Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İlk baxışdan Azərbaycanda cəmiyyətin müqavimət gücünün yetərli olmaması inqilab versiyasını gündəmdən çıxardır. Lakin “ərəb baharı” da göstərdi ki, demokratik təsisatların məhv edildiyi ölkələrdə hər an inqilab baş verə bilər. Bunun üçün bəzən bir qığılcım kifayət edir.
Misirdə 25 yaşındakı bir işsizin özünü yandırması, Qahirədə daha bir şəxsi - vəkili eyni addımı atmağa ruhlandırdı. Bunun ardınca daha 2 fəhlə də eyni hərəkəti təkrarladı və yüz minlərlə insan, Hüsnü Mübarək diktatorluğunun manqurta çevirdiyi vətəndaşlar küçələrə axışdı və elə ilk etiraz aksiyasında 200 nəfər həbs edildi. Lakin nümayişlər səngimədi, polislə nümayişçilər arasında toqquşmalar dərinləşdi, ikinci mitinqdə 500-dən çox insan həbs edildi. Son nəticədə H. Mübarək diktaturasına son qoydu. Sonradan bu proseslər Yaxın Şərqin digər ölkələrinə yayıldı və diktatorlar bir-birinin ardınca devrilməyə başladı.
“Ərəb inqilabları” zamanı hakimiyyətlərin buraxdığı kobud səhvlərin kökündə bir yanlışlıq dayanardı. Etiraz aksiyalarına o qədər də çox insan toplaşmırdı və mitinq iştirakçılarının ölkədə kardinal dəyişikliklər etmək iqtidarında ola biləcəyinə heç kəs inanmırdı. Vəziyyət onda dəyişməyə başladı ki, ziyalıların bir qismi proseslərə qoşulmağa başladı.
Etirazları nəzərə almayan siyasi liderlərin sonu ürəkaçan olmur.
Yaxın Şərq üçün keçərli olan səbəblər Azərbaycanda da mövcuddur. Ali məktəbləri yenicə bitirmiş gənclərin işlə təmin olunması get-gedə ciddi problemə çevrilir. Hakim ailənin iqtisadiyyatı tam nəzarətə götürməsi insanların kəskin etirazına səbəb olur, pulların bölünməsində digər ailə və qruplar kənarda saxlanılır. Ən müxtəlif qrupların maraqlarının get gedə sıradan çıxarılması etirazların miqyasını böyüdür.
Maraqlıdır ki, inqilaba qədər Yaxın Şərqdə islamçıların revanş şansını az dəyərləndirirdi. Çoxları hesab edirdilər ki, məsələn, Tunis kimi dünyəvi ölkədə siyasi islamdan söz belə açıla bilməz. Lakin proseslərdə islamçılar əsas qüvvə kimi çıxış etdilər.
Yaxın Şərq inqilablarının uğurunun xarici amillərlə bağlı olduğunu yazmışdıq. Lakin qeyd edək ki, burada daxili amillər də mövcuddur. Azərbaycanda inqilabın reallaşa bilməsinə inamın azlığı bir çox amillərlə yanaşı, əsas oyunçuların - müxalifət liderlərinin pərakəndəliyi ilə yanaşı cəmiyyətin proseslərdən kənarda qalması ilə bağlıdır.
Əslində, inqilab modeli insanları, protest elektoratını öz gücünə və qələbəyə inandırmaqdan keçir. Lakin intriqa və çəkişmələrin davam etməsi protest elektoratını məyusluğa uğradır. Yuxarıda da qeyd etdiyimiz kimi, xalq kütlələrinin nə zaman hansı addımları ata biləcəyini proqnozlaşdırmaq son dərəcə müşküldür. Bu baxımdan, inqilabi şərait yaranarsa, xalq kütlələrinə kimin rəhbərlik edəcəyini indidən söyləmək xeyli çətindir.
Azərbaycanın ən yeni tarixində xalq kütlələrinin liderlərdən dəfələrlə radikal olduğunun dəfələrlə şahidi olmuşuq.
Vurğulayaq ki, 2012-ci ildə Azərbaycanın bölgələrini kortəbii təsir bağışlayan etiraz aksiyaları bürüdü.
Quba, Xaçmaz, Masallı, Gəncədə etirazlar ilboyu davam etdi. Bakıda isə mülkiyyət hüququ pozulan, məmur özbaşınalığından cana yığılan vətəndaşlar kortəbii şəkildə ən müxtəlif etiraz aksiyalarına əl atdılar.
Düzdür, bu proseslər lokal şəkildə həyata keçirildi və əksər hallarda mərkəzi hakimiyyətə qarşı deyil, yerli icra hakimiyyətlərinə qarşı yönəldi, lakin narazılıqların coğrafiyasının artması seçki ilində etirazların bütün ölkəni bürüyə bilməsi ehtimalını irəli sürməyə əsas verir.
Ucqarlardan tutmuş, paytaxta qədər etiraz dalğasının yayılması ölkədə hansısa böyük proseslərə hazırlıq getməsindən xəbər verir. Bəlkə də bu daha miqyaslı sosial partlayışların ilkin nişanələri kimi qəbul oluna bilər.
İstisna deyil ki, etirazlar Prezident Administrasiyası qarşısına da transfer edə bilər.
İl boyu kortəbii şəkildə baş verən xalq etirazları onu sübuta yetirdi ki, vətəndaşlar əksər icra hakimiyyəti başçılarından narazıdırlar. Bu isə narazılıqların bir anın içində sosial partlayışlarla nəticələnə biləcəyinin xəbərçisidir. Bir sözlə, ölkədə inqilab istənilən an baş verə bilər...
Azər Rəşidoğlu
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır