17 dekabr 2012 - 20:30

Sovet hökuməti dağılandan sonra Arazın şimalındakı əhalinin İrandakı qardaşlarına qovuşmaq üçün təlaşları nədən xəbər verir?

Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən İran İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini doktor Mənsur Həqiqətpur Azərbaycan Milli Məclisinə məktub ünvanlayaraq Azərbaycan Respublikası və İran İslam Respublikası vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumun ləğv edilməsinə etirazını bildirmişdir. Məktubun mətni aşağıdakı kimidir:

 

Allahın adı ilə

 

Salam, Azərbaycan Parlamentindəki dostlar, bacı və qardaşlar!

Xəbərlərdən öyrəndim ki, keçmiş tarixi, mədəni ortaqlıqlardan istifadə etməklə və iki ölkə rəsmilərinin diqqət və səyi nəticəsində Azərbaycan və İran hökumətləri arasında sərhədyanı rayonlarda yaşayan hər iki ölkə vətəndaşlarının sadələşdirilmiş qaydada sərhədi keçmələri haqqında memorandumu ləğv etməklə şərafətli, nəcib və əziz Azərbaycan xalqını bu imkandan məhrum etmiş və iki xalqın tarixi intizarı olan mədəni və iqtisadi inkişafına maneçilik yaratmısınız.

Əlbəttə, İran tərəfindən viza rejimi ləğv olunduğundan bizim qədim həmvətənlərimizin hamısı yenə də öz ana vətənləri İrana gələ bilərlər və şübhəsiz ki, İslami İran xalqı və məsulları onları öz isti ağuşuna alacaqdır.

Badkubə Parlamentindəki dostlar!

İki ölkə xalqının mədəni, ictimai və iqtisadi bağlılığı sizin üçün bu qədər dözülməz olub ki, Parlamentin bütün imkanlarını toplayaraq və vaxt sərf edərək gediş-gəlişi ləğv edən qərar qəbul edirsiniz?!

Mənim Badkubəli dostlarım!

Bilirsinizmi, keçmiş sovet hökuməti iki yerə parçalanmış bu millətin əlaqələrinin genişlənməsindən sizdən də artıq nigaran idi, lakin bu əlaqəni qıra bilmədi?

Sovet hökuməti dağılandan sonra Arazın şimalındakı əhalinin İrandakı qardaşlarına qovuşmaq üçün təlaşları nədən xəbər verir?

Xalqın bu mədəni və həqiqi ehtiyacının qarşısını bu yolla ala biləcəksiniz?!

Elə bilirsiniz, qeyri-dini liberal mədəniyyət meydan verməklə xalqı dindarlıqdan və adət-ənənələrindən ayıra biləcəksiniz?!

Azərbaycan Parlamentinin nümayəndələri!

Sizin bu qərarınız məntəqə əhalisinin istək və baxışları ilə uyğundurmu? Unutmayın ki, siz xalqın nümayəndəsisiniz. Bu müsəlman xalqın müqəddəsliklərinə and içmisiniz ki, onların arzularını reallaşdıracaqsınız. Siz sionist və qərb yönlü baxışları özünüzə yol seçməməlisiniz. Yadda saxlayın ki, sonda yenə xalqın ağuşuna qayıtmalısınız. O vaxt xalq sizi onun təmsilçisi olmadığınız üçün rədd edəcək və xalq arasında yeriniz olmayacaq. Əgər Allaha və Qiyamətə etiqadınız varsa, yadınızda qalsın ki, qəbul etdiyiniz hər bir qanun üçün axirətdə Böyük Allah qarşısında cavab verməli olacaqsınız.

Mənim Badkubəli dostlarım!

Öz məntəqənizin imkansız camaatının xeyrinə neçə qərar qəbul etmisiniz?

Mənim Badkubəli dostlarım!

Qarabağın azad olunması və qaçqınların öz yurdlarına qayıtması üçün bir qərar qəbul etmisinizmi?

Azərbaycanda ədalətin bərpasına kömək edən bir qərarınız varmı?

Bəzilərinin ağlasığmaz qanunsuz gəlirlər əldə etməsi, bunun müqabilində xalqı mövcud imkanlardan məhrum edən çirkli pulyuma ilə mübarizə üçün bir qərar qəbul etmisinizmi?

Azərbaycan Parlamentinin nümayəndələri!

İndiyə kimi dünya məzlumlarının müdafiəsi məqsədilə bir bəyanat, yaxud qərar qəbul etmisinizmi? Məsələn, Fələstin, Suriya, Myanmar məzlumlarının müdafiəsi üçün nə etmisiniz? Əgər bu barədə bir iş görmüsünüzsə, Allah qüvvət versin. Onun bir nüsxəsini Tehran Parlamentinə göndərin ki, istifadə edilsin. Əgər bir iş görməmisinizsə, nə üçün?

Mənim dostlarım, bilin! Dünya Allahın məhzəridir. Siz Allahın hüzurundasınız və O sizin bütün əməllərinizi görür. Böyük Allah xalqın haqqını qəsb edən zalım və təcavüzkarları Qiyamət günü mütləq cəzalandıracaq.

İnsanları öz ideoloji və ictimai məqsədlərinə çatmaqdan məhrum etmək onlara böyük zülmdür.

 

Mənsur Həqiqətpur

 

 

Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır