həmrəylikçi Sabir müəllim özünü reklammı edir? Yoxsa ABŞ, Avropa kimi supergüclərdən çəkinməyən, qorxmayan İran üçün özünü potensial təhlükəmi bilir? Sabir Rüstəmxanlı İran üçün təhlükədirmi?
Milli Azadlıq Hərəkatı istisna olmaqla bircə dəfə də olsun Sabir müəllimi xalqın etiraz aksiyalarında gördüyüm, eşitdiyim yadıma gəlmir. Hə, yadıma düşdü... İran əleyhinə İran səfirliyi, konsulluğu önündə keçirilən aksiyalar xaric. Bu aksiyalarda o iştirak da edib, kəskin fikirlər də, söyləyib.
Sabir Rüstəmxanlının sədri olduğu partiyanın adındakı “h” hərfi “həmrəylik” mənasındadır, yəni vətəndaş həmrəyliyi. Bunu da nəzərə alıb, onun üzv olduğu Milli Məclisdə Azərbaycan və İran vətəndaşlarının sadələşdirilmiş sərhəd gediş-gəlişləri memorandumu ləğv edildikdə, gözləyirdim ki, birinci Sabir Rüstəmxanlıdan etiraz gələr. Axı, o İrandakı otuz beş milyonluq soydaşımızı sevir. Amma, bu barədə onun hər hansısa etirazına rast gəlmədim. Həmrəyliyimizə “yaxşı hörmət qoyan” Məclis üzvləri həmrəylik gününə yaxın öz sevgi və sayqılarını bu cür ortaya qoydu. Bu, öz yerində...
Bəs görəsən, etiraz aksiyalarında sözü bir yerə qoyub həmrəy olan vətəndaşların təşkil etdikləri aksiyalarda – heç demirəm “iştirak edibmi?” – bircə dəfə də olsun orada polislərin yerlə sürüyüb apardıqları kişilərdən, qadınlardan danışıbmı Vətəndaş Həmrəyliyi Partiyasının sədri? (Həmçinin, Azəri Türk Qadınlar Birliyinin sədri - Sabir Rüstəmxanlının həyat yoldaşı bircə dəfə aksiyada dörd-beş polisin sürüyüb apardığı, hörmətsizlik etdiyi azəri-türk qadınlarından danışıbmı? Bu da maraqlı sualdır!)
İndi də gələk sözü gedən hədəyə...
Mən burada Sabir Rüstəmxanlının İran əleyhinə danışdıqlarından, yazdıqlarından, bəyanatlarından və s. danışmayacağam. Amma, hədə-qorxu ilə bağlı bir nöqtəyə toxunmasam, olmaz. Mənim üçün maraqlıdır, görəsən, kim-kimi təhdid edir? Daha çox Sabir müəllim tərəfindən pislənən İran, onun hansısa müctəhidimi və ya nazirimi, deputatımı Sabir müəllimi təhdid edir, yoxsa Sabir müəllim İranın hansısa rəsmisini hədələyir? İndi aydın olar!
Sabir müəllimin İranın Ali Dini Lideri Seyyid Əli Xamenei cənablarına yazdığı bir məktub var. O məktubun ən axırıncı cümləsinə fikir verin, məktub bu cümlə ilə sona çatıdr: “Bu millətdən və Allahdan qorxun!” Bu cümləni başqa dövlətin - ən balaca adamından tutmuş ən böyük şəxsinə qədər – hər hansısa bir adamına ünvanlamaq zənnimcə heç bir hünər tələb etmir. İndi bu cümlənin möhtəvasına baxın. Əgər Sabir müəllim bu cümləni hünər göstərib - demirəm Azərbaycan Respublikasının başçısına - Prezident Aparatının rəhbəri haqqında belə, söyləmiş olsaydı, xalqı hakimiyyət əleyhinə qaldırmaqda, dövlət çevrilişinə cəhd etməkdə ittiham edib Sabir müəllimə həbs edərdilər. O ki, qaldı Prezidentdən də yüksək kürsüdə əyləşən bir şəxs – Ali Dini Lider haqqında bu sözləri işlədəsən. Bir dövlətin rəhbərini bu cür hədələmək onun xalqını hədələmək mənasına gəlmirmi? Bu sözlər çox ağır sözlərdir və əməlli-başlı içində hədə-qorxu yükü var.
Sadəcə Sabir müəllim elə zənn edir ki, o bu məktubu yazmaqla və ya ümumiyyətlə İran əleyhinə danışmaqla bütün dünya Azərbaycanlılarının, türklərinin rəğbətini qazanır və onların qəhrəmanına çevrilir. Bəlkə, düşünür ki, belə etməklə orada yaşayan soydaşların dilindən danışır və haqlarını qoruyur. Amma, unudur ki, Azərbaycanın daxili problemlərini işıqlandırmayıb, haqsızlıqlara göz yumub, buradakı doqquz milyonun dərdindən yazmaq, danışmaq əvəzinə oradakı otuz beş milyonun dərdinə yanmaq, Qarabağdan danışmayıb Urmiyadan, oradakı Azərbaycan torpaqlarından danışmaq hünər, haqtələblilik deyil.
Mənim subyektiv fikrim budur ki, daxili problemlərə göz yumub İrandakı soydaşların haqqını tələb etmə kimi bir mövqey ortaya qoymaq ən böyük haqsızlıqlardan biridir. Məlum məsələdir, Azərbaycanda İran səfirliyi önünə toplaşmaq “sərbəst toplaşma azadlığı” hesab edilir və orada toplaşıb bəyanatlar yayanlar “Azərbaycanın dərdinə yananlar” hesab edilirlər. O da məlumdur ki, İranda türk dili və oradakı otuz beş milyon insanın haqqında danışmaq “qabağa düşmək üçün” yaxşı məqamdır.
Amma, kaş ki, mənimlə bir neçə saatlıq söhbət edən ərdəbilli soydaşımız olan qoca bir kişiylə Sabir müəllim də, bir neçə dəqiqə danışardı. Görərdi ki, o kişi Xamenei cənablarına necə hörmət edir, O cənabı özünün ağsaqqalı, rəhbəri, xilaskarı hesab edir. Cənab Xameneinin adı gələndə necə gülümsünür, nitqində o cənabı necə əzilmiş, məzlum xalqın hamisi kimi qələmə verir. Həmin kişi də bir türkdür, oradakı otuz beş milyondan biridir. Və yaxud da, Sabir müəllim, Cənab Xameneinin ziyarət etdiyi torpaqların (o torpaqlar ki, orada türklər yaşayır) sakinləri tərəfindən necə sevildiyini, salavatlarla qarşılandığını bir dəfə canlı izləsin.
Bu dəqiqə İran, İran Dini Lideri haqqında müsbət fikir söyləyənləri “İran agenti”, “İrana işləyən” adlandırırlar. Bu məntiqlə çıxış edəsi olsaq, İran və İran rəhbərliyi əleyhinə pis sözlər danışan, mənfi fikir formalaşdıran insanlar da, sionist İsrail agenti olmalı və onlara xidmət etmiş olmalıdırlar. Mən demirəm ki, Sabir müəllim sionistlərə işləyir, onların agentidir və yaxud da, sionist səfirliyindən bağlama-hədiyyə və s. alıb onların əleyhinə yazır, danışır, İslam və müsəlmanları qorxunc, vahiməli göstərməyə çalışır... Amma, bütün bunlar haqqında cidd-ciddi düşünmək lazımdır.
Bir də xatırlatmaq istərdim ki, İrandakı otuz beş milyonluq xalqın hüquqlarının tapdanmasından danışan Sabir müəllim, görəsən ABŞ-ın indiki prezidentinin ikinci dəfə seçilməsi münasibətiylə təbrik etməsi və təbrik mesajında farslardan, İrandakı soydaşlardan, onların hüquqlarından danışması nə səbəbə görədir? Məgər, ABŞ həmin ölkə deyilmi ki, 21-ci əsrdə iki böyük işğala imza atdı, Əfqanistan və İraq ölkələrini işğal etdi, xalqına divan tutdu, haqlarını qəsb elədi.
Onu da xatırlatmaq istərdim ki, əgər, Sabir Rüstəmxanlı özünü məlum mübarizəsinə həsr edibsə, ömünün sonuna qədər İranla mübarizə aparmağı qarşısına məqsəd qoyubsa, bu, onun idealı, müqəddəs amalı, sarsılmayan əqidəsidirsə, o zaman niyə mühafizə olunması üçün müraciət ünvanlanıb? Əgər, o mübarizəni haqlı mübarizə sayırlarsa, qoy şəhid olsunlar haqq uğrunda, İrandakı soydaşların hüquqlarının qorunması yolunda. Kİmlərinsə gözündə daha da əbədiləşərlər, İranı daha da nüfuzdan salmış olarlar.
VHP-nın nizamnaməsində “Partiyanın məqsədi” başlığı altında qeyd edilən ikinci maddənin birinci bəndində qeyd olunub: “Vətəndaş Həmrəyliyi Partiyasının əsas məqsədi Azərbaycan Respublikasında müstəqil, demokratik, dünyəvi, hüquqi dövlətin qorunması, azad vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi məqsədi ilə ətrafında milli, irqi, dini mənsubiyyətindən, sosial mənşəyindən asılı olmayaraq bütün təbəqələrdən olan Azərbaycan Respublikasının vətəndaşlarını birləşdirməkdən ibarətdir.”
Bəs, bu günkü Azərbaycan nə dərəcədə müstəqildir, demokratikdir, hüquqidir? Bu ölkədə bu gün demokratiyaya, hüquqa, qanuna əməl olunurmu? Və yaxud da, müstəqilliyimizə qovuşmuşuqmu, ərazibütövlüyümüz bərpa edilibmi ki, onu qoruyaq da. Bax, bu haqda danışın Sabir bəy!
Düzdür, ölkədaxili problemlərdən danışmayıb xarici ölkələrdəki soydaşlarımızın dərdini çəkənlər barəsində deyiləsi çox sözüm var. Xüsusən də, Sabir müəllimin barəsində. Amma, sözü çox uzatmaq istəmirəm.
Sonda bir sual ünvanlayıb, sözümü bitirirəm. Görəsən, iki şəxs gəlib Sabir müəllimin partiyasına “bizim haqlarımız tapdalanır, haqlarımızı müdafiyə edin”- deyə, müraciət etsə, bu partiya birinci hansı şəxsin haqlarını müdafiə edər: İran azərbaycanlısının, yoxsa Azərbaycan vətəndaşı olan rusun? Bu sualın cavabı mənim üçün çox maraqlıdır.
Qasımbala Səfərov
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır